Bütün sahələrdə uğurlar əldə olunur

Azərbaycandakı sosial-iqtisadi inkişaf son zamanlar həm ölkə əhalisi, həm də beynəlxalq aləmdəki dostlarımız tərəfindən səmimiyyətlə etiraf olunur və yüksək qiymətləndirilir. Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi faktlar və rəqəmlər bunu bir daha sübut edir. Azərbaycan ziyalıları Prezidentin həmin nitqi barədə ürəkdolusu söz açırlar. Azərbaycan Dövlət İqtisad Universiteti elm şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov həmin məsələ barədə fikirlərini belə ifadə etdi:

 – Ölkə iqtisadiyyatının şaxələndirilməsi məqsədilə Strateji Yol Xəritələrində nəzərdə tutulmuş vəzifələrin icrasına start verilib. Qısa müddətdə, yəni doqquz ay ərzində bu sahədə böyük uğurlar əldə olunub. Qeyri-neft sektoruna diqqət və bu sahədə şaxələndirmə məsələləri, kənd təsərrüfatı sahəsində qazanılan uğurlar həyata keçirilən islahatların nəticəsidir.

Xarici ticarət sahəsində müsbət saldo 4 milyard dollardan yuxarıdır. Ölkə başçısı iclasda həmin məsələyə toxunaraq əminliklə söylədi ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız olan manatın məzənnəsinə müsbət təsir göstərir.Valyuta bazarının tənzimlənməsi istiqamətində bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür.

Dünyada baş verən qlobal maliyyə böhranının fəsadlarından sonra yaranan beynəlxalq təcrübə göstərir ki, inam və güvən olmayanda, dayanıqlı iqtisadiyyata nail olmaq mümkün deyil. İqtisadiyyatın ən əsas göstəricilərindən biri şəffaflıq və hesabatlılıqdır. Bu da onu göstərir ki, bütün qərarlar şəffaf şəkildə xalqa açıqlanır, izah olunur və bununla əlaqədar gərəkli icra işləri görülür. Bu, onun bariz nümunəsidir ki, Azərbaycanda həmin sahədə də çox ciddi addımlar atılır.

Xüsusilə onu qeyd etmək lazımdır ki, artıq ali məktəblərdə Strateji Yol Xəritələri çərçivəsində ciddi işlər görülür. Nəzərə çatdırım ki, Dövlət İqtisad Universitetində elmi-tədqiqat işləri bu məsələyə həsr olunmuşdur. İqtisadi inkişafın göstəricilərindən biri yeni iş yerlərinin açılmasıdır. Maraqlıdır ki, cənab Prezident yeni iş yerlərinin açılışında şəxsən özü iştirak edir, lazımi tapşırıq və tövsiyələrini verir. Uğurlu infrastrukturların qurulması bilavasitə Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir.

Burada meliorasiya sahəsində görülən işlərə də toxunmaq istərdim. Kənd təsərrüfatı sahələrinin suvarılması sahəsində çox ciddi işlər görülür. Bunlar hamısı göstərir ki, meliorativ tədbirlər görülür, suvarma suyu təmin edilir və bu, kəndlinin torpağa olan güvənini artırır.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, demək olar ki, başa çatıb. Bu, çox böyük layihədir. Bilirsiniz ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində bir sıra ölkələr Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edəcək və bu da Azərbaycana müvafiq qaydada gəlir gətirəcək.

 Azərbaycan Prezidenti Nazirlər Kabinetinin iclasında bu məsələyə toxunaraq bildirib: “Bakı-Tbilisi-Qars tarixi layihədir. Yəni, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsəd və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük mənfəət, səmərə verir.”

 Ölkə iqtisadiyyatına özəl sektor tərəfindən böyük investisiyalar qoyulur. Özəl sektorun aktivləşməsi həyata keçirilən uğurlu iqtisadi islahatların nəticəsidir. Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi barədə məlumatlar beynəlxalq ictimaiyyətə təqdim edilib. Bu il Azərbaycanın 35-ci yerdə qərarlaşması onun göstəricisidir ki, ölkəmiz uğurlu addımlarla yoluna davam edir. Cənab Prezidentin ifadəsi ilə desək, biz doğru yoldayıq.

Söhbəti qələmə aldı:
 Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında