Əflatun AMAŞOV: Bakı-Tbilisi-Qars dəmir yolundan ölkəmizin maliyyə dividendləri kifayət qədər böyükdür

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ölkəmizdə böyük tarixi hadisə kimi qiymətləndirilir. Bu da təsadüfi deyil. Çünki bu dəmir yolu bir tərəfdən Türkiyənin Qafqaz və Orta Asiya ölkələri ilə 1993-cü ildən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən kəsilmiş dəmir yolu əlaqələrini bərpa edir, Azərbaycanın Gürcüstan üzərindən Türkiyə ilə birləşdirilməsini təmin edir, digər tərəfdən,  Anadolu və Cənubi Qafqaz, Orta Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşir və “Marmaray” layihəsi ilə birlikdə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələri bir-birinə bağlanmış olur. Layihə, eyni zamanda, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inteqrasiyası proseslərinə böyük töhfə verəcək və ayrı-ayrılıqda hər bir ölkəyə müəyyən iqtisadi mənfəət bəxş edəcək. Layihənin əhəmiyyəti haqqında danışan Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib:

– Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, ümumilikdə regionun həyatında son dərəcə böyük əhəmiyyətə malikdir. Əlbəttə, ölkəmizin bu layihədən əldə etdiyi dividendlər çoxdur. Maliyyə dividendləri kifayət qədər böyükdür və bu, hər birimizi sevindirir. Ancaq ən çox sevindirici məqam ölkəmizin, şəxsən Prezident İlham Əliyevin maneələrə baxmayaraq bu nəhəng ideyanı gerçəkləşdirmək əzmidir.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi Azərbaycanın və bütövlükdə regionun həyatında necə böyük hadisədirsə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı da eyni dərəcədə əhəmiyyətli hadisədir. Ümummilli lider Heydər Əliyev 22 il öncə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ideyasını reallığa çevirməklə çar Rusiyasının, sonra isə Sovet İttifaqının mövcudluğu ilə formalaşmış siyasi-iqtisadi stereotipləri sıradan çıxarmış, Azərbaycanın timsalında bölgənin dünyaya açılan pəncərə statusunu formalaşdırmışdı. Bu status regionun beynəlxalq aləmdəki rolunu vurğulayan tarixi ənənələrin bərpası idi.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti də tarixi böyük İpək Yolunun mühüm tərkib hissəsidir. Buna görə qətiyyətlə demək olar ki, Azərbaycan yenə tarixi ənənələrin bərpasına öz töhfəsini verməkdədir. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini gerçəkləşdirməklə mürəkkəb geosiyasi oyunların getdiyi hazırkı dövrdə dünya düzəninə yeni siyasi-iqtisadi şərtləri təqdim edir. Bu təqdimat Azərbaycanın, ümumilikdə Cənubi Qafqaz da daxil olmaqla Xəzər və Orta Asiya coğrafiyasının sülh və sabitlik təminatıdır.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında