BMT Baş Assambleyasının 72-ci sessiyasında Azərbaycan Prezidentinin cəsarətli və qətiyyətli çıxışı barədə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə ciddi müzakirələr aparılır. Xəbər verildiyi ki, dövlətimizin başçısı mötəbər qurumun kürsüsündən həmin təşkilatı ikili standartlara yol verdiyinə, qəbul etdiyi qətnamələrin 20 ildən artıq müddətdə icra olunmamasına və bu ədalətsizliyə dözməsinə görə sərt tənqid etmişdir. Beynəlxalq aləmdə böyük rezonans yaradan bu çıxış Azərbaycan ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Havva Məmmədova Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci ali sessiyası çərçivəsində öz çıxışına Dağlıq Qarabağ münaqişəsi və erməni işğalına xüsusi yer ayırmasının böyük əhəmiyyəti olduğunu bildirdi. Dedi ki, dövlət başçısının cəsarətli çıxışı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən tutmuş, BMT-nin özündə aparılmalı olan islahatlara qədər eləcə də, Azərbaycanın sosial-iqtisadi inkişafından tutmuş dünyada enerji təhlükəsizliyində oynadığı rola qədər zəruri sahələri əhatə etdi. Möhtərəm Prezidentimiz öz çıxışında ərazimizin 20 faizinin 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasına diqqət yönəltdi və bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır. Respublikamızın rəhbərinin yüksək tribunadan “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanda, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib. Bu faciə dünyanın 10-dan artıq ölkəsi tərəfindən rəsmən tanınıb” fikrini səsləndirməsi ikili standartlardan hələ də əl çəkməyən, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyinə, terror və qətliamlarına laqeyd yanaşan mötəbər qurumlara ciddi bir mesaj idi.
H.Məmmədova bildirdi ki, təkzibolunmaz tarixi faktlara, real statistik rəqəmlərə və dünya birliyinin gözü qarşısında baş verən hadisələrə əsaslanan bu çıxış Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi. Bununla yanaşı, Ermənistan prezidenti Serj Sarkisyanın bir gün öncə etdiyi, bütünlüklə Azərbaycan dövlətinə qarşı əsassız ittihamlar və işğalçı siyasətə haqq qazandırmaq üzərində qurulmuş təxribatçı, avantürist çıxışına, Dağlıq Qarabağla bağlı səsləndirdiyi həyasız iddialarına, yalanlara və böhtanlara tutarlı cavab oldu: “ Azərbaycan Prezidentinin çıxışı tarixi faktlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan və sülhə xidmət edən çıxış kimi yüksək qiymətləndirildi. Siyasi şərhçilər və beynəlxalq ekspertlər də etiraf edirlər ki, Ermənistan prezidenti Serj Sarkisyan yalan və böhtanla dolu olan çıxışı ilə bir daha özünü rüsvay etdi. Qatil prezidentin çıxışının əsasını erməni işğalına, dağıdıcı separatizmə haqq qazandıran cılız və əsassız iddiaların təşkil etməsi də tədbir iştirakçılarının diqqətindən yayınmadı. Onun çıxışı zamanı tədbir iştirakçılarının reaksiyalarından hiss olunurdu ki, artıq beynəlxalq birlik də Ermənistanın işğalçılıq və separatçılıq siyasətindən təngə gəlib. Bu cür siyasətin, həmçinin terror aktlarının, atəşkəs rejiminin mütəmadi pozulması, cəbhəboyu ərazilərdə təxribatların davam etdirilməsinin necə ağır nəticələr verdiyi, sülhə, əmin-amanlığa çox pis təsir göstərməsi artıq dünya birliyinə də bəllidir”.
Möhtərəm Prezidentimizin BMT-nin özünü ikili standartlardan bu vaxta qədər əl çəkməməkdə ittiham etməsi xüsusi qeyd olunmalıdır. Çünki BMT başda olmaqla, bütün beynəlxalq təşkilatlar münaqişənin yalnız sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirirlər. Amma işğalçı Ermənistanı sülhə vadar etmək üçün heç bir ciddi tədbir görmür, sanksiyalar tətbiq etmirlər. Dövlətimizin başçısı bu faktı öz çıxışında xüsusi olaraq diqqətlə çatdırdı: “Ermənistan qətnamələri yerinə yetirmir, 24 ildir ki, BMT qətnamələrinə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır. BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan “status-kvo”nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, status-kvo qəbuledilməzdir”.
Dövlətimizin başçısının çıxışında təcavüzkara qarşı beynəlxalq təzyiqin olmamasına diqqət yönəltdiyinin zəruriliyini bildirən H.Məmmədova bu faktın da ciddi mesaj olduğunu dedi. Ölkə rəhbəri dedi ki, Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur. Bu dayandırılmalıdır. Ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib. Nəticədə, Azərbaycanın 6 dinc sakini öldürülüb, Azərbaycan Ordusu cavab tədbiri olaraq işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır: “Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında işğalçı Ermənistan dövləti üzərində növbəti dəfə diplomatik qələbə qazandı. Bu vaxta qədər bizim diplomatik uğurlarımız çox olub. Sonuncu dəfə Vyana və Sankt– Peterburqda iki ölkə prezidentləri arasında keçirilən görüşlərdə də işğalçı dövlətin başçısının düşdüyü miskin görkəm ötənilki aprel döyüşlərində erməni silahlı qüvvələrinin məğlubiyyəti ... Bu isə bizim diplomatik qələbəmiz idi.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.