Azərbaycan Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis olunub. Bayram ərəfəsində Yeni Azərbaycan Partiyası “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə təşkilatının sədri Xeyrulla Hümbətovla görüşüb ötən dövrdə keçilən şərəfli yoldan, qarşıdakı perspektivlər barəsində söhbət açmasını xahiş etdik. O dedi:
- Rusiya imperiyasının polad magistrallarının tərkib hissəsi kimi yaranan, sovet dövründə isə bir neçə dəfə Ümumittifaq və Zaqafqaziya dəmir yolu qurumlarına birləşdirilən Azərbaycan dəmir yolları 1955-ci ildən respublika iqtisadiyyatına daxil olan ayrıca nəqliyyat idarəsi kimi fəaliyyət göstərib.
Müstəqilliyin ilk 17 ilində Azərbaycan Dövlət Dəmir Yolları adlanan bu qurum Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yenidən təşkil olunaraq səhmləri dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.
Xatırladım ki, respublikamızda dəmir yolunun inkişaf tarixinin böyük bir hissəsi ulu öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz ümummilli liderin diqqət və qayğısı sayəsində ötən əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqisinin zirvəsinə çatıb. Ulu öndər istər Azərbaycan Respublikasında, istərsə də keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlayıb və onun inkişafına xüsusi önəm verib. Bununla bağlı bəzi faktlara nəzər salaq. Ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə keçmiş SSRİ-nin ən böyük çeşidləyici stansiyalarından olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyət daşıyan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilib. Görülən işlər nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrdə 80-90 milyon tona çatdırılıb.
Bir faktı da xatırlatmaq istərdim. Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu hazırda Zaqafqaziyada bu sahədə ixtisaslaşdırılan yeganə müəssisədir. 1975-ci ildə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılan bu depo hazırda dəmir yolunun fəaliyyətində aparıcı rol oynayaraq bütün konteyner parkının əsaslı və planlı cari təmirini həyata keçirir.
Yuxarıda sadalananlarla yanaşı, 1975-79-cu illərdə Bakı elektrik dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülüb, Gəncə şəhərində texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı, habelə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirmək gücündə olan Şirvan dövriyyə depoları tikilib.
Azərbaycan Baykal-Amur Magistralı (BAM) adlandırılan 160 kilometr uzunluğunda və ən çətin sahədən keçən Yevlax-Balakən dəmir yolu ulu öndərin birbaşa diqqət və qayğısı ilə çəkilib. Həmin xəttin tikintisi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər inşa edilib və 1985-ci ildə istifadəyə verilib.
Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra dövlətçiliyimizi faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkədə planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid prosesi sürətləndi, iqtisadiyyatın tarazlı inkişafı üçün kompleks tədbirlər reallaşdırıldı, iqtisadi göstəricilər tədricən yaxşılaşdı. Bütün bu müsbət dəyişikliyin əldə edilməsində, şübhəsiz ki, Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafının diqqət mərkəzində saxlanılması da öz müsbət təsirini göstərib.
1998-ci il yanvar ayının 4-də Dübəndi terminalının və stansiyasının açılış mərasimində ümummilli lider Heydər Əliyev iştirak edib, burada görülən işləri, dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq, onun maddi-texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki,1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.
Ulu öndərin siyasi xəttinin layiqli davamçısı dövlətimizin başçısı cənab İlham Əliyev Prezident seçildikdən sonra dəmir yolu sistemində də ardıcıl tədbirlər həyata keçirilməyə başlanıldı. Ölkə Prezidentinin rəhbərliyi ilə “Azərbaycan Dəmir Yolları”nın beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm işlər dəmir yolu infrastrukturunun inkişafını sürətləndirdi.
Bu gün inamla deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaradıb. Cənab İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən illər ərzində bu sahədə baş verən dəyişikliklərlə yanaşı, mühüm uğurlar da əldə olunub. Beynəlxalq maliyyə qurumları ilə sözügedən Qapalı Səhmdar Cəmiyyət (QSC) arasında əlaqələr daha da intensivləşib. İslahatların aparılması sürətlənib. QSC-nin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnib.
Ölkə rəhbərliyi tərəfindən hazırda dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yük daşımalarının, xüsusilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Bu məqsədə isə daşımaların sürətini artırmaqla, daşınan yüklərin təhlükəsizliyini təmin etməklə, çevik tarif siyasətini, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla çatmaq mümkündür. Yuxarıda xatırlatdığım kimi, hazırda QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə bu istiqamətdə önəmli tədbirlər reallaşdırılır, tranzit yüklərin ölkə ərazisindən keçirilməsi nəticəsində əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına xüsusi diqqət yetirilir.
Dəmir yolu sistemində son illərdə baş verən bir sıra yeniliklərə də qısaca nəzər salmaq istərdim. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı və xeyir-duası ilə 2015-ci il sentyabrın 12-də 84 kilometr uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarı istifadəyə verilib. Hazırda 98 kilometr uzunluğu olan Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun təmiri aparılır ki, bunun da nəticəsində Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolu sərnişinlərin istifadəsinə veriləcək.
Sərnişinlərin rahatlığı məqsədilə yenidən qurulan Bakı dəmir yolu vağzalının binası əsaslı təmir olunduqdan sonra, bu il fevralın 10-da cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib. Təmir-bərpa işləri, ümumilikdə, 200 min kvadratmetr sahəni əhatə edib. İşlər 1883-cü ildə inşa olunan və “Bakının Tiflis vağzalı” adı ilə tanınan binada, 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən vağzal-mehmanxana kompleksində və ümumiyyətlə, bütün vağzal ərazisində aparılıb. Təmir-bərpa işləri hər iki binanın memarlıq üslubunun saxlanması ilə həyata keçirilib.
Möhtərəm dövlət başçımızın Azərbaycanda yürütdüyü müdrik sosial siyasət dəmiryolçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində də əməli işlərin görülməsinə təkan verib. Uzun müddət mənzil növbəsində dayanan
200-ə yaxın dəmiryolçu ailəsi yeni mənzillə təmin olunub. Səhiyyə xidmətinin səviyyəsi artırılıb. Dəmiryolçuların iş şəraitinin yaxşılaşdırılması məqsədilə “Azərbaycan Dəmir Yolları”nın inzibati binası əsaslı təmir edilərək istismara verilib. Artıq formalaşdırılan və dünya səviyyəsində tanınaraq Azərbaycan brendinə çevrilən “ASAN xidmət” innovasiya sisteminin bir hissəsi olan “ASAN qatar” uğurla fəaliyyət göstərir və qısa müddət ərzində regionlarda minlərlə vətəndaşa xidmət edib.
Yeri gəlmişkən, burada bir mühüm məqamı da xatırlatmaq istərdim. Azərbaycan, eləcə də “Azərbaycan Dəmir Yolları” üçün əlamətdar hadisə kimi tarixə düşəcək XXI əsrin əsas layihələrindən olan və təkcə üç xalqı, üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı bu il oktyabrın 30-da Bakı şəhərində keçiriləcək.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir önəm daşıyır. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu Bakı-Tbilisi-Ceyhan xəttindən sonra Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən ikinci böyük layihədir. Belə ki, sözügedən dəmir yolu region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya prosesinin sürətlənməsinə, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.
Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini dəfələrlə artıracağı da şübhəsizdir. Yeri gəlmişkən, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonrakı ilk illərdə Azərbaycanın təkcə tranzitdən illik gəlirinin 50 milyon dollar olacağı gözlənilir.
Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yükün daşınması mümkün olacaq.
Yeri gəlmişkən, onu da deyim ki, Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Müasir texnoloji üstünlüklərlə təchiz olunan vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılan sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin rahat səfər etmələrini reallaşdıracaq.
Burada mühüm bir məqama da toxunmaq istərdim. Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunmasını zəruri edən əsas amil Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsidir. Belə ki, Böyük İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək deyib: “Belə infrastrukturların qurulması Böyük İpək yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də, Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.
Hazırda Azərbaycan ildə 30 milyon ton yükü Çindən Avropaya və Avropadan Çinə, İrandan və Şərqdən Şimala və Rusiyaya, Rusiyadan da Yaxın Şərqə daşımaq imkanına malikdir. Burada ciddi rəqabət var və Azərbaycan da beynəlxalq tranzit sistemində yer tutmaq üçün lazımi tədbirlər görür. Bu məqsədlə Azərbaycandan keçən Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində işlər sürətlə gedir. Ölkəmizdə artıq beynəlxalq səviyyəli yeni hava limanları, dəniz limanı tikilib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatması da ölkəmizin tranzit imkanlarını kifayət qədər genişləndirəcək, Asiya ilə Avropa arasında yük daşımalarını və kommunikasiyaları asanlaşdıracaq.
Sonda xüsusi vurğulamaq istərdim ki, “Azərbaycan Dəmir Yolları” QSC- də də islahatlar dönməz xarakter alıb. Bu isə kollektiv tərəfindən böyük razılıq hissi ilə qarşılanıb, dəmiryolçularda qarşılaşılan hər hansı problemin tezliklə həll ediləcəyi qənaəti yəqinləşib. Bu, həm də ölkə başçısının QSC-nin inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmasını göstərir.
Dövlət başçısının tapşırıqları əsasında hazırda dəmir yolu təsərrüfatına dərindən bələd olan Cavid Qurbanovun rəhbərliyi ilə genişmiqyaslı yenidənqurma işləri davam etdirilir. Polad magistralın modernləşdirilməsi, texniki tərəqqisi və hərtərəfli yeniləşməsi, mühüm dəmiryolu obyektlərinin istifadəyə verilməsi, “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması və digər çoxşaxəli tədbirlər problemlərə kompleks yanaşmanın mövcud olduğunu bir daha təsdiqləyir. Görülən işlər göstərir ki, Azərbaycan dəmir yolu ölkənin sosial-iqtisadi inkişafında öz yeri olan təsərrüfat kompleksi kimi bundan sonra da dinamik inkişaf edəcək.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.