Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir

ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş Rusiya Federasiyasının işğalçı dövlətə dəstək verməsi, onu silahlandırması ciddi narazılıqlara səbəb olub.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bu məsələyə münasibət bildirərkən dedi ki, Rusiyanın Ermənistanı müasir silahlarla təchiz etməsi, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışması vasitəçilik missiyasına tamamilə ziddir. Bir müstəvidə münaqişənin nizamlanmasına çalışan bir ölkənin, digər müstəvidə işğalçıya kömək etməsi başa düşülən deyil. Bu mövqe Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin ümumi ruhuna da uyğun gəlmir.

Rusiyanın Ermənistanı silahlandırmasının işğalçılıq siyasətinin həvəsləndirilməsinə xidmət etdiyini və beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulması olduğunu vurğulayan deputat bunun ATƏT-in Minsk qrupunun həmsədrlərindən birinin regionda təhlükəsizliyi təhdid etmək və gərginliyin daha da artmasını stimullaşdırmaq olduğunu dedi: “ Azərbaycan dövləti və ictimaiyyəti Rusiyadan daha ölçülüb-biçilmiş siyasət yürüdülməsini gözləyir. Çünki iki ölkə arasında dostluq münasibətlərinin qədim tarixi var. Ölkəmiz həmişə, hətta beynəlxalq tədbirlərdə belə, Rusiyanı dəstəkləməklə. qonşuluq münasibətlərinə sadiqliyini nümayiş etdirib. Avropa Şurası Parlament Assambleyasında Rusiyaya qarşı sanksiyalar tətbiqi məsələsini xatırlatmaq istərdim. Bu məsələ gündəmə gələndə Azərbaycan nümayəndə heyətinin üzvləri həmin sanksiyaların əleyhinə olduqlarını açıq şəkildə nümayiş etdirmiş və Rusiyanın mövqeyini dəstəkləmişdilər. Bunun əvəzidirmi Rusiya təcavüzkar Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürür? Hesab edirəm ki, işğalçı dövləti silahlandırmaq Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin ümumi ruhuna uyğun gəlmir. Bu mövqe iki ölkə arasında dostluq və qonşuluq münasibətlərinə xələl gətirə bilər. Rusiyanın bu qərarı sülh prosesinə çox böyük zərbədir və münaqişənin sülh yolu ilə nizamlanmasına ciddi problem yaradacaq”.

S.Vəliyeva möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin respublikamızın dünya birliyindəki mövqeyinin getdikcə möhkəmləndirdiyini və Azərbaycanın söz sahibinə çevrildiyini vurğuladı. Bildirdi ki, Rusiya Federasiyasının rəhbərliyinə, eləcə də, bu ölkədə hamıya bəllidir ki, Azərbaycan dövləti, onun Prezidenti cənab İlham Əliyev balanslı xarici siyasət həyata keçirir və bu vaxta qədər atdığı bütün addımlarda, həyata keçirdiyi tədbirlərdə heç zaman Rusiyanın əleyhinə zərrə qədər də olsun bir hərəkət olmayıb və ya bu istiqamətdə hər hansı fakt da yoxdur: “Bütün bunlardan sonra Rusiyanın Ermənistanı silahlandırmasını kəskin pisləyir və bunu ölkəmizin maraqlarına toxunan məsələ kimi dəyərləndirirəm. Rusiyanın bu mövqeyi belə təəssürat yaradır ki, ATƏT-in Minsk qrupu həmsədr dövlətlərdən biri, sadəcə olaraq, münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə deyil, onun idarə olunması ilə məşğuldur. Yəni, lazım gələndə bu münaqişədən Azərbaycana və ya Ermənistana qarşı təzyiq üçün istifadə edirlər. Bu da münaqişənin həlli imkanlarına çox böyük zərbədir”.

Qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında