“Azərbaycanın haqlı mövqeyini hər bir vicdanlı adam müdafiə etməlidir”

Azərbaycan Respublikasının Prezidentinin dəvəti ilə ölkəmizə gəlmiş ABŞ parlamentinin üzvü, Viskonsin Universitetinin rektoru, beynəlxalq araşdırmaçı jurnalist Peter Tasse və uzun illər Misir Ərəb Respublikasındakı Azərbaycan səfirliyində çalışmış, məşhur diplomat-jurnalist Sameh Əbdülvəhab Məşad Bakı Slavyan Universitetində olublar. Qonaqları BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək ölkəmizin iqtisadi, siyasi, hərbi baxımdan regionda ən güclü dövlət olduğunu deyib və onlara ölkəmizdə həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verib.

Amerikalı qonaq Peter Tasse Azərbaycanın yüksəlişini son bir neçə il ərzində öz gözləri ilə gördüyünü deyib: “Mən neçə ildir Bakıya gəlib-gedirəm, şəhər gözümün önündə dəyişir, Bakını bu gün dünyanın ən müasir meqapolisləri ilə müqayisə etmək olar”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan amerikalı siyasətçi problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirib. O, Azərbaycan xalqının ədalətsiz müharibəyə cəlb edildiyini və Ermənistanın işğalçı siyasətinin sonda onun özü üçün ağır nəticələr verəcəyini qeyd edib. Peter Tasse bu günə qədər öz jurnalistlik fəaliyyətində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini və gələcəkdə də bu mövqeyi qoruyacağını bildirib.

Misirli diplomat və jurnalist Sameh Əbdülvəhab Məşad uzun müddət öz ölkəsindəki Azərbaycan səfirliyində çalışdığını və daim Azərbaycana xüsusi məhəbbət bəslədiyini bildirib. Qonaq bütün yazılarında Azərbaycanın mövqeyini müdafiə etdiyini və buna görə daim ermənilərin təzyiqinə tuş gəldiyini qeyd edib. Bir erməni diplomatının vaxtilə onun haqqında böyük bir məqalə yazaraq, onu Azərbaycana xidmətdə ittiham etdiyini diqqətə çatdırıb. “Amma mən ona cavabımda  haqqın, ədalətin yanında olduğumu bildirdim”, - deyə misirli jurnalist vurğulayıb. Daha sonra Sameh Əbdülvəhab Məşad ingilis və ərəb dilində qələmə aldığı “Azərbaycan ensiklopediyası”, “Azərbaycan-Ermənistan konflikti” adlı kitablarını universitetə hədiyyə edib. O, hər bir vicdanlı insanı Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırıb.

Sonra qonaqlar universitetin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri qarşısında çıxış ediblər.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında