Rusiya işğalçı Ermənistanı müasir silahlarla təchiz etməkdə davam edir

“Təəssüf ki, bu gün Rusiya işğalçı Ermənistanı müasir silahlarla təchiz etməyə, təcavüzkara dəstək olmağa davam edir. Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 100 milyon dollar kredit vermək öhdəliyi onun həmsədrlik missiyasına ziddir”.

Bunu APA-ya açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V. Rəhimzadə bildirib ki, Minsk qrupu münaqişənin həllinə vasitəçilik etməli olduğu halda, işğalçıya dəstək nümayiş etdirir, münaqişənin həlli istiqamətində heç bir iş görmür: “Rusiyanın Ermənistana bu cür açıq şəkildə dəstəyi ölkələrimiz arasındakı münasibətlərə uyğun deyil. 2014-cü ildə imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Bu günlərdə 100 milyon dollarlıq birinci kredit paketi təsdiq olunub. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Hesab edirəm ki, kredit müddəti simvolik xarakter daşıyır. Bu, açıq-aşkar işğalçı ölkənin silahlandırılması, münaqişənin həllinə ədalətsiz yanaşmadır. Biz 25 ildən artıqdır ki, bu münaqişədən əziyyət çəkirik. Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regionda təhlükəsizliyin təminatına ciddi əngəldir. Minsk qrupunun bütün həmsədr dövlətləri bu reallığı anlamalı, işğalçıya dəstək verməməli, münaqişənin həllində əməli fəaliyyətə keçməlidirlər”.

Baş redaktor vurğulayıb ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir: “Təhlükəsizlik Şurasının üzvləri nəinki ayrı-ayrı regionlarda, bütün dünyada təhlükəsizliyin təminatına xüsusi həssaslıqla yanaşmalı, ədalət prinsipini qorumalı, müharibəyə yox, sülhə çağırış etməlidirlər. Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin mövcudluğunu bəyan edən Rusiya nə üçün bu gün Ermənistana açıq şəkildə dəstək verir, bu ölkəni silahlandırır? Təbii ki, bu cür suallar ölkəmizin ictimaiyyətini ciddi şəkildə narahat edir. Hesab edirəm ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə daha ədalətli və obyektiv yanaşmalı, regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlardan çəkinməlidir”.

Millət vəkili Rasim Musabəyov APA-ya açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində Rusiya öncə imzalanmış razılaşma çərçivəsində Ermənistana silah alması üçün 100 milyon dollar ayırdığını açıqlayıb:

“Bunu İrəvanı danışıqlarda münaqişənin həlli üçün uzlaşmadan daha uzaq mövqe tutmağa təşviq etmək niyyəti kimi qəbul etməmək çox çətindir. Rusiya cavab verə bilər ki, Azərbaycana böyük həcmdə silah satılır. Birincisi, Bakı aldığı silahların hamısının pulunu tam ödəyir, satış zamanı hər hansı endirim olmur. Ermənistana müasir silahların verilməsi kredit kimi sənədləşdirilsə də, hər kəsə aydındır ki, Ermənistan pul ödəməyəcək. Moskva 25 ildir, Ermənistanı pulsuz silahlandırır. Hələ 1990-cı illərdə və 2000-ci illərin əvvəlində Rusiya Ermənistana 1 milyard dollar dəyərində silah və texnika verib. İkincisi, Azərbaycan Ermənistandan fərqli olaraq BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamə və qərarlarına baxmayaraq, qonşu ölkənin torpaqlarını işğal altında saxlamır“.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında