Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi ölkəmizdə həyata keçirilən uğurlu islahatların göstəricisidir

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmizin reytinqdə daha iki pilləyə yüksələrək 35-ci yerdə qərarlaşması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Göründüyü kimi, Azərbaycanın sürətli inkişafı təkcə ölkə daxilində deyil, xaricdə də maraqla izlənilir və beynəlxalq hesabatlarda öz əksini tapır.  Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, hesabatda bir sıra mühüm məqamlar xüsusi olaraq diqqət çəkir: “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda qeyd edildiyi kimi, ölkəmiz dünya dövlətlərinin hər dördündən üçünü geridə qoyub, həmçinin MDB məkanında öz liderliyini qoruyub. Ən əsası isə G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi dövlətlər belə iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə ölkəmizdən geridə qalırlar. Hesab edirəm ki, bu faktlar son illər Azərbaycanda həyata keçirilən uğurlu islahatların göstəricisidir”.

Bu gün Azərbaycanın regionun ən güclü dövləti olduğunu vurğulayan YAP Siyasi Şurasının üzvü deyib: “Hər bir ölkənin gücü onun hərbi potensialı, iqtisadi imkanları, siyasi çəkisi və s. ilə ölçülür. Əminliklə deyə bilərik ki, qlobal layihələrin əsas iştirakçısı və təşəbbüskarı olan Azərbaycan böyük iqtisadi imkanlara malik olmaqla yanaşı, eyni zamanda, beynəlxalq aləmdə etibarlı əməkdaş, böyük dövlətlər üçün isə strateji tərəfdaşdır. Ən müasir hərbi texnika və texnologiyalarla təchiz edilmiş Milli Ordumuzun gücü isə ölkəmizin nə qədər böyük hərbi potensiala malik olmasından xəbər verir. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda qeyd edilir ki, rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan isə 73-cü sıradadır. Bu göstəricilər qeyd etdiyim kimi, Azərbaycanın regionun ən güclü dövləti olması faktını bir daha təsdiqləyir”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, son illər ölkəmizdə böyük islahatlar həyata keçirilir. “Sözsüz ki, bu islahatlar həyatın bütün sahələrini əhatə edir. Ancaq iqtisadiyyat sahəsindəki islahatları xüsusilə qeyd etmək lazımdır. Neft-qaz sənayesinin sürətli inkişafı, xüsusilə qeyri-neft sektorunda böyük artımların müşahidə edilməsi dövlətimizin başçısının uğurlu siyasətinin sadəcə bir hissəsidir. Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi, sənaye məhəllələrinin yaradılması, eyni zamanda, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafına göstərilən diqqət və s. Azərbaycanın tərəqqisinə mühüm töhfələrdir. Bu gün dünyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda ölkəmizdə iqtisadi artımın müşahidə edilməsi və bu inkişafın beynəlxalq reytinqlərdə öz əksini tapması Prezident İlham Əliyevin gələcəyə hesablanmış məqsədyönlü siyasətinin göstəricisidir”.  

Vüqar Rəhimzadə onu da əlavə edib ki, hesabatda ayrı-ayrı sahələr üzrə əksini tapan məqamlar artıq Azərbaycanın inkişaf etmiş ölkələr sırasına yüksəldiyini göstərir: “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda infrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında “istedadların səmərəli istifadəsi” göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Bu göstəriciyə görə ölkəmiz İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqiblərini üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda Azərbaycan rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdədir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən kompleks tədbirlər, uğurlu islahatlar  Azərbaycanın iqtisadi imkanlarının daha da artmasına, beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında