Azərbaycan Prezidentinin İslam həmrəyliyi çağırışı müsəlman dünyasına nifaq salmaq istəyənlərə tutarlı cavabdır

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibədə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsinin əhəmiyyətindən, Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı gördüyü işlərdən, dövlət-din münasibətlərindən, dini müstəvidəki aktual problemlərdən söhbət açılır. 

- Şeyx həzrətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi ili” elan etməsinin əhəmiyyəti barədə fikirlərinizi bildirməyinizi, Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı gördüyü işlər barədə məlumat verməyinizi xahiş edirik.

- Bismillahir-rəhmanir-rəhim!

Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi tarixi əhəmiyyətli qərar olmaqla yanaşı, heç şübhəsiz ki, ölkəmizin dünya müstəvisində nüfuz və önəminin artmasına da dəlalət edir. İslam həmrəyliyinə dəvət - zamanın tələblərinə cavab verən mühüm, qlobal çağırışdır.

İslam həmrəyliyi təkcə müsəlman ölkələri üçün deyil, bütün dünya üçün dinlərarası münasibətlərin keyfiyyətcə yüksəlməsi yolunda gözəl imkan kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısının İslam həmrəyliyi çağırışı İslamı terrorla eyniləşdirən, islamofobiyaya rəvac verən, müsəlman miqrantlara qarşı aqressivlik nümayiş etdirən, İslam əleyhinə çirkin gözdənsalma kampaniyası aparan, müsəlman dünyasına daxili nifaq salmaq istəyən qüvvələrə tutarlı cavabdır, İslamın əsl mütərəqqi mahiyyətinin təbliği üçün uğurlu imkandır.

Azərbaycan Prezidenti öz təşəbbüsləri ilə dünyaya bəyan edir ki, bütün problemli məsələlər qarşılıqlı anlaşma, əməkdaşlıq şəraitində öz həllini tapmalıdır. Həqiqətən, dünyanın müxtəlif yerlərində dinlər, məzhəblər arasında toqquşmalar, terrorizm, separatizm, ksenofobiya, islamofobiya, din adından sui-istifadə edərək insanların qətlə yetirilməsi kimi çox təhlükəli təzahürlər yaşandığı bir dövrdə bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər və mədəniyyətlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər.  Belə bir dövrdə dövlətimizin başçısının zəmanəmizə etdiyi mükəmməl çağırış – bütün insanları İslamın mahiyyətindəki sülh, bərabərlik və mənəvi dəyərlərlə həmrəyliyə dəvət etməkdir. Bu, həm də onun göstəricisidir ki, İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir.

Qafqaz Müsəlmanları İdarəsi 2017-ci il ərzində istər ölkəmizdə, istərsə də xarici ölkələrdə keçirdiyi çoxsaylı beynəlxalq tədbirlərdə məhz bu ideyanın mahiyyətini açıqlamağa çalışıb. Rusiya, Finlandiya, İran və Türkiyədə müvəffəqiyyətlə keçirilmiş beynəlxalq tədbirlərdə “İslam Həmrəyliyi ili” ideyasının böyük rəğbətlə qarşılandığının şahidi olmaq olduqca qürurverici idi. Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, müxtəlif beynəlxalq qurumlar, o cümlədən İRSİCA, İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə keçirilən mötəbər konfranslara adlarını bir qədər əvvəl qeyd etdiyim ölkələrin dini mərkəzləri, müvafiq dövlət qurumları, elmi və dini ictimaiyyəti böyük dəstək nümayiş etdiriblər. Yaxın aylarda Özbəkistan, İspaniya, Sankt-Peterburq və Naxçıvanda tədbirlərin davamı planlaşdırılır.

Bu ilin dekabrında, ulu öndərin anım günü ərəfəsində Naxçıvanda keçirəcəyimiz beynəlxalq konfrans müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz Heydər Əliyevin həmrəylik ideyalarına verdiyi önəmi vurğulamaq məramına xidmət edəcək. İnşallah, bu ilin sonunda Bakıda “İslam Həmrəyliyi ili”nin yekunlarına dair mötəbər beynəlxalq konfransda il ərzində görülmüş işlərin nəticələri barədə xalqımızı və beynəlxalq ictimaiyyəti məlumatlandıracağıq.

Biz “İslam Həmrəyliyi ili” çərçivəsində keçirdiyimiz konfransların ünvanına dövlətimizin başçısının, habelə ev sahibliyi edən ölkələrin rəhbərlərinin təbrik məktublarının və müraciətlərinin daxil olmasını xüsusi dəyərləndiririk. İslam həmrəyliyinə çağırışın Vətənimiz Azərbaycandan səslənməsi, bu ideyanın beynəlxalq əks-sədası bizim üçün böyük fəxrdir. Buna görə biz dövlətimizin başçısına hədsiz minnətdarıq və onun misilsiz fəaliyyətinə Uca Allahdan xeyir-dualar diləyirik.

- Azərbaycanda dövlət və din münasibətlərinin tənzimlənməsi sahəsində mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

- Tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, multikulturalizm və tolerantlıq ənənələri çox yüksək səviyyədədir. Müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlarımızın uğurlu birgəyaşayış modeli, dinlər və məzhəblərarası münasibətlərin yüksək səviyyəsi - həyatın bütün sahələrində nailiyyətlərimizin təməlində duran mühüm amillərdən biri və müasir Azərbaycan dövlətinin demokratik gerçəkliyidir.

Müstəqillik dövründə din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub. Ulu öndərin böyüklüyü onda idi ki, o bütün dinlərə eyni nəzərlə yanaşır, xalqımızın milli-mənəvi dəyərlərinə xüsusi diqqət və ehtiram göstərirdi. Şükürlər olsun ki, bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Fəxrlə deyə bilərik ki, milli və mənəvi dəyərlərinə sadiq, demokratik, dünyəvi Azərbaycan din-dövlət  münasibətlərinin yüksək səviyyədə olduğu nümunəvi dövlət modelidir.

Ölkəmizdə din-dövlət münasibətlərini tənzimləyən müvafiq qanunlar və bu münasibətlərin düzgün koordinasiyasına nəzarət edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var. Azərbaycanda tarixi dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Bu münasibətlər xalqımızın dini-mənəvi sahədə mənafelərinin daha yüksək səviyyədə təmin olunmasına xidmət edir. Biz belə nümunəvi əməkdaşlıq sayəsində dövlətçiliyimizin maraqları və milli-mənəvi dəyərlərimizin  qorunması və inkişaf etdirilməsinə daha səmərəli xidmət etmiş oluruq. Bütün bölgələrimizdə bu iki qurumun nümayəndələri və təmsilçiləri qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə bərabər çalışmaqdan məmnunuq və əminik ki, konstruktiv işbirliyi şəraitində daha çox uğurlu layihələrə imza atacağıq.

Azərbaycanda dini icmalar qanun çərçivəsində öz fəaliyyətlərini sərbəst həyata keçirir, dövlətimizin qayğı və yardımı sayəsində ərsəyə gəlmiş yeni məscidlərdə, bərpa olunmuş və yenidən qurulmuş ibadətgahlarda dini ibadətlərini yerinə yetirir, qanunla təsbit olunmuş hüquqlarından yararlanırlar. Dindarlar dövlətin diqqətindən, dövlətimizin başçısının yürütdüyü siyasətdən, dini dəyərlərə xüsusi ehtiramından məmnundurlar.

- Bu yaxınlarda Moskvada Rusiya və Ermənistanın dini liderləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə danışıqlar apardınız. Görüş barədə daha ətraflı məlumat verməyinizi xahiş edirik. Ümumiyyətlə, bu danışıqların nəticəsi olaraq nələri gözləmək olar?

- Bəli, bu il sentyabrın 8-də Moskva şəhərində Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill həzrətlərinin təşəbbüsü və vasitəçiliyi ilə erməni dini lideri ilə görüşümüz baş tutdu. Bu görüş 1988-ci ildən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanan zamandan etibarən analoji formatda keçirilən görüşlərin davamı idi. Rus Pravoslav Kilsəsinin mərhum başçısı II Aleksinin vasitəçiliyi ilə başlanmış, o vaxtlar erməni katalikosları olmuş Vazgen və I Qareginlə danışıqlarımızın ən mühüm nəticəsi münaqişənin dini qarşıdurma müstəvisinə keçməsinə imkan verməmək idi. Mənim üçün hissi yükü nə qədər çətin və ağır olsa da, dini lider olaraq bu məsuliyyəti və Uca Yaradan qarşısında mənəvi borcumu dərk edərək uzun illər ərzində bu missiyanı yerinə yetirmişəm. Bütün səmavi dinlər insanlara dinc yanaşı yaşamağı, əmin-amanlıq naminə əməkdaşlığı və qarşılıqlı ehtiramı təlqin edir. Yaradanımız, xalqlarımız qarşısında missiyamız bizim -  dini liderlərin üzərinə sülh, mərhəmət və mövcud problemlərin ədalətli həlli naminə səy göstərmək məsuliyyəti qoyur.

Üçtərəfli görüşlərin tarixinə nəzər yetirsək görərik ki, bir çox bədxah dairələrin, münaqişəni dini müstəviyə keçirmək istəyənlərin niyyətlərinə axmayaraq, münaqişə vəziyyətində olan tərəflərin dini liderlərinin eyni masa ətrafında bir araya gəlməsi problemin xristian-müsəlman münaqişəsi səciyyəsi almasının qarşısını müəyyən qədər ala bildi. Hazırda bütün dünyada gedən dinlərarası toqquşmaları müşahidə edərkən bu məqamın önəmi daha aydın görünür.

Hər bir görüş, kiçik də olsa, irəliyə addımdır. Biz hər zaman bəyan edirik ki, Azərbaycan və erməni xalqları bir-biri ilə qonşu olaraq yaşamalı olacaqlar. Odur ki, sülh və əməkdaşlıqdan başqa bir perspektiv yoxdur. Belə bir vəziyyətdə biz, dini liderlər olaraq, xalqlarımızın gələcəyi naminə birgə cavablar axtarmağa məsuluq. Bir ruhani kimi ilahi dəyərlər işığında ziddiyyətlərin, münaqişənin ədalətlə, sülh yolu ilə həlli üçün səylərimizi birləşdirməliyik. Bu, ilk növbədə, humanitar problemləri ehtiva etməlidir. Məsələn, budəfəki görüş zamanı Patriarx Kirillin təklifi ilə münaqişənin günahsız qurbanları olan, hərbi əməliyyatlarda iştirak etməyən əsir düşmüş dinc insanların azad edilməsinə nail olmaq üçün səy göstərmək vəzifəsi müəyyənləşdirildi. Daha sonra məscid, məbəd və digər müqəddəslik kəsb edən abidələrin qarşılıqlı şəkildə müdafiəsi və toxunulmazlığı məsələsini qaldırdıq. Həmçinin gənclərimizin ənənəvi mənəvi-əxlaqi dəyərlər zəminində sülhsevərlik, qarşılıqlı ehtiram ruhunda tərbiyəsinin vacibliyi vurğulandı. Gərgin keçən görüşdə bir çox arqumentlər səsləndi, qarşılıqlı iddialar oldu. Erməni tərəfi bizim təkliflərimizlə çox çətinliklə razılaşırdı, danışıqlar prosesini pozmağa çalışırdı. Lakin bölgədə qan tökülməsinin qarısını almaq, münaqişənin ədalətli sülh yolu ilə həllini reallaşdırmaq naminə bütün mümkün imkanlardan istifadə etmək məramı hər şeydən daha mühümdür. Bu məram naminə istənilən yol caizdir, hər atılan addım xeyrə vəsilədir.  Bu baxımdan, üçtərəfli görüşləri önəmli sayıram. Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kirill həzrətlərinə vasitəçilik, sülhyaratma missiyasına görə minnətdarıq.

- Şeyx həzrətləri, bilirik ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Sizin şeyxülislam kimi fəaliyyətinizə hər zaman yüksək qiymət veriblər. Gördüyünüz işlər cəmiyyətimizdə də həmişə yüksək qiymətləndirilir. Lakin son günlər haqqınızda bəzi fitnəkar xarakterli məlumatlar yayılıb. Buna münasibətinizi bilmək maraqlı olardı.

- Mən artıq 40 ilə yaxındır ki, Şeyxülislam məqamını daşıyıram. Uca Allah qarşısında, Vətənim Azərbaycan və xalqımız qarşısında məsuliyyət və mənəvi borcuma hər zaman sadiq olmuşam, ən mürəkkəb zamanlarda ədalətli mövqedən geri çəkilməmişəm. Əməllərim Uca Allaha, fəaliyyətim doğma xalqıma məlumdur. Xalqımızın ümummilli lideri, xatiri mənim üçün əziz olan qardaşım Heydər Əliyev həzrətləri hər zaman mənim fəaliyyətimi yüksək dəyərləndirib. Möhtərəm dövlət başçımız İlham Əliyev həzrətlərinin ali ehtiram və dəyərli diqqətini olduqca yüksək qiymətləndirirəm. Təbii ki, müdrik şəxsiyyətlərin ehtiramı böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir.

Ümumən, Şeyxülislamlıq məqamına hörmət, ehtiram təbii ki, xalqımızın milli-mənəvi dəyərlərindən, əsrlərlə formalaşmış mentalitetindən irəli gələn bir məsələdir. Düzgün vurğuladınız ki, fitnə xarakterli məlumatlar müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə  gündəmə gətirildikdən sonra mənə bir çox mötəbər şəxslər də, sadə dindarlar da zəng vuraraq bundan hiddətləndiklərini bildirdilər. İdarəmiz adından açıqlama yaymaqla kifayətləndik. Lakin bu iftiraların arxasında din-dövlət münasibətlərinə xələl gətirmək istəyən müəyyən qüvvələrin təxribatlarının olması da istisna deyil.

Ölkəmizə, onun mənafelərinə, maraqlarına, nüfuzuna, bəlli müstəvilərdə mövqeyinə xələl gətirməkdən başqa bir şeyə xidmət etməyən dedi-qodulara cavab vermək izafi vaxt itkisi olar. Biz öz işimizlə, fəaliyyətimizlə, xalqımıza, dövlətçiliyimizə, dini-mənəvi dəyərlərimizə xidmətimizlə hər bir böhtanın, şərin öhdəsindən gəlmək iqtidarındayıq və bunu da edirik. Uca Allah müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur: “Xeyirli işlər görün, Allah, onun Peyğəmbəri və möminlər əlbəttə ki, əməllərinizi görəcəklər”.

- Qafqaz Müsəlmanları İdarəsinin dini-maarifçilik istiqamətində gördüyü işlər barədə də məlumat verməyinizi xahiş edərdik.

- Azərbaycan dünyada nadir ölkələrdəndir ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir, burada şiələr və sünnilər eyni məsciddə birgə ibadət edirlər. Tarixən formalaşmış bu ənənə Azərbaycanda indi də davam edir. Bir sıra məscidlərimizdə - istər Bakıda, məsələn, Heydər məscidi, Əjdərbəy məscidində, istərsə də bölgələrdə, məsələn, Göyçayda, Qubada, Xaçmazda müxtəlif məzhəbli dindarlar birlikdə namaz qılırlar. Bu, bizim həyat tərzimizdir və bununla qürur duyuruq. Bu, eyni zamanda, müdrik dövlətçilik siyasətinin bəhrəsidir. 

Hər iki məzhəbi təmsil edən Qafqaz Müsəlmanları İdarəsi, onun tərkibindəki Qazılar Şurası və Elmi-Dini Şura bu istiqamətdə hər zaman maarifçilik işi aparır. Elmi-Dini Şuranın qərarı ilə bir sıra dəyərli tədqiqat işləri, kitablar və monoqrafiyalar nəşr olunub, məzhəb fərqliliyini istisna edən təqvimlər çap edilib. Biz bu yaxınlarda Qazılar Şurasının iclasında İslam həmrəyliyi baxımından daha bir əməli addım ataraq, din xadimlərimizin axund və imamlara bölünməsini aradan qaldıraraq, təsnifatda ümumi adla - imam adlandırılmasına qərar verdik. Din xadimlərimiz üçün “Xütbələr və moizələr” adlı vəsaitin yeni, daha da təkmilləşdirilmiş nəşrini hazırlayaraq məscidlərə paylamışıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə bütün bölgələrdə dini maarifləndirmə tədbirlərində yaxından iştirak edirik. Din xadimlərinin təkmilləşdirilməsi hər zaman gündəmdədir. Ötən il biz dini sahədən yazan jurnalistlər üçün treninqlər təşkil etdik və bu işi gələcəkdə də davam etdirmək niyyətindəyik.

Qafqaz Müsəlmanları İdarəsi öz fəaliyyətində din və elmin birgə inkişafına xüsusi diqqət yetirir və bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası və Bilik Fondu ilə birlikdə bir sıra tədbirlərin təşkilatçısı kimi çıxış edir. Azərbaycanda İslamşünaslıq elminin inkişafı, din və cəmiyyət mövzusunda bir sıra qlobal problemlər və din-dövlət münasibətləri sahəsində ölkəmizin nümunəvi təcrübəsi mütərəqqi dini maarifçiliyə, elm və dinin vəhdətinə yönələn fəaliyyət sahəmizdir.

Dini icmaların maddi-mənəvi ehtiyaclarına qayğı, dini etiqad azadlığı haqqında qanunvericiliyin təkmilləşdirilməsi sahəsinə diqqət dindarlar tərəfindən böyük minnətdarlıqla qarşılanır.  Bu il Prezident İlham Əliyevin İslam dinini tədris edən məktəblərin – 8 yeni İslam kollecinin təsis olunması haqqında müvafiq qərarı dövlətimizin başçısının dini maarifləndirmə işinə diqqət və qayğısını nümayiş etdirən daha bir dəyərli töhfə oldu.   

Ulu öndərimiz Heydər Əliyev Təzəpir məscidində Həzrəti Məhəmməd (s) Peyğəmbərimizin mübarək Mövludunda iştirak edən və İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olub. O zaman Heydər Əliyev həzrətləri dindarlara xitab edərək “Allahın yolunda bir olaq!” dedi. Budur vəhdətin bariz nümunəsi, cəmiyyətimizin daxili birliyini, monolitliyini təcəssüm etdirən məqam! Şükürlər olsun ki, bizim həm din-dövlət, həm də məzhəbi vəhdətin nadir nümunəsini ölkəmizdə yaşamaq və bəyan etmək imkanımız mövcuddur. Bunu dəyərləndirmək, qorumaq və gələcək nəsillərə ötürmək zəruridir.

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında