Auditoriyaya sakitlik çökmüşdü. Bütün tələbələr həyəcanla imtahan suallarını nəzərdən keçirirdilər. Hər kəs professor Ziqlinde Hartmannın orta əsrlər alman ədəbiyyatı fənni üzrə imtahanını uğurla başa vurmağı arzu edirdi. Müəllim və tələbələr arasında alman dilində olan dialoq Bakı Slavyan Universitetinin (BSU) Germanistika İnstitutunda oxuyan tələbələrin dilə olan sevgi və yüksək bilikləri barədə ilk andan müsbət təəssürat yaradırdı.
Germanistika İnstitutunun direktoru, dosent Sevinc Rzayeva bildirdi ki, institut hər zaman əcnəbi mütəxəssisləri işbirliyinə cəlb etməklə yanaşı, Almaniya və digər almandilli ölkələrin nüfuzlu universitetlərinin pedaqoqları ilə mütəmadi əməkdaşlıq edir. Almaniyanın Vürtsburq Universitetinin müəllimi xanım Ziqlinde Hartmann həmin müəllimlərdən biridir və artıq 2007-ci ildən bəri Germanistika İnstitutunda azərbaycanlı tələbələrə dərs deyir: “ 2010-cu ildə BSU-da alman dili filologiyası və müəllimliyi ixtisası yaradılanda ilk olaraq 10 tələbə qəbul olmuşdu. Bu gün isə alman dili ixtisası üzrə 120-dən çox, alman dili ikinci xarici dil üzrə isə yüzə yaxın tələbəmiz var. 2015-ci ildə isə ölkəmizdə ilk dəfə olaraq, BSU-nun nəzdində Germanistika İnstitutunun açılışı oldu. Tələbələrimizin alman dilinə marağı böyükdür. Odur ki, Ziqlinde xanımın dərsində böyük maraq və həvəslə iştirak edirlər. O, universitetimizin fəxri professoru olmaqla yanaşı, həm də rektorun xarici əlaqələr üzrə müşaviridir. Ümumiyyətlə, əcnəbi müəllimlərin universitetimizdə dərs deməsi həm əməkdaşlıq baxımından, həm də tələbələrimizin həmin dili daha yaxşı mənimsəməsi baxımından böyük önəm daşıyır. Biz həm də DAAD—Alman Akademik Mübadilə Xidməti ilə mütəmadi əməkdaşlıq edirik. Tələbələrimiz DAAD proqramı vasitəsilə imtahanlarda uğurlu nəticələr qazanaraq yayda Almaniyada keçirilən dil kurslarına qatılırlar. Sözsüz ki, müəllimlərimiz də tələbələrin imtahana hazırlaşıb uğur qazanmasında öz dəstəklərini göstərirlər. ”
Söhbət zamanı onu da öyrəndik ki, Bakı Slavyan Universiteti və Almaniyanın Auqsburq Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən hər tədris ili üçün Auqsburq Universitetinin germanistika sahəsi üzrə nümayəndələri alman dili ixtisası üzrə təhsil alan tələbələrə mühazirələr oxumaq üçün BSU-ya dəvət olunurlar.
İnstitutun təcrübəli müəllimlərindən olan dosent Telman Kazımov bizi imtahanın getdiyi Humbolt adına Tədris və Mədəniyyət Mərkəzi ilə tanış etdi. Bildirdi ki, bura Almaniyanın ölkəmizdəki səfirliyi tərəfindən bütün lazımi avadanlıq və dərs vəsaitləri ilə təmin edilib və burada tələbələr üçün hər cür şərait yaradılıb. Telman Kazımov qeyd etdi ki, Almaniyadan olan müəllimlərin BSU-da mühazirələr oxuması, tələbələrlə ünsiyyəti tədrisin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, azərbaycanlı müəllimlərin daha da təkmilləşməsində mühüm rol oynayır. Yeri gəlmişkən, Telman müəllim başda olmaqla, institutun fəal müəllimlərindən Sahibə İbrahimova, Sənubər Zeynalova, Səbinə Hüseynova, Murad Muradovun və başqalarının Ziqlinde Hartmannla fəal əməkdaşlığı burada müsbət bir ab-hava yaradıb. Bunu imtahan bitdikdən sonra Ziqlinde Hartmannın məni Azərbaycan dilində salamlaması zamanı da hiss etdim.
Alman dili müəlliməsi “Uzun illərdir ki, azərbaycanlı tələbələrə dərs deyirsiz. Onların marağı və dil öyrənməyi sizi qane edirmi?” — sualına gülümsəyərək cavab verir:
– Tələbələrin alman dilinə, eləcə də Almaniyaya böyük marağı var. Artıq 2007-ci ildən Bakı Slavyan Universiteti ilə əməkdaşlıq edirəm. Mənim üçün azərbaycanlı tələbələrlə ünsiyyətdə olmaq və bu əməkdaşlıq çox xoşdur. Onlar böyük həvəslə alman dilini öyrənir, dərslərdə fəallıq göstərirlər. Çoxu daha sonra təhsilini Almaniyada davam etdirmək arzusundadır. Biz tez-tez alman ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini səhnələşdiririk. Həmin səhnəciklərə universitet ictimaiyyəti böyük maraq göstərir. Məşhur alman şairi Hötenin “ Sehrli şagird” əsərini, eləcə də alman folklor ədəbiyyatından “Nibelunqlar haqqında nəğmə “ dastanının motivləri əsasında hazırlanmış kompozisiyanı tələbə və pedoqoji kollektivə təqdim etmişik.
–Yəqin ki, Bakını, Azərbaycanı gəzmək imkanınız olub...
–Əlbəttə. İlk dəfə Bakıya gələndə Qız qalası, xüsusilə də İçərişəhərin tarixiliyi məni valeh etdi. Bakının bir sıra tarixi məkanlarında, Atəşgahda, Qobustan dövlət qoruğunda olmuşam. Quba, Şəki, Qəbələ kimi bölgələrinizə səfərlərim olub. Böyük zövq almışam. Xüsusilə də Şəkinin təbiəti, tarixi yerləri , Şəki xan Sarayı məni daha çox cəlb edib.
–Almaniya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün tövsiyyələriniz nədir?
–Əlaqələrin yaxşı olmasının nəticəsidir ki, bu gün alman dilinə gənclərin marağı böyükdür. Bakı Slavyan Universiteti ilə Almaniya universitetləri arasında əməkdaşlıq uğurla davam edir. Mütəmadi olaraq germanistika ilə bağlı tədbirlər, konfrans və seminarlar keçirilir, mütəxəssislər toplanaraq fikir mübadisləsi aparır, orada səslənən elmi müzakirələrin materialları sonradan nəşr edilir. Müştərək mövzularla bağlı araşdırmalar aparılır. Məsələn, almanların “Nibelunqlar əfsanəsi” ilə Azərbaycan xalqının “Kitabi Dədə Qorqud” dastanının ortaq cəhətləri ilə bağlı geniş auditoriyanı əhatə edən simpozium təşkil edildi. Orada müxtəlif universitetlərdə fəaliyyət göstərən ziyalılar, müəllimlər maraqlı çıxışlar etdilər. Düşünürəm ki, Azərbaycanla, xüsusilə də BSU ilə əməkdaşlığım bundan sonra da uğurla davam edəcək.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.