“Milli Olimpiya Komitəsinin 25 illik fəaliyyəti Azərbaycan idmanının zəfər salnaməsidir”

Olimpiya hərəkatının öncüllərindən biri kimi dünya idmanı tarixində özünə layiqli yer tutmuş Azərbaycan müstəqil ölkə kimi olimpiyaçılar ailəsinə üzv olmasından artıq 25 il ötür. Ölkəmizin olimpizmin carçısına çevrilərək müqəddəs ideyalara xidmət etməsi onu beynəlxalq aləmdə Olimpiya ailəsinin ən nüfuzlu üzvlərindən birinə çevirmişdir. Qeyd edək ki, sentyabrın 29-da Milli Olimpiya Komitəsinin 25 illik yubileyi münasibətilə keçiriləcək təntənəli mərasimdə dünyanın müxtəlif ölkələrinin MOK-larının rəsmiləri, o cümlədən Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti səlahiyyətlərini icra edən Yanez Kosyançiç də iştirak edəcəklər.

Azərbaycan, eləcə də dünya Olimpiya hərəkatı üçün böyük əhəmiyyət kəsb edən bu mötəbər tədbir ərəfəsində Milli Olimpiya Komitəsinin baş katibi, professor Ağacan Abiyevlə görüşüb ölkəmizin ötən dövr ərzində idman sahəsində əldə etdiyi möhtəşəm nailiyyətlər, eləcə də, olimpizmin inkişafına verdiyi parlaq töhfələrdən söhbət açdıq.

– Ağacan müəllim, öncə ­Milli Olimpiya Komitəsinin 25 illik fəaliyyətinin ilk illərinə nəzər salaq...

– Müstəqil Azərbaycanın uğurlu idman siyasəti 25 il bundan əvvəl adını olimpiyaçılar siyahısına yazan ölkəmizi dünyada olimpizmin, sülhün və birliyin carçısına çevirmişdir. Ötən qısa dövr ərzində Azərbaycan dünyanın ən qabaqcıl idman dövlətlərindən biri kimi adını tarixə yazması, şübhəsiz, bütün sahələrdə gedən sürətli inkişafın məntiqi nəticəsidir. Respublikamızın müstəqilliyini bərpa etdiyi ilk illəri xatırlasaq, həmin dövrdə hökm sürən xaosun səbəb olduğu fəlakətlərin bütün sahələrə, eləcə də, idman strukturuna dağıdıcı təsiri yada düşür. Həmin dövrdə hərc-mərclik o həddə çatmışdı ki, hətta dövlət əhəmiyyətli idman obyektləri ayrı-ayrı insanlar tərəfindən ələ keçirilərək digər məqsədlər üçün istifadə edilməyə başlanmışdı. Ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatı, demək olar ki, süquta uğramışdı. Adlı-sanlı idmançılar, idman mütəxəssisləri ölkəni tərk etmişdilər. O zaman yenicə yaradılmış Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti, demək olar ki, yox dərəcəsində idi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra idman sahəsinə dövlət tərəfindən xüsusi qayğı göstərilməyə başlamışdı. Ümummilli lider bədən tərbiyəsi və idmanın inkişafına diqqət çəkərək, “...İdman, bədən tərbiyəsi gənclərimizin daha da sağlam olması üçün lazımdır. Bu, müstəqil Azərbaycanın gələcəyi üçün əsasdır”, - deyə onun mühüm rolunu qeyd edirdi. Respublikada bədən tərbiyəsi və idmanın geniş vüsət alması üçün isə bu sahənin maddi- texniki bazasını yenidən qurmaq, idman mütəxəssislərinin hazırlanması üçün böyük tədbirlər həyata keçirmək lazım idi. Müstəqilliyinin ilk illərindəcə işğalçı Ermənistan tərəfindən torpaqlarının 20 faizi işğal olunan, 1 milyona qədər qaçqın və məcburi köçkün problemi yaşayan, informasiya blokadasından əziyyət çəkən respublikamız üçün ən çətin vaxtda ümummilli lider  Heydər Əliyevin ölkədə vəziyyəti sabitləşdirmək üçün göstərdiyi gərgin səylər respublikamızı sürətli inkişaf yoluna çıxardı. Azərbaycanda bütün sahələrdə böyük quruculuq işləri geniş vüsət almağa başladı və bu inkişaf idman sahəsinə də öz təsirini göstərirdi. Atlanta Yay Olimpiya Oyunlarında müstəqil ölkə komandası kimi ilk dəfə təmsil olunan millimiz 1 gümüş medal qazandı. O zaman Heydər Əliyev bu uğuru “reallığa görə görkəmli nailiyyət” adlandırmışdı. Amma onu da deyim ki, komandamız olimpiadaya yaxşı hazırlaşmışdı, yəni nailiyyətlər bir qədər də yaxşı ola bilərdi. Amma bu, Olimpiya Oyunlarıdır və belə möhtəşəm idman hadisəsi zamanı dövlətin bayrağını qaldırmaq heç də hər ölkəyə nəsib olmur. Bu mötəbər tədbirdə iştirak edən 200-ə yaxın ölkənin, demək olar ki, yarısı medalsız qalır. Müstəqil ölkə kimi ilk dəfə olimpiadada gücünü sınayan komandamızın oradan gümüş medalla qayıtması idman ictimaiyyəti üçün böyük stimul idi.

Atlanta Olimpiadasından 1 il sonra isə Azərbaycanın Olimpiya və idman hərəkatında böyük dəyişikliklər baş verdi. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra Azərbaycan idman ölkəsi kimi böyük şöhrət qazanmış və  möhtəşəm idman uğurlarının əsası qoyulmuşdur.

– Azərbaycanın idman ölkəsi kimi böyük uğurları ilə bağlı ayrı-ayrı dövlət rəsmiləri, beynəlxalq idman qurumlarının rəhbərləri tez-tez müsbət fikirlər səsləndirirlər. Sizcə, bu böyük nailiyyətlərin əsasında nə durur?

– Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin ölkəmizin yüksəlişinə və tərəqqisinə xidmət edən siyasi xəttinin konturları həm də idman sahəsinin genişlənməsi, infrastrukturunun yenidən qurulması, daha da möhkəmlənməsinə rəvac verən müxtəlif tədbirlərlə müşayiət olunur.  Ölkəmizin istənilən yerində idmanla məşğul olmaq üçün hər bir şəraiti olan, bütün standartlara cavab verən Olimpiya idman komplekslərinin, müxtəlif təyinatlı idman qurğularının, stadionların  tikilməsi  mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib. İdman infrastrukturunun bu qədər möhkəmləndirilməsində və onun genişləndirilməsində əsas məqsəd, təkcə idman nəticələrini yüksəltmək deyil. Bu sahədə görülən işlər, birbaşa xalqımızın sağlamlığına, gənc nəslin hərtərəfli yetişməsinə xidmət edir. Yaxşı xatirimdədir, müstəqillik tarixində komandamızın ilk olimpiadaya – Atlanta Yay Olimpiya Oyunlarına yolasalma mərasimində söylədiyi nitqində ümummilli lider Heydər Əliyev deyirdi: “Xalqımızın sağlamlığını təkcə səhiyyə və adət-ənənələrimiz vasitəsilə yox, eyni zamanda bədən tərbiyəsi ilə qoruyub saxlamalıyıq, möhkəmləndirməliyik və gələcək nəsillərə çatdırmalıyıq. Bədən tərbiyəsi geniş vüsət alan yerdə, şübhəsiz ki, yüksək idman nəticələri də olacaqdır”.

İftixar hissi duyduğumuz bu yüksək idman nəticələrinə görə Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi tanınırlar.  Qısa müddətdə idman sahəsində əldə etdiyimiz nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmayıb. Məhz onların istəyi və arzusu ilə Azərbaycan tarixi Avropa Oyunlarını, mötəbər IV İslam Həmrəyliyi Oyunlarını, “Formula-1” kimi möhtəşəm avtomobil yarışlarını, Ümumdünya Şahmat Olimpiadası kimi kütləvi yarışı, onlarca beynəlxalq turnirlər, dünya və Avropa çempionatlarını keçirir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım
Mehriban Əliyevanın Olimpiya Oyunları və Bakıda keçirilən mötəbər idman yarışları zamanı idmançılarımızın çıxışlarını arenalarda birbaşa izləmələri onlara göstərilən çox böyük mənəvi dəstəkdir. İdmançılar hər zaman bu dəstəyin onlara böyük stimul verdiyini dönə-dönə qeyd edirlər.

– Necə düşünürsünüz, birinci ­Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, eləcə də digər irimiqyaslı idman tədbirlərinin ölkəmizdə keçirilməsi bizə hansı üstünlükləri qazandırır?

– Əvvəla, onu qeyd edim ki, müvafiq qurumlar bu cür mötəbər tədbirlərin təşkili zamanı ev sahibliyi edəcək ölkələrin seçiminə çox ciddi yanaşırlar. Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun dünyada etibarlı tərəfdaş olduğunu göstərir və bir daha sübut edir ki, ölkəmiz beynəlxalq arenada yüksək hörmətə, nüfuza malikdir. Müstəqilliyimizin ilk illərinə nəzər salaq. Yəqin çoxları xatırlayır ki, ən kiçik beynəlxalq tədbirin belə ölkəmizdə keçirilməsi çox çətinlik yaradırdı. Bir tərəfdən infrastruktur problemi, digər tərəfdən dünyanın Azərbaycan həqiqətlərindən xəbərsizliyi öz işini görürdü. Çətinliklə də olsa, ilk beynəlxalq tədbirlərimizi Bakıda reallaşdırdıq və sülhsevər ölkə olan Azərbaycanın hərtərəfli inkişafı, genişlənən imkanları ölkəmizə təşrif gətirən qonaqların getdikcə diqqətini cəlb etməyə başladı. 2012-ci ildə ilk dəfə Avropanın ən mötəbər tədbirlərindən biri olan “Evrovizion” mahnı müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə baş tutması Azərbaycanın güclü potensiala, geniş imkanlara malik ölkə olduğunu nümayiş etdirdi. 2015-ci ildə Avropanın digər böyük tədbiri - birinci Avropa Oyunları ölkəmizin hərtərəfli inkişafını dünyaya bir daha göstərdi. Bu tədbirin keçirildiyi günlərdə Avropanın nəbzi paytaxt Bakıda döyündü. Avropa ölkələrinin  idman ictimaiyyətinin nümayəndələri və qonaqlar paytaxtımızla yaxından tanış olduqca ölkəmizin sürətli inkişafından heyranlıqlarını gizlədə bilmirdilər. Qərb dünyasının bu möhtəşəm tədbirindən sonra Bakı müsəlman aləminin ən mötəbər idman yarışına ev sahibliyi etdi. İslam Oyunları zamanı da müsəlman ölkələrinin nümayəndələri paytaxt Bakıda dostluq və əməkdaşlıq şəraitində baş tutan gözəl bir idman bayramında ölkələrini təmsil etdilər, buradan xoş təəssüratla ayrıldılar. Qeyd edim ki, bu mötəbər tədbirlər ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın gərgin səyləri, yüksək peşəkarlığı sayəsində ən yüksək səviyyədə baş tutdu. ilk Avropa Oyunlarında, eləcə də İslam Həmrəyliyi Oyunlarında iştirak edən Qərb və müsəlman dünyasının 100-ə yaxın ölkəsi xoş məramlı, sülhsevər, müasir və mütərəqqi ölkə olan Azərbaycanı daha yaxından tanımaq imkanı qazandılar. Bu böyük yarışlarda idmançılarımızın möhtəşəm qələbəsini xüsusi qeyd etməliyəm. İlk Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında birinci olmaqla idman tariximizə yeni səhifələr yazdıq. İki il ərzində belə böyük və mühüm əhəmiyyətli tədbirləri keçirməklə ölkəmiz dünyaya həm də birlik və sülh mesajı verdi. Bu mötəbər tədbirlərin yüksək səviyyədə təşkili, qazandığımız böyük qələbələr Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırdı, dünya Olimpiya ailəsinin öncüllərindən biri kimi layiqli yer tutduğunu bir daha sübut etdi.

– Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik fəaliyyətinin gələcək perspektivləri barədə nə deyə bilərsiniz?

– Milli Olimpiya Komitəsinin 25 illik fəaliyyəti Azərbaycan idmanının zəfər salnaməsidir. 20 il bundan əvvəl müstəqilliyinin ilk olimpiadasında Atlanta-1996-da iştirak edən milli komandamız 1, Sidney-2000-də 3, Afina-2004-də 5, Pekin-2008-də 7, London 2012-də 10 medal qazanmışdısa, son Olimpiya Oyunlarında – 2016-cı ildə keçirilmiş Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medalların sayı 18-ə çatdı. Komandamızın son Olimpiadada əldə etdiyi möhtəşəm qələbə Azərbaycan idmanının növbəti təntənəsi kimi dünyaya səs saldı. Paralimpiyaçılarımızın, eləcə də yeniyetmə idmançılarımızın Olimpiya Oyunlarında nəticələri də parlaq olmuşdur.

İdman tariximizdə ilk dəfə boksçumuz (Məhəmmədrəsul Məcidov) və güləşçimiz (Hacı Əliyev) üçqat dünya çempionu titulunu qazanıblar. Ölkəmizdə komanda idman növlərinin inkişafı istiqamətində görülən işlər də bəhrəsini verir. Azərbaycan futbol tarixində ilk dəfədir ki, doğma “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparır. Hazırda ölkəmizdə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi böyük uğurla keçirilir.

 Bir neçə gündən sonra Bakıda Avropa Olimpiya akademiyalarının seminar konfransı keçiriləcək. Bu tədbirin qitənin Olimpiya hərəkatının inkişafında önəmli rolu vardır.

2015-ci ildə qurumun Bakıda keçirilən ikinci beynəlxalq konfransı "İlk Avropa Oyunları Milli Olimpiya akademiyaları üçün yeni çağırışdır” mövzusuna həsr olunmuşdu. Konfransda müzakirələr zamanı tədbir iştirakçıları ölkəmizin tarixi ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi ilə bağlı müsbət fikirlər səsləndirdilər. Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin  Olimpiya Hərəkatının inkişafı yönündə həyata keçirdikləri tədbirlər xüsusilə vurğulandı, nümunəvi fəaliyyəti qeyd olundu.

Azərbaycan MOK-u dünya Olimpiya hərəkatının qabaqcıllarından biri kimi bu sahənin inkişafına böyük töhfələr verməkdə davam edir. Beynəlxalq arenalarda durmadan artan qələbələrimiz ölkəmizin getdikcə artan gücünü, böyük imkanlarını daha aydın nümayiş etdirir. Azərbaycan idmançıları hazırda dünyanın ən güclü atletləri sırasındadırlar. İdmançılarımız fiziki cəhətdən güclü olmaqla yanaşı, həm də vətənini sevən, onun böyük qələbəsi ilə fəxr edən yüksək ruha malik gənclərdirlər. Onlara bu ruhu güclü Azərbaycanın daha parlaq gələcəyinə bəslədikləri böyük inam bəxş edir.

Müsahibəni apardı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında