Azərbaycan daha bir beynəlxalq uğura imza atır. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi də həyata vəsiqə aldı. Buna qədər isə bir sıra beynəlxalq miqyaslı iri infrastruktur layihələrini reallaşdıran respublikamız artıq əfsanəvi layihələrin həyata keçirilməsinə qadir olduğunu bir daha təsdiqlədi. Bu layihə, ilk növbədə, Azərbaycan, Türkiyə, Gürcüstan arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə, möhkəmləndirilməsinə və yeni müstəviyə qədəm qoymasına kömək edəcək.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bu barədə danışarkən dedi:
– Mövcud qlobal maliyyə və iqtisadi böhran şəraitində belə bir əhəmiyyətli layihənin reallaşdırılması düzgün müəyyənləşdirilmiş siyasətin bariz nümunəsidir. Prezident İlham Əliyev öz çıxışlarında bu layihəni çox yüksək qiymətləndirmişdir. Dövlətimizin başçısı demişdir ki, Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Müxtəlif şəhərlərdə yeni hava limanları tikilir, magistral yollar salınır. Dəniz nəqliyyatına, dəmir yoluna böyük məbləğdə investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə çox mühüm rol oynayacaqdır. Regionda digər mühüm layihələr də məhz bununla bağlıdır. Türkiyəni Azərbaycanla dəmir yolu ilə birləşdirmək – Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunu işə salmaq indi bizim əsas vəzifələrimizdən biridir və buna nail olacağıq. Belə olan halda, Azərbaycanla Türkiyə dəmir yolu ilə birləşəcək və bütün yükdaşımalar bu marşrutla aparılacaqdır. Eyni zamanda, bu da aydındır ki, bizim torpaqlarımızı zəbt edən, bizə qarşı təcavüz edən işğalçı dövlət – Ermənistan bütün bu layihələrdən kənarda qalacaqdır.
S.Vəliyeva Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin əhəmiyyətindən danışarkən qeyd etdi ki, bu layihənin reallaşdırılması işğalçı Ermənistana böyük zərbə oldu.
Deputatın qənaətinə görə, əlverişli coğrafi məkanda yerləşən Azərbaycanın bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində fəal iştirakı ölkəmizin iqtisadi qüdrətinin daha da artmasında əhəmiyyətli rol oynayacaq: “Azərbaycan bu yeni dəmir yolu layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atdı. Qazanılacaq bütün iqtisadi uğurlar Bakı-Tbilisi-Qars tranzit daşımalarının mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını bir daha təsdiqləyəcək. Bu, Azərbaycan, Türkiyə və Gürcüstanın, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan digər dövlətlərin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq. Bu yol vasitəsilə bir çox problemləri həll etmək mümkün olacaq. Məsələn, Avropaya çıxmaq kimi. Mütəxəssislərin fikrincə, bu xətt vasitəsilə il ərzində 1,5 milyon nəfər faydalanacaq və 6,5 milyon ton yük daşınması həyata keçiriləcək. Bundan başqa, dəmir yolu xətti ilə İstanbula iki günə gedib çatmaq mümkün olacaq. Hətta, Asiyadan, Pekindən tutmuş Londona qədər dəmir yolu ilə 12 gün müddətində gedib-gəlməyin mümkünlüyü də bildirilir”.
S.Vəliyeva Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin turizmin inkişafında da mühüm rol oynayacağını diqqətə çatdırdı. Bildirdi ki, bu yol üç ölkənin logistika baxımından çox böyük miqyasda daha da yaxınlaşmasına təsir göstərəcək və ölkələr arasında işçi qüvvəsinin rahat şəkildə axınına, turizmin, sənayenin, kənd təsərrüfatının, emal sahələrinin inkişafına müsbət təsir göstərəcək. Gürcüstan və Türkiyənin turizm imkanlarının perspektivini nəzərə alsaq, yeni dəmiryolu xətti imkan verəcək ki, bu sahə Azərbaycanda da inkişaf etsin və ölkəmizə turist axını daha da güclənsin: “Bu üç ölkənin iqtisadiyyatının digər sahələrinə, gələcəkdə isə Avropa və Orta Asiya ölkələrinin də iqtisadi əlaqələrinin inkişafına təsir edəcək. Bütün bunlarla yanaşı, Böyük İpək yolu xətti üzərində yerləşən ölkələrlə də iqtisadi əlaqələrin genişlənməsinə təsir göstərəcək”.
Deputatın fikrincə, ölkələrimizin, xalqlarımızın iqtisadi maraqlarına cavab verən bu layihənin həyata keçirilməsi, iqtisadi yüksəlişlə bərabər, həm də regiona sabitlik, sülh gətirilməsində mühüm rol oynayacaq.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.