Bir vaxtlar xəyal olan BTQ gerçəkləşdi

Müsahibimiz Qars şəhərinin bələdiyyə başqanı Mürtəza Qaraçantadır

Bu günlərdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun möhtəşəm açılış mərasiminin baş tutması nəinki Azərbaycan xalqı, həm də qonşu Gürcüstan və o cümlədən, qardaş Türkiyə tərəfindən, böyük sevinclə qarşılanıb. Mərasimdə hər üç ölkənin dövlət başçıları, tanınmış şəxsləri, yüksək çinli məmurları iştirak ediblər. Bu mötəbər layihənin reallaşması ilə bağlı Türkiyənin Qars şəhərinin əslən Azərbaycan türkü olan bələdiyyə başqanı Mürtəza Qaraçanta ilə söhbətləşdik:

– Mürtəza bəy, bu nəhəng dəmir yolu xəttinin bir ucu Bakıda, digər ucu isə bələdiyyə başqanı olduğunuz Qarsdadır. Açılış sizdə hansı təəssüratı yaratdı?

– Əvvəla, Azərbaycana, bütün türk dünyasına bol-bol salam göndərirəm, sevgi və sayğılarımı bildirirəm. Nə az, nə çox, düz 9 ildir ki, biz bu layihənin gerçəkləşməsini gözləyirdik. Əsası 2007-ci ildə qoyulan bu möhtəşəm layihə üç ölkə arasında həyata keçirilən çox faydalı və vacib iş hesab olunurdu. Hətta, deyərdim ki, bu, həm Türkiyə, həm də Azərbaycan arasında qardaşlıq tellərini daha da bərkitmək üçün atılan ən böyük addım idi. BTC-dən sonra BTQ-nin reallaşması Azərbaycan-Türkiyə siyasi və iqtisadi münasibətlərinin yeni səhifəsini açdı. Mən hətta duyğulandım da… Çünki Azərbaycan və Türkiyənin, iki qardaş xalqın münasibətlərini daha da sıxlaşdırmaq üçün bu, çox gözəl, tarixi fürsət idi. Bunu dəyərləndirməyi bacardıq. Azərbaycan dövlətinin bu işdə əməyini xüsusi təqdir etmək lazımdır. Bir vaxtlar BTQ xəyal idi, amma indi gerçəkdir.

– BTQ-nin möhtəşəm açılışı oldu. Elə təkcə bu fakt layihənin miqyasca nəhəng olmasını sübut edir. Bəs gerçəyə çevrilən bu nəhəng layihənin siyasi və iqtisadi əhəmiyyətini, gətirəcəyi uğurları necə qiymətləndirirsiniz ?

– Bakıda yüksək təşkilatçılıq ənənələri formalaşıb. Biz uzun zamandır ki, Bakının dünyanın mühüm tədbirlərinə uğurla ev sahibliyi etməsinin şahidi oluruq. BTQ-nin də açılış mərasiminin möhtəşəm təşkilatçılığı bu sıradandır. BTQ-nin siyasi və iqtisadi əhəmiyyətinə gəlincə, bu, Cənubi Qafqazda, Yaxın Şərqdə son ən böyük layihələrdən biridir, – desəm yanılmaram. Siyasi cəhətdən BTQ-nin gətirəcəyi uğurlar bəllidir. Bu, həm Azərbaycanın, həm də Gürcüstan və Türkiyənin bir-birinə daha sıx bağlanmasını, regionda sülhün və əmin-amanlıq tellərinin daha əhatəli olmasını təmin edəcək. Bundan əlavə, Türkiyə və Azərbaycan xalqlarının, ictimaiyyətinin bir-birinə daha da sıx yaxınlaşması üçün şərait yaradacaq.

İqtisadi cəhətdən də hər üç ölkənin bu layihədən əhəmiyyətli gəlirlər əldə edəcəyi danılmazdır. Düşünürəm ki, bu dəmiryolu xətti ilə həm sizdə, həm bizdə, xüsusilə Qarsda turizm bir qədər də inkişaf edəcək. Bu dəmir yolu xətti ilə iqtisadi münasibətlərimiz bir qədər inkişaf edəcək. Böyük ticarət dövriyyələrində bu layihənin önəmi böyükdür. Bu, həm də tarixi İpək Yolunun inkişafında yeni imkanlar açacaqdır. Açılışda Türkiyə və Azərbaycan dövlət başçılarının bu möhtəşəm layihənin uğurlu gələcək vəd etməsi ilə bağlı önəmli fikirləri oldu. Mən də öz növbəmdə sevinirəm ki, dəmir yolu xəttinin istifadəyə verilməsi məsələsində Qars şəhəri Türkiyə ilə Azərbaycan arasında körpüyə çevriləcək. Bu layihə ilə Qars şəhərinin inkişaf etdirilməsi prosesi bir qədər də sürətlənəcək.

– BTQ-nin reallaşmasını bir sıra qüvvələr istəmirdi. Şübhəsiz ki, Ermənistanın layihədən kənarda qalmasını qəbul etmək istəməyən güclər var idi. Lakin Azərbaycanın prinsipial mövqeyi nəticəsində uğurla gerçəkləşən bu layihədə Ermənistan dövlətinin təcrid edilməsi yolunda növbəti önəmli addım atıldı. Bu barədə fikirləriniz maraqlıdır…

– Bildiyimiz kimi, Türkiyə dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini hər zaman müdafiə edir və edəcəkdir. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq normaları əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu gün Ermənistanla bizim sərhədlərimiz də məhz ona görə illərdir bağlıdır ki, bu dövlət qardaş Azərbaycanın qədim tarixə malik ərazilərini işğal edib və milyondan artıq soydaşımızın öz ata-baba yurdundan qovulmasına səbəb olub. Bu dövlət Xocalıda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Bunu dünya da çox yaxşı bilir. Əlbəttə, Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, bəlkə də bu layihədə indi onlar da iştirak edərdi. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə baş tutan layihədə işğalçı Ermənistanın təcrid olunması anlaşılandır. Türkiyə dövləti isə hər zaman Azərbaycanın haqq səsini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

– Azərbaycan və Türkiyə mədəni əlaqələrində Qars şəhərinin rolu böyükdür. Bu şəhərdə azərbaycanlılar üstünlük təşkil edirlər. Bu rolu, mədəni yaxınlığı siz necə görürsünüz ?

– Qars şəhərində Azərbaycan mədəniyyətinin hakim izlərini hər sahədə görmək olar. Burada azərbaycanlılar da çoxluq təşkil edir. Azərbaycan aşıq sənəti, Azərbaycan musiqisi burada çox yayılmışdır. Qarsın qardaşlaşdığı Azərbaycan şəhərləri vardır.

2013-cü ildə Qars və Mingəçevir bələdiyyələri arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Bundan əvvəl Gəncə şəhəri ilə Qars qardaşlaşmışdı. Qarşıdakı illərdə Qars bələdiyyəsi ilə Azərbaycanın digər yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi daha da artacaq. İkitərəfli əlaqələrə qardaşlaşan şəhərlərin sosial-iqtisadi, mədəni, təhsil, turizm sahəsində əməkdaşlığı öz töhfəsini verəcək. Bundan əlavə, Azərbaycanın Qarsda Baş Konsulluğunun olması da bizim üçün önəmli məsələdir. Bu, Qars şəhəri ilə Azərbaycan şəhərləri arasında mədəni əlaqələrin daha da tərəqqi etməsi üçün mühüm vasitəçilik əhəmiyyəti daşıyır. Qars şəhəri hər iki qardaş xalqın və dövlətin münasibətlərində bir inkişaf rəmzidir. Son olaraq gerçəkləşən və möhtəşəm layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılması ilə bu həqiqət özünü bir daha sübut etmiş oldu.

Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında