Kersti Kiviryuyutun Bakıya həsr edilmiş “Küləklər şəhəri” əsəri Estoniyada “Piliqrimm” nəşriyyatı tərəfindən təşkil edilmiş “Bestsellerlər – 2017” ədəbi müsabiqəsinin qalibi olub. Kersti Kiviryuyut öz kitabını macəra romanı adlandırır. Müəllifi bu əsəri yazmağa ruhlandıran onun Azərbaycana böyük sevgisi olub. Müsabiqənin əsas mükafatına layiq görülmüş roman yaxın vaxtlarda böyük tirajla nəşr ediləcək. “Küləklər şəhəri” kitabının müəllifi Kersti Kiviryuyut AZƏRTAC-a müsahibəsində bu romanın yaranması tarixi, Xocalı faciəsinin dəhşətli nəticələri barədə söhbət açıb, Azərbaycanı çox sevdiyini etiraf edib.
– Sizdə Azərbaycana sevgi necə yarandı?
– Mən hələ tələbəlik illərində Bakıya getmişdim. “Bakıda eston cəmiyyəti” mövzusunda diplom işim üçün material toplamaq məqsədilə Bakıya getdim. Yerli arxivlərdə eston cəmiyyətinin fəaliyyətinin tarixini öyrəndim. Hələ o vaxt sizin ölkənin paytaxtı məni heyran etdi, azərbaycanlılara sevgi hissim hələ də qəlbimdə yaşayır. 2000-ci illərdə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla bağlı layihələrdə iştirak etmişəm. Hər dəfə sizin ölkənizə gələndə Azərbaycan xalqının qonaqpərvərliyi, səmimiliyi məni heyran edir.
2008-ci ildə Azərbaycan ilə Estoniya arasında gənclər mübadiləsi layihəsi başlandı. Mən müəllim olduğum üçün ilk növbədə məktəblilərlə maraqlanırdım və iki ölkə arasında məktəblilər mübadiləsi proqramında fəal iş aparırdım. Mənim təşəbbüsümlə bu proqram çərçivəsində estoniyalı uşaqlarla birlikdə Dağlıq Qarabağdan olan azərbaycanlı qaçqınların yerləşdiyi məktəbin binasına baş çəkdik. Biz uşaqlarla birlikdə həmin qaçqınlara imkan daxilində kömək etməyə çalışdıq, o cümlədən ərazinin abadlaşdırılması ilə məşğul olduq. Səfərin əsas məqsədi ondan ibarət idi ki, estoniyalı uşaqlar dəhşətli müharibə ilə üzləşmiş azərbaycanlı yaşıdlarının vəziyyətini anlasınlar və onların kədərinə şərik olsunlar.
Azərbaycanlı qaçqınlarla görüşlər məni “Balaca Fatimənin sözlərinə görə” adlı esse yazmağa sövq etdi. Xocalıdan olan bu balaca qaçqın qızın söylədiyi əhvalat ürəyimi ağrıtdı və mən Azərbaycan sakinlərinin üzləşdiyi dəhşətlər barədə oxucuya məlumat vermək zərurəti hiss etdim. Həmin essenin sərlövhəsi Fatimənin verdiyi bir sual oldu: “Bilmirəm, bütün bunlardan sonra biz onları bağışlaya bilərikmi?”.
– Gəlin sizin romana qayıdaq. Bu əsər nə barədədir?
– Dediym kimi, Azərbaycan məni hər mənada ruhlandırır. Atəşpərəstlik, zərdüştilik ilə bağlı Azərbaycan tarixi mənim üçün müəmmalı, ecazkar, sirli bir tarixdir.
Azərbaycan toponiminin bir mənası Odlar Yurdu kimi izah edilir. Bu adın özü sizin ölkənin tarixinə böyük maraq doğurur. İkincisi, Tur Heyerdal belə bir məşhur fərziyyə irəli sürüb ki, vikinqlər əslən Qafqazdandırlar. Onun bu fərziyyəsi, Qobustan dağları və oradakı qayaüstü rəsmlər məndə bu zəngin tarixi kağız üzərinə köçürmək arzusu oyatdı. Uzaq keçmişlə müasir dövrün çulğalaşdığı bu roman belə yarandı. Romandakı əhvalatlar 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən devrilməsindən və Estoniyanın Azərbaycanda ilk səfiri Robert Purun Bakıdan qaçmasından başlanır.
Mənim romanımın baş qəhrəmanları gənc eston qızı, azərbaycanlı bir cavan oğlan və Qarabağ müharibəsinin qurbanı olmuş Əhməd adlı qaçqındır. Oxucu Azərbaycanı gənc eston qızının gözləri ilə öyrənir.
Onu da əlavə etmək istərdim ki, şəxsən mənim Dağlıq Qarabaq müharibəsi ilə bağlı sarsıntılarım olmayıb, lakin hər bir müharibə özü ilə ağrı-acı və fəlakətlər gətirir. Müharibə - ölüm-itim, qocaların və uşaqların əzab-əziyyətlərə qatlaşması deməkdir. Xocalı faciəsini həmişə böyük kədərlə xatırlayıram və mənim romanımın səhifələrində qaçqın Əhməd surətinin yaranması bu faciə ilə bağlıdır.
Bilirsinizmi, Azərbaycanın zəngin mədəni irsini nəzərə alsaq, mənim əsərimi məşhurlaşdıran bu romandakı hadisələr deyil, Azərbaycan özü olub. Azərbaycanın hələ öyrənilməmiş sərvətləri və məziyyətləri çoxdur, Azərbaycan xalqının xeyirxahlığı, qonaqpərvərliyi, səmimiyyəti barədə danışmaqla qurtarmaz.
– Sizin gələcək planlarınızda Azərbaycan mövzusu varmı?
– Azərbaycan haqqında həmişə düşünürəm. Təkrar da olsa deməliyəm ki, Azərbaycanı və azərbaycanlıları çox sevirəm. Mən Azərbaycan xalqına rifah, sülh, Dağlıq Qarabağ münaqişəsinin dinc yola tənzimlənməsini, qaçqınların öz doğma evlərinə, torpaqlarına qayıtmasını arzu edirəm.
Mənim Azərbaycanla bağlılığımın rəmzi olan daha bir faktı qeyd etmək istəyirəm – mənim doğum günüm sizin Respublika Gününə – 28 May tarixinə düşür. Görünür, bu da yuxarıdan gələn bir işarədir.
– Müsahibə üçün sağ olun.
Nigar Cəfərli,
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.