Nigar Arpadarai: Növbəti Qran-Priyə hazırlıq işi yüksək səviyyədə davam etdirilir

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu mötəbər idman yarışının növbəti mövsümünə hazırlıqlar barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Nigar xanım, növbəti Qran-Priyə hazırlıq işləri barədə fikirlərinizi bilmək maraqlı olardı?

- Bu il uğurla təşkil etdiyimiz Azərbaycan Qran-Prisindən sonra demək olar ki, növbəti yarış üçün hazırlıq prosesinə artıq start vermişik. Çünki gələn il Formula-1 Azərbaycan Qran-Prisinin keçirilməsi, bildiyiniz kimi, ilkin təqvimə görə aprel ayına nəzərdə tutulub. Bu o deməkdir ki, bizim üçün hazırlıqlara əvvəlki yarışlarla müqayisədə iki ay daha az vaxt ayrılıb. Bilet satışı məsələləri üzrə hazırlıqlar yekunlaşır. Digər proseslərin də yüksək səviyyədə aparılması üçün tədbirlər görülür. Şirkətimizdə elə şöbələr var ki, onların işi daha tez başlayır. Bəzilərinin isə işləri bir qədər sonra başlayacaq. İndi komandamız tam gücü ilə işə başlayıb.

İndi işlərimizin planlama mərhələsindəyik. Yəni, adətən tətildən sonra plan mərhələsi bir-iki ay ərzində keçirilirdi. İndi isə bu mərhələyə daha tez başlamışıq. Biz artıq gələn aydan qrup olaraq icra mərhələsinə keçməliyik.

- Trasın konfiqurasiyasında hər hansı dəyişiklik nəzərdə tutulubmu?

- Xeyr. Trasın konfiqurasiyasında heç bir dəyişiklik nəzərdə tutulmayıb. Bakı şəhər halqası şəhər trekidir. Heç bir dəyişiklik yoxdur. Tikinti işlərin gəlgikdə isə altı kilometrlik treki hazır etmək üçün birinci il asfalt qatını tam olaraq yeniləmişdik. İkinci il isə yarış üçün eyni asfalt qatından istifadə olunmuşdu. Sadəcə qəmbər daşı olan hissələrdə - Niyazi və Əziz Əliyev küçələrində asfalt qatı yenidən salınmışdı. Digər yerlərdə isə asfalt qatı eyni olaraq qalır. Bu il qəmbər daşının üstünə salınan asfalt sökülməyib. Buna görə də yeni mövsüm üçün yeni yolun tikintisi nəzərdə tutulmayıb.

- Növbəti Qran-Pridə də əyləncəli proqramlar nəzərdə tutulubmu?

- Biz hər il Qran-prilərin əyləncə proqramının zəngin və maraqlı olması üçün yeniliklər etməyə çalışırıq. Burada söhbət konsertlərdən və gələn qonaqlar üçün oyun zonalarının qurulmasından gedir. İndiki mərhələdə bu haqda danışmaq tezdir. Yarışın maraqlı olması pilotlardan və komandalardan asılıdır. Xatırlayırsınızsa, ötənilki yarış nisbətən daha sakit atmosferdə keçdi. Çünki pilotlar şəhəri yaxşı tanımırdılar deyə bir qədər yavaş və ehtiyatla hərəkət edirdilər. Bu il isə gərgin və maraqlı idman mübarizəsinin şahidi olduq. Özü də bunu təkcə biz yox, bütün dünyada qeyd edirlər. Həyəcanlı anlarla zəngin olan builki yarış pilotların gərgin rəqabəti, maraqlı ötmələr, gələn qonaqların sayının çox olması, yarışın bir neçə dəfə dayandırılması və s. məqamlar yadda qalıb. Təsadüfi deyil ki, “AzərbaycanGP” həştəqi üç saat ərzində “Twitter”də dünya üzrə birinci yerdə oldu.

- Nigar xanım, Qran-Priyə bilet satışı barədə nə deyə bilərsiniz?

- Biz hər il adətən altı ay əvvəldən bilet satışına başlayırıq. Bilet satışına hazırlıqla bağlı işlərimiz davam edir. Qarşıdakı həftələrdə bilet satışına start verəcəyik. Hazırda əsasən, qiymət siyasəti üzərində işləyirik və bunu yaxın vaxtlarda elan edəcəyik. Həmişə çalışmışıq ki, yerli vətəndaşlar üçün qiymətlər münasib olsun. Keçən il biletlər manatla satışa çıxarılmışdı və biletlərin kateqoriyalarını daha fərqli və çox etmişdik. İndi BŞH-nin kommersiya şöbəsi qiymətlər üzərində işləyir. Keçən il bahalı biletlərimiz də var idi. Lakin cari il iki əlavə zona - Sahil və Sabir parkları da əlavə olunmuşdu. Orada xüsusi əyləncələr yaradılmışdı və həmin ərazilərə biletlər çox ucuz idi: 20 manatdan başlayan qiymətlərlə bilet satılırdı. Biz bunu Formula-1 yarışını izləmək istəyən hər kəsə bu imkandan yararlanmaq imkanı verə bilmək üçün etdik. Çalışacağıq ki, bu prinsipi yeni mövsümdə də davam etdirək.

Bizim hədəfimiz təşkilati işləri yüksək səviyyədə görməkdir. Lakin biz hər zaman bununla kifayətlənməmişik. Mətbuatla səmərəli əməkdaşlıq, eləcə də tədbirlər keçirərək insanlar arasında Formula-1 və avtoidman haqqında məlumatlılığı artırmağa çalışırıq. 2016-cı ildəki Qran-Pridən əvvəl Dənizkənarı Milli Parkda xüsusi oyun zonası yaratmışdıq. Həmin məkan pulsuz fəaliyyət göstərirdi. Orada həm Formula-1 haqqında məlumat verilir, həm simulyatorlar və oyun zonaları var idi. İnsanlar gəlib orada maraqlı vaxt keçirirdilər. Digər tərəfdən, şəhərin mərkəzində yarışlar təşkil edərək, restoranların, mehmanxanaların, bizimlə əməkdaşlıq edən biznes qurumlarının bu yarışdan faydalanmasına çalışırdıq. Belə tədbirlər nəticəsində mehmanxanalar artıq altı ay əvvəldən dolu idi. Bizim başladığımız yeni proqrama 50-dən çox restoran, mehmanxana və mağaza qoşulmuşdu. Formula-1 bileti olan hər bir şəxsə həmin proqrama qoşulan obyektlərdə 20 faizədək endirim imkanı yaradılırdı. Yəni, bu tipli aksiyaları, kampaniyaları davam etdirməyi düşünürük. Bu, həm restoranlara dəstək olur, həm də Formula-1 ilə bağlı məlumatlılığın artmasına böyük töhfə verir. Pilot kampaniya kimi başladığımız həmin proqrama bu il daha çox diqqət yetirəcəyik.

Bundan başqa, Bakıda “Böyük idman tədbirlərinin ölkə iqtisadiyyatına təsiri” mövzusunda beynəlxalq konfrans təşkil etmişdik. Bu tədbirə Abu-Dabi, Bəhreyn, Soçi Qran-prilərindən promouterləri və təşkilatçıları dəvət etmişdik. Onlar öz təcrübələrini bizimlə bölüşdülər. Həmin tədbirə biznes qurumları, o cümlədən tur agentlikləri, restoranlar, mağazalar, otellər və s. böyük maraq göstərdilər. Biz bu işləri də davam etdirəcəyik. Çünki Formula-1 yarışı böyük iqtisadi imkanlara malik idman tədbiridir. İstəyirik ki, bu imkandan ölkəmiz xeyir götürsün.

- Formula-1 yarışı zamanı ölkəmizin təbliği ilə bağlı qonaqlar üçün hansı tədbirlər təşkil olunur?

- Pilotların qrafiki sıx olduğu üçün onlar şəhərimizə gələndə elə də çox qalmırlar. Onların Bakıda cəmi 3-4 gün qala bilirlər və həmin müddətdə testlərdə olur, yarışlarda iştirak edirlər. Ona görə də ölkəmizlə, şəhərimizlə tanışlıq üçün imkanları az olur. Lakin Azərbaycan Qran-Prisi şəhər trası olduğu üçün pilotlar, komandaların üzvləri paytaxtımızı müəyyən qədər görə bilirlər. Digər tərəfdən, ötən il qarajlar olan ərazidə Azərbaycan mədəniyyətini təbliğ edən çadırlar qurulmuşdu. Bundan başqa, bilirsiniz ki, Formula-1 yarışı zamanı Bakıya çoxlu sayda jurnalist gəlir. Yarış günlərində Media Mərkəzində 500-dək media nümayəndəsi çalışırdı. Həmin şəxslər dünyada tanınmış idman jurnalistləridirlər. Əslində, onlar da Bakıda işlədikləri üçün şəhəri görmək imkanları olmur.

Buna görə də biz daha fərqli formatdan istifadə etməyə başladıq və düşünürəm ki, bu, uğurlu alındı. Biz onlar üçün xüsusi səyahət turları hazırladıq. Gün ərzində qonaqlar üçün Yanardağa, Qobustana, Qala qoruğuna, Heydər Əliyev Mərkəzinə, muzeylərə və digər görməli yerlərə səfər etmək imkanı yaratdıq. Əcnəbi jurnalistlər xüsusi avtobuslarla təşkil olunan bu turlarda iştirak edərək Bakının görməli yerləri ilə tanışlıq imkanı qazandılar. Jurnalistlər özləri də deyirdilər ki, belə bir tanıtım proqramı digər Qran-prilərdə təşkil edilməyib. “Sky Sport” kanalı Qobustandan, İçərişəhərdən, palçıq vulkanlarından birbaşa reportaj hazırlamışdı. Bu, həm şəhərimizin, həm də idman tədbirimizin təbliği üçün gözəl imkandır. Çünki bizim əsas məqsədimiz şəhərimizi tanıtmaq, xarici jurnalistlərin, digər qonaqların təkcə Bakının mərkəzi hissəsi deyil, digər məkanları haqqında da məlumatlı olmalarına şərait yaratmaqdır. Məsələn, jurnalistlər möhtəşəm Heydər Əliyev Mərkəzinə heyran qalırdılar. Ona görə bu proqramları bu il davam etdirəcəyik.

- Nigar xanım, maraqlı müsahibəyə görə sizə təşəkkür edir, növbəti Qran-Priyə hazırlıq işlərində uğurlar
 arzulayıram.

- Çox sağ olun. Mən də sizə təşəkkür edirəm.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında