Türkiyəli deputatların Dağlıq Qarabağa qanunsuz səfər etmələri türk xalqına xəyanətdir

Türkiyəli deputatların bu yaxınlarda Azərbaycandan rəsmi icazə almadan Ermənistanın işğalı altında saxladığı ərazilərimizə qanunsuz səfər etmələri, ardınca Türkiyə Böyük Millət Məclisinin CHP – dən olan deputatları – Dəniz Baykal, Gülsün Bilgəhan və İlhan Kəsicinin AŞPA-da Azərbaycanın əleyhinə səs vermələri həm qardaş ölkədə, həm də respublikamızda haqlı narazılığa səbəb olub. Təbii ki, öz maddi maraqlarını hər şeydən üstün tutan 5-6 deputatın türk adına yaraşmayan hərəkətləri iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinə xələl gətirə bilməz.

 Milli Məclisin deputatı Elman Məmmədov türkiyəli deputatların xəyanətkar əməllərinə münasibət bildirərkən dedi ki, onların Dağlıq Qarabağa qanunsuz  səfər etmələri ilk növbədə türk xalqına, Türkiyə dövlətinə xəyanətdir: “Bu, 4 xəyanətkar Azərbaycan ərazisinə qanunsuz səfərdən sonra Ermənistana gediblər.  Ölkələrinə qayıtdıqdan sonra isə Türkiyədəki bəzi telekanal, qəzet və radiolarda onlara Ermənistanı, Dağlıq Qarabağdakı cinayətkar qrupu tərifləməyə geniş imkanlar yaradılıb. Bütün bunlar bir daha təsdiqləyir ki, erməni lobbisi türk xalqı içərisində də satqın tapıb və onları çirkli pullar vasitəsilə ələ alıb. Qardaş Türkiyə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməli və onların Azərbaycana təhvil verilməsini təmin etməlidir”.

Deputat bildirib ki,  Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlığı sarsılmazdır.  İki ölkə arasındakı dostluğa və qardaşlığa  heç bir xəyanətkar hərəkət xələl gətirə bilməz. Ancaq xəyanətkarlar və satqınlar da qanuni cəzalarını almalıdırlar ki, bu, digərlərinə ibrət  olsun: “Hər birimizin yaddaşına həkk olunmuş bir faktı xatırlatmaq yerinə düşərdi. Belarus Azərbaycanın dövlət sərhədini qanunsuz keçən Aleksandr Lapşini həbs edib ölkəmizə təhvil verdi. Bu yanaşmanı Türkiyə hökumətindən də gözləyirik. Azərbaycanın Baş Prokurorluğu tərəfindən 4 Türkiyə vətəndaşı barəsində cinayət işi başlanılıb və müvafiq sənədlər Türkiyəyə göndərilib. Azərbaycan sərhədlərini qanunsuz keçən həmin şəxslər ölkəmizə təhvil verilməlidir. Biz istəyirik ki, Türkiyə ilə Azərbaycan arasında dostluğa, qardaşlığa xələl gətirən hadisələr olmasın. Təbii ki, Türkiyə hökuməti bildirir ki, o adamların mövqeyi bizim mövqeyimiz deyil”.

Deputat Türkiyə Böyük Millət Məclisinin CHP – dən olan deputatlarının AŞPA-da Azərbaycanın əleyhinə səs verməsinə  də münasibət bildirib. Onun qənaətinə görə, Avropada güclü erməni lobbisi var . Onlar Azərbaycanın əleyhinə təbliğat aparmaq üçün külli miqdarda vəsait xərcləyirlər: “Təəssüf edirəm ki, qardaş ölkəni AŞPA-da təmsil edən, başda Dəniz Baykal olmaqla, Türkiyə Böyük Millət Məclisinin CHP – dən olan deputatları da erməni lobbisinin toruna düşüb. Söz yox ki, onlar mənsub olduqları siyasi partiyaların, daha çox isə subyektiv mövqelərindən çıxış ediblər. Bütün bunlara baxmayaraq, türk adına zərbə vurublar. Hesab edirəm ki, AŞPA-da Azərbaycana qarşı çıxış edən deputatlara qarşı da Türkiyənin özündən daha sərt təpki olmalıdır”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında