Bakıda üç gün davam edən “Azərbaycan – Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı işini uğurla bitirdi. Amma ölkələrimiz arasındakı tarixi təməllərə söykənən əlaqələrin dünyada analoqu olmayan müttəfiqlik və qardaşlıq səviyyəsinə yüksəlməsi kimi həqiqətlərdən qaynaqlanan bu elmi məclis Azərbaycan– Türkiyə münasibətlərinə yeni bir səhifə də yazdı.
Konfransın açılış mərasimində təşkilatçılardan biri olan Türkiyənin Kastamonu Universitetinin rektoru, professor Seyid Aydının çıxışının gurultulu alqışlarla qarşılanması təkcə bir türk qardaşımıza olan sevginin yox, həm də xalqlarımızın qardaşlığının səmimi və ürəkdən gələn təzahürü idi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun “qonağımız Seyid Aydın Azərbaycan əsilli qardaşımızdır” təqdimatı isə salonu titrədən alqışları bir az da artırdı.
Bir gün sonra isə qardaş Türkiyənin gənc, amma kifayət qədər modern təhsil ocaqlarından birinin– Kastamonu Universitetinin rektoru, professor Seyid Aydınla həmsöhbət olduq. Cəfər müəllimin qəzetimiz haqqında yığcam təqdimatından sonra müsahibimiz suallarımızı məmunluqla cavablandırdı. Rektordan, ilk olaraq, rəhbəri olduğu ali məktəbin necə yaranması barədə danışmasını xahiş etdik.
– Türkiyənin şimalında, Qara dəniz bölgəsində yerləşən, zənğin tarixi və gözəl təbiəti olan Kostomonu vilayətində yerləşən universitetimizin qurulmasından üzun bir vaxt keçməyib. 2006-cı ilin martında həyata vəsiqə aldıq. 3 fakültə, 2 kollec, 1 texniki məktəblə fəaliyyətə başladığımız ötən 11 ildə böyük uğurlarla Türkiyənin təhsil sisteminə fəal qoşulmuşuq. İndi yolumuzu 13 fakültə, 2 institut, 3 kollec və 14 peşə məktəbi ilə uğurla davam etdirməkdəyik.
Fakültələr mərkəzdə yerləşən 2 universitet şəhərciyində yerləşir, 1 şəhərciyimiz isə tikilməkdədir. Burada tibb fakültəmiz yerləşəcək. İlk qəbul edilən tələbələrimiz indi Ankarada təhsil almaqdadırlar.Yaxın 2 ildə universitet xəstəxanamızı da quracaq, tələbələrimizi Kastamonuya gətirəcəyik. Baytarlıq fakültəmiz də təşkil olunmaq ərəfəsindədir.
Vilayətin 13 rayonunda 14 peşə ixtisası verən texniki məktəblərimiz yerləşir. 3 kollecimiz isə mərkəzi şəhərciyimizdədir. Bədən tərbiyəsi və idman kollecinin məzunları həyata vəsiqə almışlar. Təyyarəçilik kollecimizin sınaq laboratoriyası və təyyarəmiz hazırdır, 2018-də fəaliyyətə başlayacaq. Xarici dillər kolleci yardımçı bir təhsil ocağıdır.
– Universitetin müəllim- tələbə heyəti necə formalaşıb?
– Tədris 755 nəfərdən ibarət professor-müəllim heyətini əhatə edir. İdarə və təşkilati işlərdə çalışanların sayı isə 400 nəfərə qədərdir. 30 min tələbəmiz var. Onlardan 2200 nəfəri xarici ölkələrdən təhsil almağa gələnlərdir. Onlardan 330 nəfəri iki institumuzda magistr və doktor, qalanları isə universitetimizin müxtəlif fakültələrində bakalavr təhsili alır.
– Texniki baza, təchizat məsələləri necədir?
– Bir az əvvəl dediyim kimi, şəhər mərkəzində iki kampusumuz var, fakültələrimiz burada yerləşir. 14 texniki təhsil verən məktəbimizdən biri Kastamonu şəhərində yerləşir, qalanları ətraf rayonlardadır. Bütün fakültələrin elmi-tədqiqat laboratoriyaları var. Bir araşdırma mərkəzimiz isə Kastamonudan kənarda da araşdırma xidmətləri aparır.
Universitetin sosial məkanlar deyilən obyektləri müəllimlərin, işçilərin xidmətindədir. Qara dəniz sahilindəki Dide rayonunda 1, mərkəzdə isə 2 otelimiz var. Bu otellər tədris bazası olmaqla yanaşı, qonaqlarımıza da xidmət göstərir, Qara dəniz sahilində yerləşən otelimiz həm də turistləri qəbul edir. Turizm fakültəsinin tələbələri bu otellərdə çalışırlar. Başqa bir korpusumuz da var ki, burada turizm fakültəsi tələbələri yemək, aşxana xidmətlərini öyrənirlər. Bunlar tədrisə əyani yardım edir.
Kənardan gələn tələbələrimiz yataqxanalarda yerləşdirilir. 2700 nəfərlik müasir tipli tələbə yataqxanamız da var ki, Türkiyə tələbə yurtlar qurumuna kirayəyə verilib. Universitet şəhərciyində bazar da tikmişik, bu tələbələrimizin alış-verişini asanlaşdırır.
Çox zəngin mərkəzi kitabxanamız var. Kitabxanada gözdən əlillər üçün səsli kitabxana sistemi yaratmışıq. Bu ölkədəki ilklərdəndir. Türkiyənin bir sıra universitetlərindən və dövlət təşkilatlarından üzvlərimiz var. Kənardan, o cümlədən qardaş Azərbaycandan da sifariş olarsa, səsli kitabxana sistemimizi təşkil edə bilərik və bunun üçün hec bir ödəniş istəmirik.
Dörd idman qurğumuz var. Biri ancaq tələbələrimiz, digəri universitet heyəti üçündür, ikisi isə hər kəsə açıqdır. Stadionlarımızdan biri UEFA standartındadır. Yeni bir idman kompleksimiz də tikilməkdədir ki, burada üzgüçülükdən tutmuş idmanın ən müxtəlif növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılacaq. 13 rayonda yerləşən şəhərciklərimizin də bütün sosial təchizatları var.
– Necə deyərlər, böyük bir təhsil “imperiyası” yaratmısınız ki... Az bir vaxtda bunlara necə nail olmusunuz?
– Təbii ki, dövlətin əvəzsiz qayğısı sayəsində. Bizim borcumuz isə işlərimizi düzgün qurmaq, dürüst çalışmaq və etımadı doğrultmaq olub. Türkiyədə dövlətin təhsilə diqqəti o qədər böyükdür ki, məhz bunun sayəsində indi ölkəmizin hər bir vilayətində universitet var. İstanbul, Ankara, İzmir kimi şəhərlərin isə 6-7 ali təhsil məktəbi var. Bu universitetlər ən müasir təchizat sistemi ilə dünya səviyyəli təhsil vermək imkanındadır. Sizin dediyiniz kimi, yaxşı mənada, ölkənin hər bir universiteti bir “imperiya”dır.
– Türkiyənin və dünyanın təhsil sistemində yerinizi necə görürsünüz?
– Əlbəttə, dünyanın eləcə də Türkiyənin təhsil sistemində önəmli bir üniversitet olmaq vacib şərtlərdəndir – on bir illik fəaliyyətimizdə bunları qazana bilmişik. Mühəndislik sahəsində onluqda 2-ci, atom enerjisinin tədqiqatlarında 3-cü yerdə göstərilirik. Yeri gəlmişkən, Türk Atom Enerjisi Qurumu dünyada birincidir. Fizika sahəsində universitetimiz ilk onluqda– 6-cı yerdədir. Meşəçilik sənayesi ixtisasının tədrisində yenə də dünya nəhəgləri ilə bir sıradayıq. Balıqçılıq və su vəsaitləri sahəsində Canaqqala 18 Mart Universiteti ilə ilk yerlərdəyik. Umumiyyətlə, 23 sahədə aparılan dəyərləndirmələrin 6-sında ilk onluqda yer almaqdayıq.
Elmi çalışmalarımızı uğurla davam etdirməkdəyik. Bu sırada simpozium və konfranslar da önəmlidir. Türk dünyasının öyrənilməsi daha böyük önəm daşıyır. Bu, həm də universitetimizin bir türk dünyası universiteti olması üçün atılan addımlardandır. Bir rektor kimi, universitetimizin adının “Kastamonu Türküstan Universiteti” adlandırılması arzusundayam. Universitetimizin önündə 16 türk dövlətinin bayraqları dalğalanır. Türküstan Universiteti olmaq arzumuzun həyata vəsiqə alması üçün türk dünyası ilə əlaqələrimizi genişləndirməkdə konfrans və simpoziumların dəyəri çoxdur.
Haşiyə: Söhbətimizin bu yerində Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Türk Dövlətlər Birliyi” kitabından söz düşdü. Dilçi alimimiz, ADPU rektorunun müşaviri Vilayət Əliyev də söhbətə qoşularaq, kitabın türk dünyası üçün fundamental bir nəşr olduğunu qeyd etdi. Cavanşir müəllim səfərdə olduğundan Seyid Aydını onunla görüşdürə bilməsək də, kitabını qonağımıza catdırdıq.
– Çağdaş dünyada təhsil həm də yaxşı biznesdir...
– Bu məsələ dünyada belədir, bizdə də elə özəl universitetlər var ki, təhsildən qazanc əldə edir. Belə modern universitet yaratmaq, ora ünlü alimləri gətirmək üçün vəsait lazımdır. Amma biz bir dövlət universitetiyik, türk vətəndaşları heç bir vəsait ödəmədən burada təhsil alırlar. Digər ölkələrdən gələn tələbələrimizin ödədikləri təhsil haqları isə olduqca kiçik məbləğdir. Bunlar da qanuni ödənişlərdir, bizim büdcəyə elə bir təsiri də yoxdur. Hətta bu ödənişlər qanuni olduğu üçün alınır, yoxsa ona heç bir ehtiyacımız yoxdur. Hətta universitetimizdə təhsil haqlarının ödənilməsində elə rəqəmlər var ki, bunlar bir cib xərcliyi qədərdir: deyək ki, 100 lirə, sizin pulla 50 manat.
Dövlətin bir ənənəsi var: yetışmiş beyinlərlə inkişaf edə bilərik. Ona görə də dövlət vətandaşına təhsil verməyi ümdə vəzifələrindən hesab edir. Bizdə “Dövlət baba” deyimi var ki, bu, dövlətin hər kəsə sahib durmaq, atalıq etmək anlamındadır. Bunun müqabilində də vətəndaşlarımızın dövlətimizə, bayrağımıza, torpağımıza bağlılığı möhkəm, sevgisi hüdudsuzdur.
– Nə vaxtdan rektorsunuz?
– 2011-ci ildə rektor seçildim. Türkiyənin qanunlarına görə, bir şəxsə bir universitetdə “dörd, üstəgəl dörd” olmaqla iki dönəm seçkiyə qatılaraq rektor olmaq səlahiyyətləri verilir. İkinci dönəmdə də rektor seçildim. Məramımız universitetimizi türk dünyasına xidmət edən və seçilən beynəlxalq bir təhsil müəssisəsinə çevirməkdir.
– Xatırladım ki, konfransda 2 azərbaycanlı əməkdaşınızın– Namiq və Vüsalə Musalıların məruzələri də maraqla qarşılandı...
– Dünyanın 44 ölkəsindən tələbələrimiz var. Xarici tələbə və alimlərimizin sırasında 200 nəfərə qədər azərbaycanlı da var. Azərbaycanlılar, əsasən bakalavr təhsilindədirlər, magistr və doktorant olanlar da var. Qarışıq döyüş sənəti olan “Mai-tai” oyunlarında təmsilçilərimiz iki azərbaycanlı tələbəmizdir: Əbülfəz Mehdisoy və Eldar Əlizadə. Onlar dəfələrlə Avropa və dünya çempionu olmuşlar.
Hətta Əbülfəz üç dəfə dünya çempionu oldu. İndi təhsilini başa vurmaqdadır, universitetimizdə müəllim saxlamaq istəyindəyik.
– Professor Cəfər Cəfərov sizi konfrans iştirakçılarına “Azərbaycan əsilli” rektor kimi təqdim etdi. Mümkünsə, bu “sirri” də açıqlayın.
– Əslimiz Göycə mahalının Göl kəndindəndir. Bolşevik-daşnak zülmündən qaçan babalarım Türkiyə Amasiyasına köç etmişlər. Mən də Amasiyada doğulmuşam. Bir vaxtlar Rusiyanı titrədən Şeyx Şamil hərəkatının ideya rəhbəri olmuş, Türkiyəyə gedəndən sonra sultanın belə yüksək dəyər verdiyi, türk dünyasının fəxr etdiyi Hacı İsmayıl Şirvani kimi Azərbaycan əsilli nəhəng İslam xadiminin Amasiyadakı məscid-türbəsi ətrafında böyümüşəm. Babalarımın Azərbaycan sevgisinin, yürd, Vətən həsrətinin nə olduğunu uşaqlıq illərimdə duya bilmişəm. Mənə hərdən deyirlər ki, danışığım azərbaycanlıların ləhcəsinə çox bənzəyir. Təsdiq edirəm: belədir. Bu, bizim canımızda, qanımızdadır.
– Sovetlər dönəmində Azərbaycanın Türkiyədə ilk və son səfiri olmuş İbrahim Əbilov Ankaraya gedərkən Kastamonuda dayanmışdı. Türkiyənin o dönəmki “Açıq söz” qəzetinin baş redaktoru İsmayıl Həbib “Qardaş ölkənin səfiri” adlı baş məqaləsində yazmışdı: “Əziz qonağımız ... birbaşa qardaş bir hökumətin səfiridir”.
– İsmail Həbibin dedikləri dünənin həqiqətləri olmaqla, bu gün də bizimlədir. Kastamonu 20-ci illərdə istiqlal hərbimizin önəmli mərkəzlərindən olmuşdu. İşğal görməmiş, istiqlal hərbimizin tarixində ən çox şəhid verən vilayətlərdən biri idi. O dönəmlər biz İslam dünyasından, eləcə də Azərbaycandan böyük dəstək gördük. Kastamonu bu dəstəyin mərkəzləşdiyi bir şəhər oldu. O zaman istiqlal şairi Akif Ərsoy da burada olmuşdur. Təbii ki, Azərbaycanın ilk səfirinin də yolüstü 40 nəfərə yaxın bir heyətlə burada bir gün qonaq olmasının önəmli səbəblərindən biri bu ola bilər.
Digər tərəfdən, Türkiyənin hər yerində Azərbaycana münasibətin kökündə daha böyük ideallar dayanmışdır. Bakı səfirimiz Erkan Özoralın söylədiyi bir fikir qəlbimi riqqətə gətirdi: Qarabağ təkcə Azərbaycanın yox, həm də Türkiyənin qanayan yarasıdır. Hörmətli səfirimizin bu müqəddəs kəlamı hər bir Türkiyə vətəndaşının deyə biləcəyi ifadədir. Türkiyədə Azərbaycan deyəndə adamların necə bir duyğularla zənginləşdiyini görməmək mümkün deyil, o qəqiqə Azərbaycan kəlməsinin önünə bir “can” sözü də artırılır.
Dünyanın heç bir millətində, xalqında bu boyda sevgi və etiramı görmək mümkün deyil. Eləcə də azərbaycanlıların Türkiyə sevgisi ölçüyə gəlməyən qədər böyükdür. Dövlətlərimiz də, xalqlarımıza güvənərək, bütün münasibətlərdə bu qardaşlığın daha da inkişafında qarşılıqlı səylərini əsirgəməməkdədirlər.
– Qəzetimizin oxucularına sözünüz, diləyiniz?
– Öncə, qonaqpərvərliyə görə minnətdarlığımı bildirərdim. Birgə keçirdiyimiz konfransın təkcə universitetlərarası yox, həm də tarixi, dili və adət-ənənələri bir olan xalqlarımızın, strateji tərəfdaş olan dövlətlərimizin də tarixində əhəmiyyətli yeri olacağına inanıram.
Əminəm ki, birgə tədbirlərin keçirilməsi biz bir-birimizə daha yaxından tanıdacaq, ortaq tariximizin öyrənilməsində əhəmiyyətli rol oynayacaq.
Türk dünyasının dəyərli lideri olmuş Heydər Əliyevin hər iki ölkədə atalar sözu kimi işlədilən “Bir millət, iki dövlət” kəlamını rəhbər tutaraq yaşamaqdayıq. Bu işdə əvəzsiz xidmətləri və ənənəsi olan “Xalq qəzeti”nə və digər media qurumlarına bir millətin iki dövlətinin maraqlarını qorumağı, qəzetinizin oxucularına isə daha xoş günlər arzulayıram.
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.