Hikmət Babaoğlu: “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 35-ci olması mühüm iqtisadi islahatlarla bağlıdır

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqinin daha iki pillə yüksələrək 35-ə çatması hər şeydən öncə ölkəmizdə həyata keçirilən mühüm iqtisadi islahatlarla əlaqədardır. Bu göstərici ilə Azərbaycan MDB məkanında birinci olmaqla, hətta İtaliya, Rusiya, Türkiyə, Hindistan, İndoneziya kimi bir sıra G20 ölkələrini arxada qoyaraq öz yerini iqtisadi rəqabətlilik baxımından çox ciddi şəkildə möhkəmləndirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib: “Əgər biz müəyyənləşdirilmiş meyarlara diqqət yetirsək, görəcəyik ki, belə hesabatlar zamanı 12 indikator üzrə qiymətləndirmələr aparılır və bu indikatorların, əslində, necəliyi də reytinqi müəyyənləşdirir. Azərbaycan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 12 indikator testindən 9-u üzrə çox yüksək nəticələr göstərib. Azərbaycanı 35-ci pilləyə daşıyan da elə bu göstəricilərdir. Biz hər bir göstəricini təhlil etməyə çalışsaq, görəcəyik ki, 2014-2015-ci illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və struktur islahatları bu uğuru əldə etməyimizə səbəb olub”.

Milli Məclisin deputatı qeyd edib ki, bunlardan biri institutlar indikatorudur. Biz bilirik ki, Azərbaycanda  2014-2015-ci illərdə baş verən iqtisadi proseslərdən sonra ciddi institusional və struktur islahatları aparıldı. Görünür, bu islahatların aparılması və onun səmərəli nəticələri Dünya İqtisadi Forumunun diqqətindən yayınmayıb. Qısa müddətdə bəlli olub ki, aparılan islahatlar strateji xarakterli və effektiv islahatlardır. İkinci indikator - infrastruktur üzrə Azərbaycan 4 pillə irəliləyib. Doğrudan da Azərbaycanda yeni infrastrukturun yaradılması ilə bağlı çox böyük işlər görülüb. İnfrastruktur isə ölkənin iqtisadi inkişafını şərtləndirən əsas baza komponent hesab olunur. Çünki magistral yollar, kommunikasiyalar, enerji və rabitə təchizatı olmasa, sahibkarlığın və iqtisadi göstəricilərin inkişafından da danışmaq olmaz. İkinci indikator üzrə irəliləyişimizdə ölkəmizdə həyata keçirilən infrastruktur islahatları böyük rol oynayıb. Yolların çəkilməsi, su və qaz təchizatı kimi mühüm məsələlər məhz növbəti indikator üzrə irəliləyişimizi təmin edib.

Üçüncü indikator isə səhiyyə, tibb, təhsil üzrə olan indikatordur ki, burada da yenə Azərbaycanda tibb, səhiyyə və təhsil sahələrində aparılan islahatlar diqqəti cəlb edib. Biz bu indikator üzrə təqribən 6 pillə irəliləmişik. Çünki Azərbaycanda icbari sığortanın tətbiqi ilə bağlı artıq Mingəçevir və Yevlax şəhərlərində pilot layihələr həyata keçirilir. Bütövlükdə, Azərbaycanda çoxsaylı tibbi diaqnostika mərkəzləri, xəstəxanalar tikilib. Bunların ümumi sayı ötən 15 il ərzində 600-dən çox olub. Bu isə Azərbaycanda səhiyyə xidmətində yeni keyfiyyət dəyişikliyi yaradıb. Ona görə də haqlı olaraq bu məsələ də yüksək qiymətləndirilib.

Əmtəə, əmək və maliyyə bazarının səmərəliliyi üzrə irəliləyiş əldə etməyimizin səbəbi isə ondan ibarətdir ki, bu üç komponent bir-birini tamamlayır. Əgər əmtəə istehsal olunursa, onun bazarı formalaşır, əmək bazarına peşəkar kadrların təqdim olunmasında və əmək-istehsal münasibətlərində yeni keyfiyyət yaranır. Bu münasibətlərin cəmi isə maliyyə münasibətləri yaradır. Bilirik ki, uzun müddət Azərbaycanda daxili istehsalın artırılması və regionlarda rəqabətqabiliyyətli, ixracyönümlü istehsalın formalaşdırılması prosesi həyata keçirilirdi ki, müvafiq indikatorlar üzrə uğurların əldə edilməsi də bununla əlaqədardır.

Biznes, innovasiyalar və digər komponentlər üzrə Azərbaycanın irəliləməsi isə ondan xəbər verir ki, sahibkarlığın inkişafı ilə bağlı milli fondun yaradılması, biznes mühitinin yaxşılaşdırılması, ölkəyə sərmayə gətirən və istehsal vasitəsi hesab olunan malların gömrük rüsumundan azad edilməsi kimi amillər burada da öz rolunu oynayıb. Nəticədə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən bu tədbirlər ölkəmizin iqtisadiyyatını, rəqabətqabiliyyətliliyini artırmaqla onu cəlbedici edib. Buna görə də Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 35-ci yerdə qərarlaşması ölkəmizdə həyata keçirilən islahatlar və onun qısa müddətdə verdiyi səmərəli nəticələrlə əlaqədar olub və bütün bunlar təkcə qiymətləndirmə ilə məhdudlaşmır.

Hikmət Babaoğlu vurğulayıb ki, həyata keçirilən bu islahatlar növbəti  mərhələdə də Azərbaycanın daha sürətlə inkişaf etməsi, ölkəmizdə rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması və iqtisadi inkişafın yeni mərhələsinin təmin olunması baxımından əhəmiyyətlidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında