Türkiyəli deputatların Azərbaycanın maraqlarına zidd olan addım atmaları Türkiyənin özünə arxadan xəncər saplamaq kimi bir işdir

Bu il sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər etmələri, həmçinin oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatları – Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” və daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatların lehinə səs vermələri həm qardaş ölkədə, həm də respublikamızda ciddi narazılıq yaradıb.

Əslində, türkiyəli deputatların Azərbaycana qarşı belə üzdəniraq münasibət göstərmələri elə Türkiyənin özünə cinahdan və ya arxadan xəncər saplamaq kimi bir şeydir. Onların bu xəyanətkar addımları Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də zərərlidir. Hesab edirəm ki, Türkiyədən olan bir neçə deputatın son zamanlar ardıcıl olaraq antiazərbaycan addımları qardaş ölkənin mövqeyinə tamamilə ziddir.

Türkiyəli deputatların Azərbaycandan rəsmi icazə almadan Ermənistanın işğal altında saxladığı ərazilərimizə qanunsuz səfər etmələri məndə belə təəssürat yaradıb ki, həmin şəxslərin Türkiyəni parçalamaq istəyən şəbəkələrlə, o cümlədən PKK ilə əlaqələri var. Onlar türk xalqının iradəsini ifadə etməyən və dövlətçilik doktrinasından çıxış etməyən adamlardır. Ona görə də belə xəyanətkarların mövqeyini Türkiyənin mövqeyi kimi qiymətləndirmək olmaz. Amma həmin şəxslərin bu hərəkətinə qarşı bizdən daha çox Türkiyənin özündən, hüquq-mühafizə orqanlarından, ictimaiyyətindən, siyasi partiyalarından ciddi şəkildə təpki olmalıdır. Hər halda ümid edirəm ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa qanunsuz səfər edən türkiyəli deputatların əməlləri cəzasız qalmayacaq. Onlar qanun qarşısında cavab verməlidirlər. Özü də operativ şəkildə! Çünki bu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasını tanımaq deməkdir. Buna hər hansı siyasi mövqe ilə bəraət qazandırmaq olmaz. Bu, hər birimizin qəti tələbidir!

Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları – Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsicinin AŞPA-da Azərbaycanın əleyhinə səs verməsinə gəlincə, qeyd edim ki, bunu Türkiyənin mövqeyi kimi qəbul etmək düzgün deyil. Lakin onların bu addımı Türkiyənin özünün də maraqlarına zərbə vurduğu üçün ciddi təpki ilə qarşılanmalıdır. Avropa təsisastlarındakı deputatların hamısı eyni siyasi mövqedə olmurlar və müxtəlif siyasi düşərgələri təmsil edirlər. Orada konkret dövlətin mövqeyindən çıxış etmək məsələsi olmur. Hər bir deputatın iştirakı fərdi xarakter daşıyır. Ona görə də AŞPA-da Azərbaycanın əleyhinə səs verən türkiyəli deputatlar Türkiyə dövlətinin və hökumətinin iradəsini ifadə eləmirlər. Onlar mənsub olduqları siyasi partiyaların, daha çox isə fərdi mövqelərindən çıxış edirlər. Həmin deputatların bir qismi yəqin ki, lobbiçiliyin qurbanı olub, bir qismi isə ümumiyyətlə, Türkiyədəki ziqzaqlardan sonra milli mövqedə deyillər. Hesab edirəm ki, AŞPA-da Azərbaycana qarşı çıxış edən deputatlara qarşı da Türkiyənin özündən daha çox təpki olmalıdır.

Fərəc Quliyev,
Milli Məclisin deputatı,
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında