Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Azərbaycan Respublikasının Prezidenti 2017-ci ilin doqquz ayında ölkəmizin iqtisadi, siyasi, mədəni, sosial həyatında baş verən məsələlərə münasibət bildirdi. Ona görə də bu çıxışı bir neçə aspektdən, kompleks şəkildə qiymətləndirə bilərik. Çıxışda iqtisadi, siyasi və sosial məsələlər bloku ilə yanaşı, Azərbaycanın həyata keçirdiyi qlobal layihələrdən və hazırkı mərhələdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolundan da ətraflı bəhs edildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib: “Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 2017-ci ili ciddi iqtisadi islahatlar ili kimi xarakterizə etdi. Doğrudan da, səsləndirilən rəqəmlər 2017-ci ildə çox böyük iqtisadi uğurların əldə edildiyini göstərir. Bu ilin tarixə iqtisadi islahatlar ili kimi düşməsi 2014 və 2015-ci illərdə Azərbaycan Prezidenti tərəfindən qlobal iqtisadiyyatda baş vermiş kataklizmlərlə bağlı çevik və effektiv iqtisadi siyasət strategiyası müəyyənləşdirməsi ilə bağlıdır”.
Milli Məclisin deputatı qeyd edib ki, əgər 2015 və 2016-cı illərdə ölkəmizdə strateji iqtisadi islahatlar kursu müəyyəşdirilməsəydi, qanunvericilik və institusional sahələrdə islahatlar aparılmasaydı bugünkü uğurlardan da danışmaq olmazdı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın valyuta ehtiyatları, onun iqtisadi və siyasi müstəqilliyini şərtləndirən strateji vasitədir. Hazırkı mərhələdə hər bir milli dövlətin valyuta ehtiyatlarının olması onun iqtisadi və siyasi müstəqilliyinin bir növ təminatçısıdır. Çünki ölkənin valyuta ehtiyatları yoxdursa, dərhal ən müxtəlif beynəlxalq maliyyə institutları ilkin növbədə bir qədər cəlbedici, sonrakı mərhələdə isə ağır şərtlərlə borc verməklə milli dövlətləri kredit və borclarla yükləyirlər. Bununla da yenidən iqtisadiyyatı dirçəltmək üçün məşəqqətli bir yol keçmək lazım gəlir. Məhz bu məsələnin həssasiyyətini və hazırkı mərhələdə Azərbaycan üçün bunun nə dərəcədə təhlükəli olduğunu nəzərə alan Prezident İlham Əliyev valyuta ehtiyatlarımızın artdığını vurğuladı. Qeyd olundu ki, bu gün Azərbaycanın 42 milyard valyuta ehtiyatı var və təkcə 2017-ci ilin 9 ayı ərzində valyuta ehtiyatlarımız 4,5 milyard artıb. Müharibə vəziyyətində olan bir ölkə üçün valyuta ehtiyatlarının qorunması başlıca strateji məsələdir.
“Biz bilirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, o cümlədən Azərbaycanın ərazi bütövlüyü məsələsində Azərbaycana çoxsaylı beynəlxalq təzyiqlər
edilir. Azərbaycan müstəqil xarici siyasət yeridə bilməsə, o zaman ərazi bütövlüyü məsələsində güzəştə məcbur edilə bilər. Ona görə də həyata keçirilən çevik, iqtisadi-siyasi islahatlar hazırkı mürəkkəb iqtisadi mərhələdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin edir. Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını deyən dövlətimizin başçısı bildirdi ki, 2017-ci ilin 9 ayında 14 xarici ölkəyə səfər edib. Eyni zamanda, 10 ölkənin dövlət və hökumət başçısı Azərbaycana səfər edib. İlin sonuna kimi qarşılıqlı səfərlər davam edəcək. Bu isə Azərbaycanın dünya dövlətləri ilə, beynəlxalq təşkilatlarla münasibətlərinin ikitərəfli və çoxtərəfli qaydada inkişaf etdiyinin göstəricisidir. Heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, rolu və nüfuzu artmaqdadır. Əlbəttə ki, bu münasibətlərin hamısında Azərbaycanın başlıca hədəfi öz ərazi bütövlüyünü təmin etməkdir. Bunun üçün Azərbaycan özünə tərəfdaş və dost ölkələr seçir, onların sayını daima artırır”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru bildirib ki, Azərbaycanda həyata keçirilən çox böyük regional və qlobal xarakterli iqtisadi layihələr də ayrı-ayrı ölkələri Azərbaycana iqtisadi tərəfdaş etməklə yanaşı, həm də onu etibarlı, siyasi partnyor edir. Məhz bu məsələləri ümumi xarakterizə edən Prezident qeyd etdi ki, Azərbaycan 2016-cı il aprel döyüşlərindən sonra müxtəlif şərtlər qoyaraq danışıqlar masasından qaçmağa çalışan Ermənistanı danışıqlar masası arxasında oturmağa məcbur etdi.
Hazırkı mərhələdə Azərbaycanın hərbi-siyasi üstünlüyü imperativdirsə, o zaman ermənilər danışıqda maraqlı olmalıdır. Əks təqdirdə, onları çox pis nəticələr gözləyə bilər. 9 ayın yekunlarına həsr olunmuş iclasda bu fikirlərin səsləndirilməsi Ermənistanın işğalçı rejiminə yeni bir mesaj idi. Bu ciddi mesaj Ermənistan tərəfindən düzgün oxunmalıdır.
Prezident İlham Əliyev qeyd etdi ki, aparılan xarici siyasətimiz Azərbaycanın milli maraqlarını təmin edən siyasətdir. Önümüzdəki mərhələdə də Azərbaycan bu istiqamətə işlərini davam etdirəcək və yeni layihələr həyata keçirəcəkdir. Azərbaycanda çox münbit investisiya mühiti var. Azərbaycanın iqtisadiyyatının qlobal rəqabətlilik reytinqində 37-ci pillədən 35-ə yüksəlməsi mühüm iqtisadi göstəricidir. Bütün bunlar Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində, o cümlədən 2017-ci ildə imzalanan yeni əsrin yeni müqaviləsi və digər meqalayihələr kontekstində Azərbaycan iqtisadiyyatı üçün böyük perspektivlər vəd edir, onun inkişafını şərtləndirir ki, bu da bizim həm beynəlxalq nüfuzumuzu, həm də siyasi müstəqilliyimizi təmin edəcək əsas resurslar qismində çıxış edir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.