Avropanın nəqliyyat infrastrukturuna önəmli töhfə

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli şəkildə baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov və digər ölkələrin dövlət və hökumət nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı layihənin açılışı və əhəmiyyəti barədə redaksiyamıza fikirlərini bildirib:

– Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünya miqyasında mühüm söz sahibi olan dövlətə çevrilmişdir.

 Azərbaycan artıq həm regional səviyyədə, həm də qlobal miqyasda əhəmiyyət daşıyan siyasi və iqtisadi layihələrin təşəbbüskarı, iştirakçısı və yaradıcısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövlətinin son 10 ildə Türkiyə və Gürcüstanla birgə reallaşdırdığı, regional və qlobal əhəmiyyət daşıyan növbəti uğurlu layihəsidir. BTQ-nin dəmir yolu layihəsinin əhəmiyyətini bir neçə prizmadan şərh etmək olar. Birincisi, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli layihə olmaqla Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsini təşkil edəcəkdir.

İkincisi, BTQ dəmir yolu bu layihənin iştirakçısı olan dövlətlərin iqtisadi imkanlarının daha da artmasına, eyni zamanda vətəndaşların sosial, iqtisadi hüquqlarının daha səmərəli müdafiəsinə şərait yaradacaqdır. Belə ki, BTQ-nin işə düşməsi ilə yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, əməkdaşlıq dərinləşəcək, biznesin, turizmin inkişafı üçün yeni-yeni imkanlar yaranacaqdır. Qeyd etmək istərdim ki, Azərbaycan dövləti insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən, öz vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini özünün ali məqsədi olaraq müəyyən edib və bu istiqamətdə əməli tədbirlər həyata keçirməkdədir. Son illər ərsəyə gələn Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin iqtisadi imkanlarının artmasına, son nəticədə vətəndaşlarımızın sosial, iqtisadi hüquqlarının daha səmərəli müdafiəsinə şərait yaratmışdır.

Üçüncüsü, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına səbəb olmuşdur. Belə ki, BTQ dəmir yolu layihəsi hələ planlaşdırılan zaman bəzi xarici dairələr və donorlar bu layihənin onların dəstəyi olmadan uğur qazanacağına və ümumiyyətlə Azərbaycanın bu layihəni həyata keçirə biləcəyinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil. Bunun üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq dövlət başçımızın siyasi iradəsi onu sübut etdi ki, bu, mümkündür. Bu layihənin reallaşması dünyaya həm də onu göstərdi ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün layihələr təsdiqini tapır və qlobal əhəmiyyət daşıyır.

Dördüncüsü, bu layihə regional əməkdaşlığa da mühüm töhfə verdi. BTQ dəmir yolu Azərbaycanın, Gürcüstanın və Türkiyənin mövqelərini daha da gücləndirməklə yanaşı, bu 3 ölkə arasında birliyi, dostluğu və strateji əməkdaşlığı daha da möhkəmləndirdi.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında