BTQ-nin istifadəyə verilməsi regional iqtisadi əlaqələri daha da genişləndirəcək

– Hər bir ölkənin geosiyasi və geoiqtisadi mövqelərinin gücü həm də onun dəmir yolu nəqliyyatının inkişafından asılıdır. Bu, indiki zamanda daha mühüm önəm daşıyır. Çünki milli iqtisadiyyatların qarşılıqlı asılılığının getdikcə artdığı, regionlararası və qitələrarası mal dövriyyəsi səviyyəsinin tədricən yüksəldiyi bir dövrdə dəmir yolu nəqliyyatı dövlətlərin inkişafının təkanverici elementinə çevrilməklə, xüsusi əhəmiyyət kəsb edir.

Məhz elə buna görə də Azərbaycanın nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, beynəlxalq layihələr, qəbul olunan dövlət proqramları bu sahənin inkişafına güclü təkan verib, Asiya ilə Avropanın qovuşuğunda yerləşən respublikamızın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Bununla da Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də dünyada öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifi kimi nüfuz qazanıb. Belə təşəbbüslərdən birinin-Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallığa çevrilməsi məhz Prezident İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub.

Yeni Azərbaycan Partiyası “Azərbaycan Dəmir Yolları” QSC üzrə təşkilatının sədri Xeyrulla Hümbətov söhbətinə davam edərək dedi:

– BTQ dəmir yolu dəhlizinin istifadəyə verilməsi ölkəmizin həyatında möhtəşəm hadisəyə çevrilib. Bu yol infrastrukturu logistikanın gücləndirilməsi ilə yanaşı, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq. Eyni zamanda, Azərbaycanla bir çox dünya ölkələri, o cümlədən Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrini daha da yaxşılaşdıracaq, qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısını təmin edəcək.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 kilometrdir. Bunun 500 kilometri Azərbaycan, 260 kilometri Gürcüstan, 80 kilometri isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 kilometrə yaxın olan tunel inşa edilib.

İqtisadi və siyasi əhəmiyyəti barədə isə təkcə onu deyə bilərik ki, BTQ dəmir yolu xətti Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər. Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ dəmir yolu Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir.

İlkin mərhələdə BTQ dəmir yolunun buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və tədricən 50 milyon tona çatdırılacaq. Sərnişin sayı isə 2 milyon nəfər olacaq.

Yeri gəlmişkən, Bakıdan Türkiyənin Qars şəhərinə qədər yolun müddəti 16-17 saat təşkil edəcək. Sonra yol Ankara və İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək.

Dəmir yolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Respublikamızın ilk illərdə tranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək.

Yeri gəlmişkən, BTQ dəmir yolu layihəsinin ilk vaxtlarında bəzi xarici dairələr onun gerçəkləşəcəyinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil. Başqa sözlə, layihənin həyata keçirilməsi üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, BTQ dəmir yolunun tikintisi aparılsın. Ancaq üç ölkə – Azərbaycan, Türkiyə və Gürcüstan göstərdi və sübut etdi ki, bu, realdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev BTQ dəmir yolunun açılışı münasibətilə keçirilən təntənəli mərasimdə bununla bağlı deyib: “Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir”.

Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Müasir texnoloji üstünlüklərlə təchiz olunan vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılan sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin rahat səfər etmələrini reallaşdıracaq.

Yeri gəlmişkən, burada mühüm bir məqama da toxunmaq istərdim. Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunmasını zəruri edən əsas amil Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsidir. Belə ki, Böyük İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək deyib: “Belə infrastrukturların qurulması qədim İpək Yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də, Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.

Dövlətimizin başçısı, eyni zamanda, yol-nəqliyyat infrastrukturunun inkişafından bəhs edərkən vurğulayıb: “ Nəqliyyat sektorunda önəmli hadisələr baş vermişdir. Xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır… Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirmişdir. İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək. Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda, Naxçıvanı da dəmir yolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni, bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan BTQ dəmir yolunun açılışı münasibətilə keçirilən təntənəli mərasimdə deyib: Bakı-Tbilisi-Qars dəmir yolunda ilk səfərin reallaşması ilə “Orta dəhliz” layihəsinin önəmli mərhələsinin başa çatdığını deyib: “Beləliklə, Londondan Çinə birbaşa dəmir yolu xəttinin qurulduğunu da bəyan edirik”.

Ərdoğan bu layihəni qətiyyətimizin və uzaqgörənliyimizin əsəri kimi dəyərləndirib, onun böyük zəhmətlə, fədakarlıqla, alın təri ilə reallaşdırıldığı üçün həqiqətən çox önəmli olduğunu bildirib. Türkiyə Prezidenti regionun qədim dövlətləri kimi, həmrəyliyimizin və əməkdaşlığımızın daha böyük layihələrə imza ata biləcəyini diqqətə çatdırıb: “Bugünədək həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələr bundan sonra da edəcəklərimizin təminatıdır” deyən R.Ərdoğan vurğulayıb ki, Türkiyədə “Marmaray” sürətli qatar xətlərinin inşası, mövcud dəmir yolu xətlərinin yenilənməsi, İstanbulda inşa edilən və üzərindən dəmir yolu xəttinin də keçəcəyi üçüncü körpüyə yatırılan sərmayələr Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin üstünlüyünü və cəlbediciliyini artırmağa imkan vermişdir.

Hazırda Çindən Avropaya gedən yükün həcmi 240 milyon tondan çoxdur. Ölkələrimizdən keçən “Orta dəhliz”lə bu yükün 10 faizi daşınarsa, bu, 24 milyon ton əlavə yük daşınması deməkdir. Layihə siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik, sosial baxımdan rifah gətirəcək, yük və sərnişin daşınması ilə yanaşı, məlumat mübadiləsi ilə də qlobal inkişafa töhfə verəcək.

Azərbaycan Şərqdən Qərbə, Şimaldan Cənuba gedən yolların qovuşuğunda yerləşir. O, İran vasitəsilə Fars körfəzinə, Rusiya vasitəsilə Şimala, Xəzər dənizi vasitəsilə Asiyaya və Mərkəzi Asiyaya, Gürcüstan vasitəsilə Türkiyə və oradan da Qərbə çıxır. Son illərdə Azərbaycan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkənin beynəlxalq tranzit mərkəzinə çevrilməsi sahəsində çox mühüm nailiyyətlər əldə edib. Respublikamızda hava, dəniz, dəmir yolu nəqliyyatı infrastrukturu ən müasir standartlara uyğun yenidən qurulub.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında