Respublikamızın iqtisadiyyatı öz aktivinə yeni bir zəfər yazdı

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nın reytinqində Azərbaycanın daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması ölkə ictimaiyyəti, ziyalılar arasında dərin razılıq hissi doğurub. Bu barədə söz düşəndə Milli Məclisin deputatı Tahir Rzayev bunları dedi:

– Hesab edirəm ki, bu böyük uğur möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik liderliyi ilə Azərbaycan dövlətinin iqtisadi sahədə son illər ərzində həyata keçirdiyi düzgün siyasətin, ardıcıl, davamlı tədbirlərin məntiqi nəticəsidir. Reytinq cədvəli ilə diqqətlə tanış olanda, qəlbimdə dərin fəxarət hissi keçirdim. İnkişaf və tərəqqi yolunda inamla irəliləyən müstəqil Azərbaycanımızın parlaq uğuruna çox sevindim.

Düz deyirlər ki, uğur ən parlaq natiqdir. Bizim uğurlarımıza baxın: Azərbaycan dörd il dalbadal “Qlobal Rəqabətlilik Reytinqi”ndə MDB ölkələri üzrə birinciliyi qoruyub saxlayır. Reytinqdə Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb. Başqa bir maraqlı müqayisə də aparmaq olar: Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə “Böyük iyirmilər”ə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələrdən irəlidədir.

Deməliyəm ki, Azərbaycanın iqtisadi uğurlarını şərtləndirən iqtisadi amillər çoxdur. Bunların arasında, birinci növbədə ölkəmizdə son illər sahibkarlığın inkişafı üçün hüquqi bazanın formalaşmasını, azad rəqabət sahəsində əlverişli mühitin yaranmasını, vergi qanunvericiliyinin təkmilləşdirilməsini və sair vacib məqamları qeyd etmək olar.

Bütün bunlarla bərabər, tam əminliklə deyə bilərəm ki,  Azərbaycanın ictimai-siyasi, iqtisadi uğurlarını şərtləndirən əsas amil, ölkəmizdə bütün bu sahələrdə düzgün və ədalətli idarəçiliyin təmin olunmasıdır. Bu gün hər bir sahibkar bilir ki, onun Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsində böyük xeyirxahı və himayədarı var. Hər bir əcnəbi investor da əmindir ki, ölkəmizin qanunlarına düzgün əməl edərsə, Azərbaycanda onun sərbəst iş qurmasına heç kim mane olmayacaq, əksinə, hərtərəfli kömək göstəriləcək. 

Bu məqamda bir məsələni də mütləq qeyd etmək lazımdır. Sirr deyil ki, hazırkı dövrdə inkişaf etmiş dövlətlərin  iqtisadiyyatı, ilk növbədə yüksək biliklərə, innovasiyalara, modern texnologiyalara əsaslanır. Burada insan amili, intellekt ön plana çıxır. Bu sahədə də ölkəmizdə ciddi işlər görülüb. Belə ki, Azərbaycan dövlətinin başçısı, çox hörmətli İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə neft kapitalının insan amilinə çevrilməsi üçün ciddi səylər ortaya qoyulub. Bu, çox düzgün və gələcəyə hesablanmış müdrik siyasətdir. Bu gün bu uğurlu siyasətin bəhrəsi özünü göstərməkdədir. Reallıq budur ki, Azərbaycanda ən yeni texnologiyalarla işləməyi bacaran yüksək ixtisaslı kadrlar yetişib.

Mən ölkəmizə təşrif buyuran əcnəbi qonaqlarla tez-tez ünsiyyətdə oluram. Onlar Azərbaycan gənclərinin kifayət qədər intellektli, kreativ olmalarını dərin məmnunluq hissi ilə qeyd edirlər. Azərbaycanda son 14 ildə yüzlərlə  məktəb binasının inşa edilməsi barədə onlara məlumat verəndə, sadəcə heyrətlərini gizlədə bilmirlər.

Azərbaycan indiki mərhələdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırır. Son illərdə regionların iqtisadi potensialını gücləndirmək məqsədilə çox böyük işlər görülüb. Bunların hamısı göz qabağındadır.

Azərbaycanın bütün bölgələrində müasir tələblərə cavab verən infrastruktur layihələri icra olunub, dövlətimizin  dəstəyi ilə qabaqcıl texnologiyalara əsaslanan müəssisələr yaradılıb, iş yerləri açılıb.

Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi bütün tədbirlərin bir məqsədi, bir məramı var. Bunlar Azərbaycan xalqının maddi rifah halının, güzəranının yaxşılaşdırılması üçündür.

Mən ölkəmizin ali qanunverici orqanında Ağcabədi rayonunu təmsil edirəm. Əhali ilə, seçicilərlə tez-tez görüşürüm, onların qayğı və problemləri ilə maraqlanıram. Bu gün Azərbaycanın bütün bölgələrində olduğu kimi,  Ağcabədidə sadə əkinçi də, kənd müəllimi də ölkəmizin iqtisadi uğurlarının onların ailə büdcələrinə müsbət təsir etdiklərinin fərqindədirlər. Tam səmimi deyirəm: onlar dövlətimizin apardığı siyasətdən tam razıdırlar. 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında