Notariat - mülki dövriyyənin bütün iştirakçılarının mülkiyyət hüquqlarını təmin edən mülkü hüquq institutu kimi yaranmışdır. Müasir dövrdə notariat işi böyük irəliləyişə nail olmuş və notariusun yanına gələn istənilən şəxs ixtisaslaşmış hüquqi yardım almaq imkanına malikdir. Bakıda işgüzar səfərdə olan Tatarıstan Respublikasının əməkdar hüquqşünası, Tatarıstan Respublikasının Notariat Palatasının prezidenti Olqa İlyiniçna Qrişina, səfərin sıx qrafikinə baxmayaraq böyük həvəslə AZƏRTAC-ın müxbirinə müsahibə verdi.
“İlk dəfədir ki Bakıdayam. Azərbaycanın paytaxtı ilə bağlı təəssüratlarım möhtəşəmdir. Bakını bəyənməmək olmaz. Amma ən əsası insanlardır. Nadir hallarda belə insanlara rast gəlmək olar: tərbiyələri, mehriban rəftarları, xoş niyyətləri... Biz Fəxri xiyabanı ziyarət etdik və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etdik. Bu protokol üçün deyil, bu bizim borcumuzdur. Azərbaycanın qürur duymağa çox əsasları var”, söhbətin əvvəlində Olqa Qrişina bildirdi.
- Ötən həftə Azərbaycanın paytaxtında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Rusiya Federal Notariat Palatasının və Almaniyanın Qalle-Vittenberq Universitetinin birgə təşkilatçılığı ilə “Daşınmaz əmlakla bağlı əqdlərdə notariusların iştirakı: xarici təcrübə” mövzusunda beynəlxalq seminar keçirilib.
- Bu kimi tədbirlər müxtəlif ölkələrin notariatları sahəsində təcrübə mübadiləsi baxımından çox səmərəlidir. Seminarın təəssüratları bütün gözləntilərimizi aşdı. Daha dəqiq desəm, belə bir yüksək səviyyəli notariatla üzləşəcəyimizi gözləmirdik. Heç bir dövlətdə elektron notariatın Azərbaycanda olduğu dərəcə yüksək səviyyədə təşkilinin şahidi olmamışdıq. Əlbəttə ki, elektron texnologiyaların istifadəsində böyük irəliləyiş əldə etmiş Avropa ölkələri də var, amma bu gün Azərbaycan bir nömrədir. Bu bir iltifat deyil, bu gerçəkdir. Biz çox təsirləndik və hələ də həmkarlarımla böyük təəssürat içindəyik. Bu nailiyyətlərin Ədliyyə Nazirliyinin dəstəyi və himayəsi altında əldə edilməsi təqdirəlayiqdir.
Seminarda iqtisadiyyatı intensiv inkişaf edən, xüsusilə də tikinti-inşaat sahəsində ölkələr üçün aktual olan məsələlər müzakirə olundu. Məlumdur ki, son illərdə həm Rusiya, həm də Azərbaycanda tikinti sektoru sürətlə inkişaf etmiş, sahibkarlıq layihələri, habelə müxtəlif sosial proqramlar çərçivəsində çoxsaylı mənzillər tikilib.
Bu sahədə əqdlərin hüquqi təminatı notariatın əsas funksiyalarından biridir. Notariatın daşınmaz əmlakla bağlı əqdlərdə iştirakı müqavilə tərəflərinin hüquqlarının qorunmasına xidmət edir. Ona görə də, bu məsələlərdə dəqiqlik, müqavilə şərtlərinin ətraflı qeyd olunması və onların hüquq normalarına uyğunluğu çox vacibdir. Bu baxımdan da daşınmaz əmlakla bağlı əqdlərdə peşəkar hüquqşünasın – notariusun mülkiyyət hüquqlarının təminatçısı qismində iştirakı sahəsində vahid bir təcrübənin formalaşması çox vacibdir. Seminarda həmin məsələlərinin nəzəri və praktiki problemləri müzakirə olundu.
Bundan əlavə bizə müxtəlif növ xidmətlərin göstərildiyi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olmaq imkanı yaradıldı. Mərkəzlərdəki insanların sayı bu qurumların əhali arasında nə qədər böyük populyarlıq qazandığını göstərir.
- Bu gün Rusiyada, Tatarıstan da daxil olmaqla, notariat palataları mövcuddur. Bu palataların təşkili barədə nə deyə bilərsiniz?
- Notariat palatasının zəruriliyi faktdır. 1993-cü ildə “Rusiya Federasiyasının notariat haqqında qanunvericiliyin əsasları” qəbul edildikdən sonra dövlət notariusların xüsusi praktikaya keçməsinə və əvvəllər mövcud olmayan, prinsipcə yeni olan qeyri-kommersiya təşkilatı – “Federal Notariat Palatası (FNP) yaradılmasına imkan yarandı. Federal Notariat Palatası işini 84 regional notariat palataları ilə təşkil edir, palatalar isə yerlərdə notariusların işini əlaqələndirir. Şübhəsiz ki, palata notariatın işinin təşkilində dövlətə, Ədliyyə Nazirliyinə böyük yardımçıdır. Notariat bu gün - ölkənin ədliyyə sisteminin çox əhəmiyyətli tərkib hissəsidir, dövlətin hüquq sisteminin zəruri bir bölməsidir. O, dövlətin iqtisadi və sosial strukturlarına dəstək verən və hüquqi münaqişələrin qarşısını almaq məqsədi daşıyan institutdur. Hesab edirəm ki, Azərbaycan notariatı üçün Palatanın işinin təşkili sahəsində Rusiyanın təcrübəsini öyrənmək faydalı ola bilər.
- Notariat sahəsində İKT-nin rolunu (“elektron notariat”ı) necə qiymətləndirirsiniz?
- Müasir dünyada informasiyanın emalı, ötürülməsi və yığılması vasitələrinin rolu sonsuz dərəcədə artmışdır. Hazırda kompüter vasitələri və informasiya texnologiyaları ölkənin elmi və texniki potensialını, milli iqtisadiyyatının inkişaf səviyyəsini, insanların həyat tərzini müəyyənləşdirir.
Bu sahədə bizim Azərbaycandan öyrənəcək bir çox şey var. Seminarda, bizə dövlət orqanlarının müxtəlif reyestrlərinə və informasiya sistemlərinə inteqrasiya etmiş “Elektron notariat” informasiya sisteminin fəaliyyəti haqqında məlumat verildi. Bu sistemin vasitəsi ilə notariuslar müxtəlif məlumat bazasından onlayn rejimdə informasiya əldə etmək, notariat əməliyyatların həyata keçirilməsi üçün məlumatları dərhal yoxlamaq, əqdlərin bağlanması zamanı vergiləri hesablamaq, statistik məlumatları sistemləşdirmək, arxiv sənədlərini öyrənmək və digər imkanlara malikdir... hamısını sadalamaq olmur.
Burada bizə məlumat verildi ki, dövlətdə informasiya texnologiyaları və elektron xidmətlərin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarının icrası ilə bağlı həyata keçirilib.
Notariat sahəsində İKT inkişafı və istifadəsi səviyyəsini nəzərə alaraq, biz notariat fəaliyyətinin həyata keçirilməsində müasir metodların tətbiqi sahəsində bizə yardım göstərməsi məqsədilə sizin mütəxəssislərinizin dəvət olunması barədə razılıq əldə etdik.
Mən Azərbaycan notariatının bundan sonra da çiçəklənməsini arzu edirəm və ölkələrimizin notariat fəaliyyəti sahəsində təcrübə mübadiləsi sahəsində sıx əməkdaşlığına ümid edirəm.
- Müsahibə üçün təşəkkür edirik.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.