TBMM üzvləri Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını yüksək qiymətləndirib

“Çindən başlayan dəmiryolu xətlərinin Azərbaycandan Türkiyəyə, buradan da Avropaya keçməsi tarixi “İpək yolu”nun bərpası baxımından  mühüm əhəmiyyətə malikdir. Bu proseslərdə Azərbaycanın mərkəzi ölkələrdən biri halına gəlməsi Türkiyə üçün də önəmlidir. Biz Azərbaycandakı sabitliyə və inkişafa daima xüsusi əhəmiyyət vermişik”.

Bu sözləri APA-ya açıqlamasında Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, Ardahan millət vəkili Öztürk Yılmaz deyib. O, Türkiyə XİN-də idarə rəisi olanda Azərbaycanla bağlı məsələləri daim ön planda tutduğunu söyləyib: “Biz iki ayrı dövlət olsaq da, tamamilə bir millətik. Azərbaycanı Türkiyədən ayırmırıq. Sabitlik və iqtisadi inkişaf Azərbaycanı bölgənin lider ölkəsi halına gətirdiyi kimi, erməni işğalı altındakı torpaqlarının  azad edilməsində də həlledici rola malik olacaq. Cərəyan edən proseslər göstərir ki, Azərbaycanın erməni işğalı altındakı torpaqlarını xoşluqla geri qaytarmağı işğalçılar istəməyəcəklər, bu işin sülh yoluyla həll edilməsi ehtimalının azlığı Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən iri miqyaslı layihələrin önəmini daha da artırır. Bizim üçün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən başqa alternativ ola bilməz. Ölkələrimiz arasındakı münasibətlər dərinləşdikcə bölgəmiz daha çox sabitliyə qovuşacaq, insanların həyatının rifah səviyyəsi yüksələcək”.

Böyük Millət Məclisi Məskunlaşdırma, abadlaşdırma, nəqliyyat və turizm komissiyası sədrinin müavini, Ədalət və İnkişaf Partiyasının (AKP) Kocaeli millət vəkili İlyas Şəkər isə açılışı Asiyanı Avropaya birləşdirən tarixi hadisə adlandırıb:

“Bakı-Tiflis-Qars dəmir yolu təkcə iki ölkə və bölgə üçün deyil, qitələri birləşdirən bir infrastruktur layihəsi olması baxımından tarixi əhəmiyyət kəsb edir. Layihənin gündəmə gətirilməsində və tərəddüdsüz şəkildə həyata keçirilməsində iki qardaş ölkənin prezidentləri - hörmətli Rəcəb Tayyib Ərdoğan və hörmətli İlham Əliyevin və baş nazirimiz hörmətli Binali Yıldırımın misilsiz rolu olub. Bu dəmir yolu, hər şeydən əvvəl, bölgənin  iqtisadi baxımdan inkişafına, sərnişin və yükdaşıma tələblərinin daha sürətlə və qüsursuz şəkildə həyata keçirilməsinə önəmli dərəcədə kömək edəcək. Dəmir yolu xəttinin təkcə Qafqaz ölkələrinin yox, Orta Şərq, Balkan ölkələri və Qərbi Avropanın da ehtiyaclarını təmin etməsi baxımından da böyük əhəmiyyəti olacaq. Azərbaycan torpaqlarını işğal edərək uzun müddətdən bəri işğal altında tutan Ermənistan bu layihənin reallaşmasından öz payına düşən dərsi çıxarmalı, bölgədə sülhə və əmin-amanlığa ən böyük əngəl olan işğalçılıq siyasətindən vaz keçərək, Azərbaycan torpaqlarından bir an əvvəl çıxmalı, Türkiyəyə qarşı qondarma ittihamlarından vaz keçməlidir. Bölgədə bu cür irimiqyaslı müştərək layihələr həyata keçirildikcə, sülhsevər ölkələr qazanacaq, işğalçılar isə itirəcəklər”.

Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, Antalya millət vəkili Mehmüt Günal Türkiyə-Azərbaycan qardaşlığının daha da pərçimləndiyini vurğulayıb:

“Eyni etnik mənşədən gələn, eyni dildə danışan, eyni dinə mənsub olan iki qardaş ölkə arasındakı əlaqələrin bütün istiqamətlərdə dərinləşməsi üçün əsaslı layihələrin həyata keçirilməsi lazımdır. Bakı-Tiflis-Qars dəmir yolu “Bir millət, iki dövlət” arasında bu cür örnək layihə olmaqla qalmayıb, bir ucu Türkiyədən Avropaya, o biri ucu Azərbaycandan Çinə qədər uzanacaq. Yəni, tarixi “İpək yolu” bərpa ediləcək. Türkiyə-Azərbaycan qardaşlığı bununla həm Avropada, həm Qafqazda, həm də Orta Asiyada böyük nüfuz  və dəstək qazanacaq. Sülh yolu olan bu dəmir yolunun öz işğalçı və böhtançı siyasətləriylə bölgəni qarışdırdan Ermənistana qarşı da dərin bir mesaj olduğunu görməyimiz lazımdır. İşğal etdiyi Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxmadığı müddətcə Ermənistan bölgədə daha çox tənhalığa məruz qalacağını bu gün bir daha görməliydi”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında