Azərbaycan qarşıya qoyulmuş strateji məqsədləri uğurla reallaşdırır

1994-cü il sentyabrın 20-də dünyanın ən nüfuzlu neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı və parlaq səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adını almış bu müqavilənin imzalanması və onun gerçəkləşdirilməsi Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının və dahi siyasətçi Heydər Əliyev tərəfindən hazırlanmış neft strategiyasının uğurla  həyata keçirilməsinin parlaq təzahürüdür.

Qeyd etmək lazımdır ki,  “Əsrin müqaviləsi”nin imzalanmasından keçən qısa dövr ərzində, yəni cəmi 23 ildə Azərbaycan bir sıra qlobal layihələr həyata keçirmiş, böyük uğurlara imza atmışdır. Bakıdan Supsaya uzanan Qərb İxrac Boru Kəməri, üç ölkənin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi –Ərzurum qaz kəmərləri çəkilmişdir. İndi Azərbaycan Bakıdan Avropayadək uzun məsafə qət edən Xəzərdən başlayıb Adriatik dənizinədək uzanan nəhəng bir iqtisadi dəhliz yaradır.

Ümummilli liderin iqtisadi inkişaf və neft strategiyasını yaradıcılıqla inkişaf  etdirən Prezident İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşlı” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni saziş imzalamışdır.

Bu gün Azərbaycanın öz hesabına yaşayan, heç kəsdən asılılığı olmayan bir ölkə olmasını xatırladan Prezident İlham Əliyev imzalanma mərasimində yataqların işlənməsi müddətinin 2050-ci ilədək uzadılmasını vurğulamaqla qeyd etdi ki, bu dəfə kontrakt daha da yaxşı şərtlərlə imzalanır.

Yeni saziş üzrə ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın  “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qalxacaq və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcəkdir.

Aparılan qlobal araşdırmalar sübut edir ki, Azərbaycanın götürdüyü xətt düzgün, inkişafı davamlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxsahəli, balanslaşdırılmış və düşünülmüş siyasi kursu Azərbaycanın sosial – iqtisadi inkişafının davamlı olmasını, əhalinin rifah halının daha da yaxşılaşmasını, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsini təmin etmiş və Azərbaycan dünyada qüdrətli dövlətlərdən birinə çevrilmişdir. Respublika iqtisadiyyatının dünya iqtisadi arxitekturasına səmərəli inteqrasiyası, beynəlxalq institutlarla əlaqələrin və qarşılıqlı səmərəli əməkdaşlığın daha da genişlənməsi, eyni zamanda iqtisadi inkişafın dayanıqlılığının təmin olunması, makroiqtisadi maliyyə sabitliyinin möhkəmlənməsi uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir. Araşdırmalar sübut edir ki, əgər son 23 il ərzində (1990-2013-cü illər) bütün dünya iqtisadiyyatı cəmi 3,2 dəfə yüksəlmişdirsə, ölkəmizin iqtisadi artımı 12,5 dəfədən çox olmuşdur. Başqa sözlə, 1990-2013-cü illər ərzində Azərbaycanın iqtisadi yüksəliş tempi dünya təsərrüfatının artım tempindən 4 dəfəyə yaxın  çox olmuşdur. Belə bir nəhəng uğura görə biz Heydər Əliyev strategiyasına və onun  heyrətamiz dühasına minnətdar olmalıyıq.

Mahiyyət etbarilə, bu strategiyanın reallaşdırılmasına xidmət etmiş “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı üzrə (2005-2015-ci illər) Dövlət Proqramı”, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Strateji Yol Xəritəsi” nə müvafiq yanacaq-energetika kompleksi sahəsində reallaşdırılmış səmərəli tədbirlər nəticəsində ölkədə ÜDM yüksək sürətlə artmış, ölkəmizin enerji təhlükəsizliyi güclənmiş, eyni zamanda, Azərbaycan regionun və Avropanın enerji təminatında əsas tərəfdaşlardan biri kimi böyük nüfuz sahibinə və lider dövlətə çevrilmişdir.

Yeni neft sazişlərinin bağlanmasının Azərbaycan Respublikasına göstərəcəyi müsbət təsiri qeyd edərək dövlət başçısı cənab İlham Əliyev demişdir: “Bizim çox maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub” qaz dəhlizinin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək”.

Beləliklə, “Yeni əsrin müqaviləsi”nin şərtləri ölkəmizin artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, həm də xarici şirkətlərin  Azərbaycan iqtisadiyyatının sabitliyinə və şəffaflığına olan inamını bir daha təsdiq edir.

Azərbaycan iqtidarının apardığı məqsədyönlü siyasət, eyni zamanda, ölkəmizdə sosial rifah cəmiyyətinin yaradılmasının ən mühüm şərtidir. Belə ki, son illərdə ölkəmizdə Heydər Əliyev Fondu hesabına yeni-yeni məktəblər, xəstəxanalar, poliklinikalar, uşaq bağçaları tikilmiş, yenidən qurulmuş, təmir olunmuşdur. Yüzlərlə digər sosial mədəni və idman istiqamətli tədbirlər maliyyələşdirilmişdir. Bütün bunlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  birinci xanım Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. İqtisadiyyatın sabit və dayanıqlı inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” nin rolunu xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, dünya iqtisadiyyatında gedən son proseslər maliyyə sektorunun dinamik iqtisadi artım üçün vacibliyini bir daha təsdiq etmiş, prudensial tənzimləmə və nəzarət baxışını dəyişmişdir. Bununla əlaqədar ölkəmizdə maliyyə institutlarının sağlamlaşdırılması prosesində dövlət vəsaitlərinin minimuma endirilməsi məqsədilə maliyyə təsisatları sağlamlaşdırılmalı və restrukturizasiya çərçivəsi formalaşdırılmalı, daha səmərəli alətlərin tətbiqinə başlanmalıdır. Perspektivdə maliyyə sektoruna nəzarətin təşkilində konsolidasiya olunmuş və riskəsaslı yanaşma prinsiplərinin geniş tətbiqinə daha böyük üstünlük verilməli, nəzarət orqanları tərəfindən maliyyə institutlarının biznes modelləri və strategiyaları dərindən qiymətləndirilərək reallaşdırılmalıdır. Beləliklə, maliyyə xidmətləri üzrə 2025-ci ilədək uzunmüddətli baxış səmərəli tənzimlənən geniş çeşidli maliyyə xidmətləri ilə təmin olunan, sağlam və tarazlaşmış maliyyə sisteminin formalaşmasını şərtləndirir.

İqtisadi inkişafın təhlili və proqnozlar göstərir ki, “Yeni əsrin müqavilə” sinin uğurla reallaşdırılması ölkədə real iqtisadi sektorun inkişafına, iqtisadi artım isə öz növbəsində maliyyə sektorunun güclü tərəqqisinə  imkan yaradacaqdır. Bütün bunlar xalqımızın sosial rifahının yüksəlməsinə, onun firavan yaşamasına xidmət edəcək, ölkəmizin dünyada lider imicinin möhkəmlənməsinə təkan verəcək.

Əvəz Ələkbərov,
Azərbaycan Dövlət  İqtisad Universitetinin (UNEC)
“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor, əməkdar müəllim 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında