Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra dünyanın əksər dövlətləri ilə qarşılıqlı əməkdaşlığa söykənən mədəni-siyasi, iqtisadi-hərbi münasibətlər qurmuşdur. Azərbaycanın ən sıx əməkdaşlıq və bir sıra strateji məsələlərdə tərəfdaşlıq etdiyi dövlətlərdən biri də İsraildir. Bugünlərdə
ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT-nin 72-ci sessiyasında çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu dost ölkələr siyahısında Azərbaycanın adını çəkməsi, Azərbaycanın dövlət başçısı İlham Əliyevin məzmunlu çıxışı, erməni lobbisinin fəaliyyəti və yəhudi ictimaiyyətinin xalqımıza isti münasibətləri ilə bağlı beynəlxalq münasibətlər üzrə ekspert, nüfuzlu “The Jerusalem Post” qəzetinin analitiki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri, Azərbaycan naminə önəmli işlər görən vətənpərvər diaspor nümayəndəmiz Arye Qutla söhbətləşdik.
– Bugünlərdə ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 72-ci sessiyası keçirildi. Sessiyada həm Azərbaycan, həm də İsrail rəhbərləri önəmli açıqlamalar verdilər. Hər iki liderin çıxışını dəyərləndirərdiniz...
– 2017-ci il sentyabrın 20-də BMT-nin Baş Məclisinin növbəti iclası keçirilib. Həmin iclasda bütün bəşəriyyəti narahat edən qlobal məsələlər qaldırılıb. Bu toplantıda
bir necə parlaq çıxışlar səsləndi. İsrailin Baş naziri Benyamin Netanyahu və Azərbaycanın Prezidenti İlham Əliyevin çıxışları daha diqqətçəkən idi.
İsrailin Baş naziri maraqlı fikirlər söylədi: “Biz böyük bir inqilab dövründə yaşayırıq – İsrailin dünya xalqları arasında tutduğu mövqeyindəki inqilab dövründə. Bu, onunla bağlıdır ki, dünyanın bir sıra ölkələri, nəhayət, sanki yuxudan oyanıb və İsrailin onlar üçün nələr edə biləcəyini görüblər. Onlar anlayırlar ki, İsrail kənd təsərrüfatı, su ehtiyatları, kibernetik sənaye, avtonom nəqliyyat vasitələri və bir sıra başqa sahələrdə innovasiyalar, qabaqcıl texnologiyalar ölkəsidir. Bu dövlətlər İsrailin terrorizmə qarşı mübarizədə müstəsna imkanlara malik olmasını da etiraf edirlər. Bu həqiqətdir, hamıya məlumdur ki, İsrail çox inkişaf etmiş bir ölkədir və burada hər bir sahədə, ən yeni texnika və texnologiyalardan istifadə olunur. Əlbəttə, bu nailiyyətlər terrorizmə qarşı mübarizədə də uğurla istifadə olunur. Sonra Benyamin Netanyahu İsrailin uğurlu xarici siyasətindən danışarkən dedi: “Keçən il dünya liderlərinin çoxu İsraildə olub, mən isə öz ölkəmi altı qitədə təmsil etmək şərəfinə nail olmuşam. Mən Afrikada səfərdə olarkən, israilli alimlərin orada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını necə artırdıqlarını, havanı suya çevirdiklərini və QİÇS virusuna qarşı necə mübarizə apardıqlarını görmüşəm. Mən Asiyada oldum. Biz bu qitədə Çin və Sinqapurla əlaqələrimizi dərinləşdirmişik, Azərbaycanda və Qazaxıstanda müsəlman dostlarımızla əməkdaşlığı genişləndirmişik”.
Gördüyünüz kimi İsrailin Baş naziri BMT-nin yüksək tribunasından Azərbaycanın İsrailə dost ölkə olduğunu bəyan etdi. Bu bir göstəricidir, dünya ölkələrinə bir mesajdır, xüsusən də İsraili və Azərbaycanı sevməyən dövlətlərə, bu dostluq və əməkdaşlığı istəməyən qüvvələrə xəbərdarlıqdır. Bir müddət bundan əvvəl İsrail Prezidenti Reuvin Rivlin həmin tribunadan Holokost soyqırımı ilə bərabər Xocalı soyqırımını da toplantı iştirakçılarına çatdırmışdı. Bütün bunlar iki ölkə arasında olan əməkdaşlıq və tərəfdaşlığın yüksək səviyyədə olduğunun göstəricisidir.
Qeyd etdiyim kimi, dövlət və hökumət başçılarının çıxışları arasında auditoriyanın diqqətini daha çox cəlb edən çıxışlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin parlaq çıxışı oldu. Prezident İlham Əliyevin professional siyasətçi olması öz fikrini ingilis dilində sərbəst çatdırmaq bacarığı auditoriyanı ələ almağa imkan verdi. Azərbaycan Prezidenti çox sərrast şəkildə dünya birliyinə xatırlatdı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də tənzimlənməyib.
İlham Əliyevin strateji baxımdan dəqiq və lakonik nitqi Ermənistan ictimaiyyətində prezident Sarkisyana qarşı qəzəb oyadıb. Ermənistanda onu informasiya müharibəsində məğlub olmaqda ittiham edirlər. Erməni mediasını hiddətləndirən budur ki, İlham Əliyevin çıxışından bir neçə gün keçməsinə baxmayaraq, prezident Sarkisyan onun ittihamlarına cavab verə bilmədi. Əlbəttə, bu belədir. Çünki susmaq razılıq əlamətidir.
– İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycanın adını dost ölkələr siyahısında çəkməsi erməni lobbisini ciddi narahat etdi. Ümumiyyətlə, Azərbaycan və İsrailin isti münasibətləri Ermənistan hakimiyyətini niyə narahat edir?
– Azərbaycan əsilli İsrail vətəndaşı olaraq Baş nazir Benyamin Netanyahunun bu sözlərini eşidəndə böyük qürur hissi keçirdim. Bu, real faktdır ki, Avrasiya ərazisində heç bir ölkə İsrail ilə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibət saxlamır. Bu iki ölkə arasındakı münasibətlər, xüsusən, ona görə təəccüb doğurur ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimi münasibət bəsləyir.
İsrail Dövləti 25 il bundan əvvəl Cənubi Qafqazda özünün strateji yönümünü edib: Azərbaycanı özünə dost seçib. Birmənalı şəkildə deyə bilərəm ki, bu, ən düzgün seçim olub. Biz, əslən Azərbaycandan olan, hazırda İsraildə yaşayan yəhudilər ölkələrimizin strateji tərəfdaşlığı faktına görə fəxr edirik.
Aydındır ki, ən yüksək səviyyədə inkişaf edən bu əlaqələr Ermənistanı və tərəfdarlarını qane etmir. Son vaxtlar İsraildə bəzi KİV-lər erməni lobbisinin köməyi ilə İsrail-Azərbaycan hərbi əməkdaşlığında guya “problemlər” yaranması barədə yalan informasiya yaymağa çalışırlar. 2016-cı ilin aprel hadisələrindən sonra çevik əks-hücum zamanı erməni ordusunun müdafiə xətti məhv edildi, Azərbaycan Ordusu isə strateji əhəmiyyətli bir neçə yüksəkliyi və yaşayış məntəqəsini öz nəzarəti altına qaytardı. Həmin dövrdə, yəni bir il bundan əvvəl biz Ermənistanda real antiisrail isteriyasının və antisemitizmin şahidi olduq. Hətta İsraildəki erməni icması Azərbaycan-İsrail tərəfdaşlığına qarşı etiraz nümayişləri keçirdi.
– Bir yəhudi ekspert olaraq, Azərbaycan dövlətinin multikulturalizm siyasətini, xalqımızın birgəyaşayış dəyərlərinə münasibətini necə qiymətləndirirsiniz ?
– Bir sıra xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbilər kimi baxmayıblar. Azərbaycan əsilli israillilər artıq neçə illərdir ki, Azərbaycan ilə İsrail arasında iqtisadi və hətta geosiyasi tərəfdaşlığın formalaşmasına kömək edir. Azərbaycanda yəhudi xalqı heç vaxt təqiblərə, təhqirlərə, alçaldılmağa, talanlara və antisemit hərəkətlərə məruz qalmayıb.
İsrail vətəndaşı kimi qürurla qeyd etmək istərdim ki, Azərbaycan rəhbərliyi, şəxsən Prezident İlham Əliyev respublikada yaşayan bütün xalqların, o cümlədən ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada analoqu olmayan qayğıkeş və səmimi münasibət göstərir. Ölkə Prezidentinin himayəsi ilə Azərbaycanda iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi yaradılıb. Azərbaycanda birinci yəhudi muzeyinin yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan kimi bir ölkənin İsrail ilə bu cür sıx dialoq, əməkdaşlıq və tərəfdaşlıq qurmağa necə nail olması barədə kiminsə sualı varsa, Azərbaycanın dağlıq bölgəsində yerləşən Quba rayonunda yəhudilərin yaşadığı məşhur Qırmızı Qəsəbəyə baxmaq kifayətdir. Azərbaycanın əsl multikultural nümunə yeri sayılan Qırmızı Qəsəbə İsraildən sonra bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal yerdir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onlar ortaq tarixi tellər və ortaq tale ilə bir-birinə bağlıdırlar. Azərbaycan cəmiyyətinə tarixən xas olan multikulturalizm və tolerantlıq bu gün milli identikliyindən, dilindən və dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
– Bugünlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov İsrailə səfər edib. Azərbaycan – İsrail hərbi əməkdaşlığı hansı perspektivlər vəd edir?
–İsrailin strateji tərəfdaşı olan Azərbaycanın müdafiə nazirinin səfəri göstərir ki, iki dövlət arasında bir sıra istiqamətlər üzrə siyasi-diplomatik dialoq və ikitərəfli əməkdaşlıq ən yüksək etimad səviyyəsindədir. Hesab edirəm ki, general-polkovnik Zakir Həsənovun səfəri ikitərəfli münasibətlərdə yeni tarixi səhifə açdı. 2016-cı ilin aprel döyüşləri Azərbaycanın əsl dostunun və düşməninin kim olduğunu göstərdi. Azərbaycanla İsrail arasında hərbi-texniki əlaqələr yüksək səviyyədədir və bu əlaqələr bundan sonra da davam edəcək. İsrailin Müdafiə Nazirliyindən verilən məlumata görə, rəsmi səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun İsrailin müdafiə naziri, Azərbaycanın böyük dostu Aviqdor Libermanla görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı başqa sahələrdə olduğu kimi, hərbi sahədə də yüksək səviyyədə əməkdaşlığın göstəricisidir. Bu səfər zamanı iki müttəfiq ölkənin münasibətlərini möhkəmləndirmək istiqamətində atılan növbəti addımlar işğalçı ölkə olan Ermənistana və onun havadarlarına ağır geosiyasi zərbə kimi də dəyərləndirilə bilər.
–Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert kimi son vaxtlar İsrailin ən nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post”da Azərbaycan həqiqətlərindən yazırsınız. Təbii ki, Azərbaycan sizin həm də vətəninizdir. Bəs erməni lobbisi, erməni diasporu sizə fəaliyyətinizdə mane olmağa çalışırmı ?
– Öncə onu söyləmək istəyirəm ki mənim erməni xalqı ilə heç bir problemim yoxdur. Mənim problemim erməni daşnakları və şovinistləri ilədir. Erməni millətçiləri hər zaman məni qınayırlar, nəinki qınayırlar, hətta mən onların qara siyahısında birinci yerdəyəm. Mən iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işi – Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıram, Azərbaycanın haqq səsini dünyaya çatdırıram, eyni zamanda, Ermənistanda antisemitizmin, şovinizmin, türklərə və azərbaycanlılara qarşı siyasətin dövlət ideologiyasına çevrildiyindən danışıram. Hansı ölkə bəşəriyyət əleyhinə cinayətdə müqəssir bilinmiş faşist cinayətkarı – Qaregin Njdeni öz milli qəhrəmanı adlandıra bilər?
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yolunda, demək olar ki, mən onlara savaş açmışam. Mənə ilk dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan öz atam olub. Atam uzun illər Azərbaycan Dövlət Televiziyasında televiziya və sənədli filmlərin, ictimai-siyasi verilişlərin tanınmış rejissoru olub və Qarabağda münaqişə gedən illərdə oraya xidməti ezamiyyətlərdə olub. Atam bütün baş verənləri öz gözü ilə görüb və lentə alıb, bu haqda televiziya materialları hazırlayıb. Yadımdadır, onda hələ mən uşaq idim, atam bu münaqişə haqqında, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə apardıqları haqda dəhşətli hadisələrdən danışırdı. Demək olar ki, hələ onda mən fikirləşirdim ki, bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyam və qismət oldu, mən bunu etmişəm, edirəm və edəcəyəm. Erməni diasporunun təzyiqləri məni maraqlandırmır. Qoy etsinlər, amma mən getdiyim yolda israrlıyam.
–Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi Xocalı soyqırımı barədə İsrail cəmiyyəti nə dərəcədə məlumatlıdır?
–Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına mən birinci gündən qoşuldum. Xocalı soyqırımının dünyada tanıdılmasında Heydər Əliyev Fondu və şəxsən Leyla xanım Əliyeva böyük işlər görürlər. “Xocalıya ədalət!” kampaniyasının böyük əhəmiyyəti var. Mən də bu hərəkata qoşulub, dostlarım və həmfikirlərimlə bir yerdə İsraildə Xocalı soyqırımına həsr edilmiş tədbirlər keçirmişik. Yadımdadır, bu tədbirlərin birində İsraildə olan erməni icması ilə üz-üzə gəldik. Onlar istəyirdilər ki, bizim tədbiri pozsunlar. Lakin bacarmadılar. Biz axıra kimi tədbiri keçirdik. Mən Azərbaycan uğrunda canından keçməyə hər an hazır olan adamam. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov kimi vətənpərvər oğul həmişə bizə nümunə göstərib. Ona görə ermənilərin heç bir təhdidi bizi qorxuda bilməz.
Yadımdadır, 4-5 il öncə bu işə başlayanda İsraildə bəzi indiki siyasətçilər bizi anlaya bilmirdilər. Bizə bu önəmli işdə çox operativ reaksiya və dəstək verən Heydər Əliyev Fondu oldu. Yaxşı yadımdadır, Xocalı ilə bağlı ilk siyasi tədbiri Milli Məclisin deputatı hörmətli Qənirə Paşayevanın iştirakı ilə həyata keçirdik. Məhz bu fondun real dəstəyi ilə bir il ərzində İsrailin ayrı-ayrı şəhərlərində 14-ə yaxın “Xocalıya ədalət!” adlı fotosərgilər keçirdik. O vaxt İsrailin şimalında, çoxlu Azərbaycan əsilli insanların yaşadığı qədim Akko şəhər bələdiyyəsinin binasında fotosərgini Akko şəhərinin Azərbaycan Dağ Yəhudilərinin rəhbəri Şirin Nexamiya Mixaeli ilə birgə keçirdik.
Bu, bir daha onu göstərdi ki, biz Xocalı qətliamı ilə bağlı işləri daha da gücləndirməliyik, daha fəal, hətta mən deyərdim, inadkar olmalıyıq. Qeyd etmək istərdim ki, İsraildə Holokost soyqırımını məhs bu cür dünyaya çatdırırlar və bunun effekti daha da çox olur.
–Rəhbərlik etdiyiniz təşkilatın Azərbaycan həqiqətləri ilə bağlı fəaliyyəti oxucular üçün maraqlı olardı...
– Bildiyiniz kimi, bir il bundan öncə Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında mənim rəhbərlik etdiyim “Cəmiyyət üçün beynəlxalq layihələr” İsrail qeyri-hökumət təşkilatı çərçivəsində atamla bərabər yazdığımız və Xocalı qətliamı ilə bağlı olan bədii sənədli romanın İsraildə çap olunmasını həyatımın əsas və mühüm hadisələrindən biri saymaq olar. Romanın yazılmasında da əsas güc Azərbaycan Dövlət Televiziyasında 40 il rejissor və ssenarist işləmiş atamın – Əhməd Abdullayevin böyük və əvəzolunmaz rolu oldu.
Onu da bir sirr kimi açmaq istəyirəm ki, artıq “AĞRI” romanının ingilis versiyası hazırdır və iki həftədən sonra İsraildə çap olunacaq. Bu yaxınlarda Dünya Yəhudi Konqresinin rəhbəri Ronald Lauderlə görüşdüm. Kitab haqqında ona danışanda dedi ki, kitabın ingilis dili variantının Nyu-Yorkda, Vaşinqtonda və digər şəhərlərdə təqdimatını keçirmək istəyirsinizsə, biz sizə yardımçı ola bilərik. Əsas ideya da elə budur, Xocalı qətliamını dünyaya tanıtmaq.
Hesab edirəm ki, Xocalı qətliamı məsələsi ilə bağlı özümüz deyib, özümüzün eşitməyimizə son qoymalıyıq. Biz bu çərçivədən qurtarmalı, yeni üsullar tapmalıyıq. Məsələn, İsraildə qeyd edirlər ki, bu gün Twitter Facebookdan daha güclüdür. Twitter inqilabı var dünyada. Yəni sosial şəbəkələrin bütün gücündən istifadə etmək lazımdır. Xocalı ilə bağlı dünyada elmi konfranslara böyük ehtiyac var.
Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.