Xalqımız xəyanətkarların cəzalandırılmasını istəyir

Türkiyə vətəndaşları - Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri son günlər ölkəmizdə kəskin qınaq mövzusuna çevrilib. Respublika ictimaiyyətində dərin təəssüf hissi doğuran hadisə, iki qardaş xalqın münasibətlərində çox acı fakt olmaqla yanaşı, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə hörmətsizlikdir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bu türk vətəndaşlarına heç də şərəf gətirməyəcək olaya münasibətini belə açıqlayıb: “Çox təəssüf ki, Ermənistanın yalanlarına inanan və onun siyasətini dəstəkləyənlər arasında bizə dost olan Türkiyənin bir qrup vətəndaşı da var. Təəssüf doğurmaqla yanaşı, bu həm də bir cinayət faktıdır. Azərbaycanın işğal altında olan torpaqlarına xarici vətəndaşların səfərləri ölkəmizin ərazi bütövlüyünü pozmaq kimi qəbul olunur və həmin şəxslər hökumətimiz qarşısında cinayət məsuliyyəti daşıyırlar.

Sentyabrın 22-də dörd Türkiyə təmsilçisinin və onların içində bir sabiq deputatın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməsi, əslində iki qardaş ölkənin münasibətlərinə kölgə salmaq cəhdidir. Bu səfər Azərbaycanın hüquqi məkanının pozulmasıdır və onlar buna görə məhkəmə qarşısında cavab verməlidirlər.

Təbii ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı cinayət işi açıb və Türkiyə tərəfə müvafiq sorğu göndərib. Lakin, təəssüflər olsun ki, qardaş ölkə həmin insanların Azərbaycana təhvil verilməsi ilə bağlı prosedur qaydalarını ləngidir. Doğrudur, indi bunun nə səbəbdən baş verdiyini demək çətindir. Hesab edirəm ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qardaş ölkə kimi bu məsələdə ölkəmizin sorğusuna müsbət cavab verməlidir.

Elə Türkiyə ictimaiyyəti də, Türkiyənin müvafiq qurumları da bu olayı kəskin pisləməlidirlər.Türkiyədən, onun müvafiq qurumlarından öz vətəndaşlarının törətdikləri cinayətə görə cavab gözləyirik. Biz Tükiyənin qardaş ölkə kimi bu məsələdə daim Azərbaycanın yanında olmasını gözləyir və bunun belə olacağına inanırıq. Hər hansı bir izahat, ləngimə Azərbaycanın sorğusuna adekvat cavab ola bilməz və qəbul edilə bilməz.

Türkiyə və digər ölkələrin vətəndaşları yaxşı bilməlidirlər ki, Azərbaycanın işğal olunmuş torpaqlarına səfər etdikdə onları Aleksandır Lapşinin taleyi gözləyir. Hər bir dövlət də bilməlidir ki, Dağlıq Qarabağa qanunsuz səfər Azərbaycanla olan strateji müttəfiqlik münasibətlərinə uyğun deyil”.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında