Vergi ödəyicilərinə xidmətin səviyyəsi yüksəldilir

- Elektron hökumət quruculuğu baxımından Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin əhəmiyyəti nədən ibarətdir? -sualına cavabında nazirliyin Vergi Ödəyicilərinə Xidmət İdarəsi Monitorinq şöbəsinin rəisi Azər Şirinov dedi:
- Məlum olduğu kimi, 2003-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin müvafiq sərəncamı ilə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları özrə Milli Strategiya (2003-2012-ci illər)" təsdiq olunmuşdur. Bununla əlaqədar son illərdə ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində əhəmiyyətli addımlar atılmış, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılmışdır. Vergilər Nazirliyi də qeyd olunan istiqamətdə bir sıra mühüm layihələr həyata keçirərək bu sahədə lider təşkilatlardan birinə çevrilmişdir. Bunun nəticəsidir ki, son illərdə nazirlik tərəfindən vergi ödəyicilərinə təqdim olunan elektron xidmətlərin sayı və keyfiyyəti gündən-günə artır.
Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS), elektron bəyannamə sisteminin, elektron vergi-hesab fakturalarının və digər yeniliklərin tətbiqi həm vergi inzibatçılığı baxımından əsaslı dəyişikliklərə səbəb olmuş, həm də vergi ödəyiciləri üçün dünya təcrübəsində tətbiq olunan müasir xidmətləri təqdim etmək imkanları yaratmışdır. Elektron-bəyannamə sisteminin tətbiqi vergi ödəyicisinə bəyannaməni internet vasitəsilə təqdim etmək, bəyannamənin tərtibinə və düzgünlüyünün yoxlanılmasına proqram təminatı vasitəsi ilə nəzarət etmək, bəyannamələri elektron formatda saxlamaq, ödəyicinin öz şəxsi hesab vərəqəsinə "real vaxt" rejimində baxmaq imkanları vermişdir. "Elektron bəyannamə" sistemi, həmçinin, vergi orqanı ilə vergi ödəyiciləri arasında əlaqələrin tamamilə şəffaflaşmasına gətirib çıxarmışdır.
- Nazirlik vergi ödəyicilərinə "onlayn" müraciət etmək və cavab almaq imkanı - fərdi elektron qutu yaratmışdır. Bu xidmət haqqında məlumat verməyinizi xahiş edirəm. Onun üstünlüyü nədədir?
- 2010-cu ilin mart ayından "onlayn kargüzarlıq" sistemi tətbiq olunmağa başlamış, vətəndaşlar və vergi ödəyiciləri üçün "İnternet Vergi İdarəsi"ndə (www.e-taxes.gov.az) "onlayn" rejimində müraciət etmək imkanı - fərdi elektron qutu yaradılmışdır. "Onlayn kargüzarlıq" vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən müasir bir sistemdir. Bu sistemin tətbiqində əsas məqsəd sənəd dövriyyəsinin daha da sürətlənməsi, şəffaflığın təmin olunması, sənəd qeydiyyatının mərkəzləşdirilməsi, işçilərin əmək məhsuldarlığının yüksəldilməsi və vergi ödəyicilərinin müraciətlərinə daha operativ cavab verilməsidir. İstifadəçi şifr-parol və kod vasitəsilə www.e-taxes.gov.az saytındakı "on-line kargüzarlıq" altsisteminə daxil ola və "gələnlər və göndərilənlər" qutusundan özünə aid məktubları oxuya bilər. Bundan başqa, istifadəçi vergi orqanına göndəriləcək müraciətin mətnini hazırlaya, gərək olduqda bura qoşma fayllar əlavə edə bilər.
Uzun illər vergi orqanları ilə ödəyicilər arasındakı yazışmalar mürəkkəb və çoxlu vaxt aparan prosedurları əhatə etmişdir. Vergi ödəyicisi hər hansı məlumatı əldə etməkdən ötrü bir neçə məktub yazmalı, onun cavabını günlərlə gözləməli idi. Elektron qutunun tətbiqi bu yazışmaları keyfiyyətcə yeni mərhələyə keçirir. Çünki vergi ödəyiciləri vergi sisteminə aid istənilən məlumat tipli sənədi bu qutu vasitəsilə tez bir zamanda əldə edə bilirlər. Hətta bəzi normativ tipli məlumatlar ödəyicinin sorğusu olmadan belə onun elektron qutusuna göndərilir.
Daha bir üstünlük ondadır ki, vergi ödəyiciləri öz aralarındakı yazışmalarda da elektron qutudan istifadə edə bilərlər. Vergi orqanlarından istifadəçilərə və vergi ödəyicilərinin bir-birlərinə ünvanladıqları məktublar və cavablar həmin anda ünvana çatacaq, istifadəçilərə məxsus olan qutuya toplanacaq və məktublara internet vasitəsilə istənilən yerdən baxmaq mümkün olacaq.
- "Onlayn kargüzarlıq" sisteminin istifadəyə verilməsindən ötən dövr ərzində ilkin göstəricilər necədir?
- Mən sizin diqqətinizə bir neçə rəqəmi çatdırmaq istəyirəm. Təhlillər göstərir ki, 2006-cı ildən indiyədək vergi orqanları arasında ümumi sənəd dövriyyəsi təxminən 2 dəfə artaraq 3,9 milyon sənəd sayına çatmışdır. Elektron qutu kimi innovasiya xarakterli xidmətlərin tətbiqi nəticəsində inzibati idarəetmə təkmilləşdirilmiş, təkcə 2010-cu ildə 98 ton kağıza və izafi dəftərxana xərclərinə qənaət olunmuşdur.
- Vergi ödəyiciləri elektron qutudan kifayət qədər səmərəli istifadə edə bilirlərmi? Məktubların oxunma səviyyəsi necədir?
- Məlum olduğu kimi, bu xidmət ötən ilin mart ayından tətbiq olunur. Ötən dövr ərzində dinamika hər gün dəyişir. Bəyannamə təqdim edən vergi ödəyicilərinin 93,7 faizi şifr-parol və kod alsalar da, ilk vaxtlar onların çoxu fərdi elektron qutusuna göndərilən məktubları açıb oxumadıqlarından bu məktubların oxunması arzuolunan səviyyədə olmayıb. Ötən ilin sonunda bu göstərici cəmi 25 faiz təşkil edirdi. Bu istiqamətdə aparılan təbliğat və məlumatlandırma işlərinin nəticəsidir ki, hazırda elektron qutulara göndərilən məktubların 70 faizdən çoxu vergi ödəyiciləri tərəfindən aktiv şəkildə açılıb oxunur.
Bir məsələni qeyd edim ki, vergi ödəyiciləri elektron-qutudan hesabat dövründə daha fəal istifadə edirlər. Aralıq vaxtlarda elektron-qutunun ödəyicilər tərəfindən açılıb oxunması səviyyəsi nisbətən aşağı olur.
E-qutuya göndərilmiş sənədlərin vergi ödəyicisi tərəfindən oxunma səviyyəsinə internetə çıxışın olub-olmaması mühüm təsir göstərir. Bakı şəhərində fəaliyyət göstərən ödəyicilər bu baxımdan daha fəaldırlar. Bölgələrdə isə kompyuter texnologiyalarının tətbiqi səviyyəsi o qədər də yüksək deyil. Bu isə elektron qutudan istifadə imkanlarını məhdudlaşdırır. İnternetə çıxışı olmayan şəxslər elektron qutudan Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət terminallarından istifadə edə bilərlər. Xatırladıram ki, terminallarda göstərilən bütün xidmətlər pulsuzdur. Əlbəttə, ödəyici yaxınlıqda olan istənilən internet klubdan da elektron qutuya məlumat göndərə bilər.
Ümumiyyətlə, vergi ödəyicisi bilməlidir ki, əgər onun fərdi elektron qutusunda oxunmamış sənədlər varsa, o, yubanmadan həmin məlumatlarla tanış olmalıdır. Bunun üçün Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq geniş məlumatlandırma və təbliğat işləri aparılır. "Onlayn kargüzarlıq", fərdi elektron qutu və ondan istifadə, sənədin onlayn göndərilməsi və vergi orqanından göndərilən hər hansı sənədin oxunması qaydası vergi ödəyicilərinə izah edilir, bir çox halda prosesin vizual şəkildə nümayişi təmin olunur.
Mən bir daha bütün vergi ödəyicilərinə demək istəyirəm ki, sizə göndərilmiş sənədlərlə müntəzəm tanış olun. Siz "onlayn kargüzarlıq sisteminin "Axtarış" bölməsi vasitəsilə oxunmamış sənədlərin siyahısını əldə edə bilərsiniz. Bu sənədlərlə vaxtlı-vaxtında tanışlıq sizin hər birinizə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrinin həyata keçirilməsində yardımçı olacaqdır{nl}

Söhbəti qələmə aldı: Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında