Helsinki komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələri Ermənistana yeni yardım imkanlarının yaradılması məqsədini güdür

ABŞ-ın  Helsinki komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək. Bununla  bağlı  AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Əsədov söhbət zamanı dedi:

– Adıçəkilən komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş verən hərbi əməliyyatlar zamanı itkilərin statistikası göstərilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər.

Minsk qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.

Helsinki komissiyası ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi   və təbliği məqsədilə yaradıldığını bəyan edir. Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanan  yekun aktının  10 əsas prinsipinin 8-i  (suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü;  mübahisənin dinc yolla həll olunması;  bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib. 

ABŞ-ın Helsinki komissiyasının sədri konqresmen Kristofer  Smit vaxtilə Demokratlar Partiyasının, sonra isə Respublikaçılar Partiyasının üzvü olub, indi də  ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir.

K. Smit Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir.  907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktını qəbul edilib və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayıb.   

Onu da xatırladım ki, K.Smit ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır. 

Yeri gəlmişkən, K. Smit  2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı “Azərbaycan Demokratiya aktı” adlı layihəni konqresə təqdim edərək qəbul olunmasını istəyib.  O vaxt da, elə indi də erməni lobbisinin əlində alətə çevrilən K.Smitin belə bir layihə hazırlamasında, Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirməsinə canfəşanlıqla yanaşmasında  məqsədi, təbii ki,  ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaqdan ibarətdir. Lakin qeyd edilməlidir ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və bu münasibətlərə K.Smit kimi şəxslərin fəaliyyəti ilə kölgə düşə bilməz.

Ümumiyyətlə, ABŞ-ın  Helsinki komissiyasının sözügedən mövzuda dinləmələr keçirməsi heç bir şübhə yoxdur ki, antiazərbaycançı şəbəkənin növbəti məkrli niyyətidir.

Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə nüfuz qazanması görünür, ABŞ-da erməni dairələrini sakit buraxmır. Helsinki komissiyasının Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirməsi də, qeyd etdiyim kimi, məkrli niyyətdən xəbər verir. Digər tərəfdən unutmayaq ki, K.Smit Türkiyəyə, türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə seçilir.

Bir sözlə, bu cür dinləmələrin keçirilməsi ABŞ-ın öz maraqlarına xidmət etməyən, ona qarşı çıxan qüvvələrin işidir. Burada əsas mahiyyət Dağlıq Qarabağdır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həqiqətlərini ört-basdır etməkdir.

ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan "Twitter" səhifəsində konqresmen K. Smitin ANKA sədri ilə görüşü əks olunub. Alt yazısında isə A. Hamparyan qeyd edir ki, “erməni işi”ni dəstəkləmək üçün Smit ilə görüşür.

Şübhəsiz ki, Helsinki komissiyasının və onun rəhbərinin indiyə qədərki fəaliyyətini nəzərə alan Azərbaycan tərəfi bu dinləmələrdən də heç bir pozitiv nəticə gözləmir.

Görünür, K. Smit və təmsil etdiyi erməni lobbisi dinləmələr keçirməklə Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədini  güdür.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında