Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə elmin bu sahəsində qazanılan uğurlardan və həllini gözləyən problemlərdən söhbət açmışdır:
- Akif müəllim, neft və qaz ölkəmizin əsas iqtisadi sahəsi, Geologiya İnstitutunun isə başlıca tədqiqat istiqamətidir. Bu elmi müəssisə 2010-cu ildə neft-qaz sahəsində nəyi öyrənə bildi və elmə nə verdi?
- Başa vurduğumuz ildə Geologiya İnstitutunda çökmə hövzələrinin təkamülü, böyük dərinliklərdə karbohidrogenlərin formalaşması, təbii və texnogen mənşəli proseslərin öyrənilməsi, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması aparılan tədqiqatların prioritet istiqamətləri olmuşdur. Təbiətdən səmərəli istifadənin elmi əsaslarının işlənib hazırlanması, ətraf mühitin mühafizəsi və neft-qaz yataqlarının istismarı üzrə metodologiyaya prinsipial yeni yanaşmanın işlənilməsi istiqamətində də tədqiqatlar aparılmışdır.
Neft institutumuzun başlıca tədqiqat sahələrindən biridir. 2010-cu ildə Abşeron yarımadası, Bakı və Abşeron arxipelaqının üçölçülü geoloji-struktur və petrofiziki modellərinin yaradılması üzrə işlər aparılmışdır. İnstitutun neft üzrə elmi tədqiqatlarının böyük bir hissəsi "2007-2014-cü illər ərzində Cənubi Xəzər çökəyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi" adlı Tədbirlər Planı əsasında yerinə yetirilmişdir.
Həmin planın tərkib hissəsi olan "Cənubi Xəzər Hövzəsinin geoloji-geofiziki modeli" istiqaməti üzrə yeni metodika və "REZAYR" proqramlar paketi hazırlanmışdır. Neft və qazın generasiya zonasının dərinlikliyini qiymətləndirməyə imkan verən hövzənin termal təkamülünün rəqəmli modeli işlənilmiş, Cənubi-Xəzər Çökəkliyinin geotermal anomaliyaları müəyyən edilmiş və onların mənşəyi araşdırılmışdır.
Ötən il institutumuzda ilk dəfə olaraq, məsaməli mühitdə kondensatın mikrorüşeyimlərin yaranma sahəsinin faza kondensasiyası göstəricilərinə əhəmiyyətli təsiri müəyyən edilmiş və qazkondensat yataqlarının işlənilmə proseslərinin texnoloji parametrləri öyrənilmişdir.
- Bu gün dünya alimlərinin ən çox diqqət yetirdiyi məsələlərdən biri yer qabığında gedən geodinamik proseslərdir. Geologiya İnstitutunun alimləri ötən ilki tədqiqatlarına əsasən bu sahədə Azərbaycan ərazisi ilə bağlı hansı qənaətlərə gəlmişlər?
- Aydın məsələdir ki, Azərbaycan geodinamik baxımdan aktiv zona olan Qafqazda yerləşir. Bu, milyon illər ərzində regiona məxsus olan xarakterik əlamətdir. Alimlərimiz bu istiqamətdə həm yerli, həm də xarici elmi təşkilatlarla müştərək tədqiqatlar aparır, dünya təcrübəsindən istifadə edərək öz elmi mülahizələrini irəli sürürlər.
Qafqazın kollizion zonasının müasir geodinamik durumunun öyrənilməsi üzrə ABŞ-ın Massaçussets Texnoloji İnstitutu ilə müştərək tədqiqatlar davam etdirilmişdir. Qeyd edim ki, əvvəlki illərdə bu tədqiqatlar üçün Azərbaycanın müxtəlif ərazilərində 30 müvəqqəti, Bakı, Şəki və Neftçalada isə üç daim fəaliyyət göstərən GPS stansiyaları quraşdırılmışdır.
BP şirkəti ilə "BTC neft kəməri boyunca ərazinin geodinamik monitorinqi" mövzusunda elmi-tətbiqi tədqiqatlar davam etdirilmişdir. Bu işlər çərçivəsində "GURALP" seysmik sistemi əldə edilmişdir. Bu sistem vasitəsi ilə aparılmış mikrotitrəmə ölçmələri nəticəsində rezonans tezliklərin paylanması, qruntun yüklənmə əmsalı və güclü zəlzələ üçün intensivliyin dəyişmələri müəyyən edilmişdir.
"GPS və seysmik məlumatlar əsasında Bakı şəhəri və Abşeron yarımadasında seysmik təhlükəsizlik və riskin qiymətləndirilməsi" mövzusu üzrə elmi-tətbiqi işlərinin kompleks proqramının hazırlanması yekunlaşdırılmışdır.
- Məlum olduğu kimi, ötən il ölkəmizdə "ekologiya ili" idi. Bütün dünyada isə alimlər hər il yerin ekoloji "dərdlərinə" çarə tapmağa çalışır. Ekologiya ilə sıx əlaqəli sahədə çalışan geoloqlarımız bu problemlərin həllində nələrə nail olmuşlar?
- Bəli, 2010-cu il Respublika Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda "ekologiya ili" elan olunmuşdu. Bununla əlaqədar, institutumuzun tədqiqatlarının əsas istiqamətlərindən biri ekogeologiyanı əhatə etmişdir. "Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər üzrə Tədbirlər Planı"na uyğun olaraq, alimlərimiz ölkə ərazisində nadir geoloji obyektlərin monitorinqi üzrə işləri davam etdirmişdir. Geoloji abidələrin unikallığı baxımından tədqiqatlar aparılmış və pasportlaşmaya cəlb olunmalı müvafiq obyektlər təklif olunmuş, həm elmi, həm də geoturizm əhəmiyyətli geoloji obyektlər müəyyən edilmişdir.
Son dövrdə Geologiya İnstitutu yeni tədqiqatlar istiqaməti müəyyənləşdirib ki, bu da tibbi geologiyadır. Bu istiqamətdə aparılacaq tədqiqatlar bəzi geoloji obyektlərin və proseslərin canlı aləmə, o cümlədən insan səhətinə təsirini öyrənəcək. Cənubi İsveçrənin Tətbiqi Emlər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssisləri tibbi geologiyanın istiqamətlərindən biri kimi, ölkəmizdə radon qazının paylanmasını öyrənir. Tədqiqatlar "Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi" layihəsi çərçivəsində aparılır.
Bunlardan əlavə, əvvəllər Azərbaycanda filizlər təbiətə ziyan vuran şəraitdə, böyük çətinliklərlə çıxarılırdı. Alimlərimiz 3 illik tədqiqatlardan sonra belə qənaətə gəlmişlər ki, ölkənin bəzi filiz yataqlarının istismarında müasir yerində yuyub-çıxarma üsulundan istifadə etmək mümkündür. Xörək duzu və elektrik gərginliyinin başlıca rol oynadığı bu üsulla faydalı metallar, xüsusən də qızıl qazıntılar aparmadan, təbiətə ziyan vurmadan, asan, xeyli ucuz və tez əldə oluna bilir. Yerində yuyub çıxarma üsulu dünyanın müxtəlif filiz yataqlarında özünü doğrultmuş, lakin Azərbaycandakı yataqlarda indiyəcən tətbiq olunmamışdır.
- Qrant layihələri Azərbaycanda elmin dinamik sahələrindən biridir. Geologiya sahəsində 2010-cu ildə bu istiqamətdə hansı addımlar atıldı və nə kimi uğurlar qazanıldı?
- Alimlərimiz 2010-cu ildə Avropa Şurası, Ukrayna Elmi-Texniki Mərkəzi və Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fonduna 6 layihə təqdim etmişlər. Həmin layihələrdən üçü qrant dəstəyi almışdır. Onlar "Azərbaycan ərazisinin istilik sahəsinin modelinin, yeni CİS (coğrafi informasiya sistemi) xəritələrinin tərtibi və geotermal enerji ehtiyatlarının qiymətləndirilməsi", "Şərqi Qafqaz - Cənubi Xəzər geodinamik sisteminin alp təkamülü CİS modelinin işlənilməsi" və "Bakı şəhəri ərazisinin mikrotremor ölçü məlumatları əsasında mikroseysmik rayonlaşdırılması" adlı layihələrdir.
Ötən il institutda 10 dissertant təhsil almışdır. Həmçinin 8 ümumrespublika elmi seminarı keçirilmişdir. Bu tədbirlərdə Geologiya İnstitutu, Bakı Dövlət Universiteti, ARDNŞ Geofizika və Geologiya İdarəsinin, AMEA Respublika Seysmik Xidmət Mərkəzinin alim və mütəxəssislərinin elmi məruzələri dinlənilmişdir.
Ümumilikdə 2010-cu ildə bir sıra mühüm elmi nəticələr əldə olunmuşdur.
- Bəs, 2010-cu ildə ölkəmizdə aparılan elm siyasətinin xarakteri barədə nə deyə bilərsiniz?
- Son illər Azərbaycan elmində mövcud olan problemlərə dövlətin diqqəti daha da artmaqdadır. Fundamental tədqiqatlara büdcədən ayrılan vəsait çoxalmışdır. Prezident İlham Əliyevin 21 oktyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondu yaradılmışdır. 2010-cu ildə fond Azərbaycanda elmi qrantların ilk müsabiqəsini elan etmişdi. Təbii ki, belə dəstək fundamental tədqiqatların aparılmasına, müvafiq elmi ekspedisiyaların təşkilinə və analitik bazanın genişlənməsinə müsbət təsir göstərir.
Onu da qeyd edim ki, 2010-cu il iyulun 1-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 129 saylı qərarı ilə respublikanın elmi müəsissələri və ali məktəblərində doktoranturanın (aspirantura əvəzinə) yaradılması haqqında əsasnamə təsdiq olunmuşdur. Lakin çoxdan gözlədiyimiz AMEA doktoranturası barədə qərar yalnız bu yaxınlarda qəbul edilmişdir. Bu cür ləngimə elmdə yüksək ixtisaslı kadrların hazırlanmasındakı vəziyyəti gərginləşdirmişdir. Bunun nəticəsində, AMEA institutları o cümlədən Geologiya İnstitutu artıq ikinci ildir ki, gənc mütəxəssisləri aspiranturaya (doktoranturaya) qəbul etmək iqtidarında deyildir.
Müdafiəyə təqdim olunan dissertasiyaların səviyyəsinin aşağı olması və müdafiə şurasının bəzi elmi seminarlarında müzakirələrin qeyri-ciddi səviyyədə aparılması kadr hazırlığının mövcud durumunu bir qədər ağırlaşdırır. Adətən buradakı müzakirələr qeyri-tələbkar, liberalizm şəraitində aparılır. Dissertasiya işlərinə tələbkarlığın zəifləməsi elmi və elmi-təşkilati təcrübənin nəsildən-nəsilə ötürülməsi prosesini çətinləşdirir. Bu səbəbdən gənc kadrların çatışmaması problemi həll olunmayaraq qalır.
Nəhayət, XXI əsrin ikinci onilliyinə qədəm qoyuruq. Elmimizin gələcəyi haqqında düşüncələr məni daim keçmişə aparır. 1945-ci ildə II Dünya Müharibəsi sona çatdıqdan sonra, elm tarixində ən nəhəng fiziklərdən biri olan Verner Qeyzenberq demişdir: "Məlumdur ki, bilik qüvvədir və dünyada bu qüvvə uğrunda sonu görünməyən mübarizə hələ də gedirsə, deməli, elmin inkişafı naminə mübarizə də mütləq olmalıdır". Mən əminəm ki, alimlərimiz geologiya elminin inkişafı naminə bundan sonra da əzmlə çalışacaq.
{nl}
Müsahibəni qələmə aldı: Səid HÜSEYNOV
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.