Ölkəmizdə turizmin yüksələn xətlə inkişafı gələcəyə daha nikbin baxmağa əsas verir

Hadi Rəcəbli: Ən böyük reklam turistin ölkəmizdən öz Vətəninə xoş təəssüratla qayıtmasıdır

27 sentyabr Dünya Turizm Günüdür. 1925-ci ildən müxtəlif adlarla fəaliyyət göstərən turizm təşkilatı 1970-ci il sentyabrın 27-də Ümumdünya Turizm Təşkilatı kimi formalaşdı. Bu tarixi əsas götürən təşkilat 27 sentyabr – Dünya Turizm Gününü təsis etdi. Təşkilatın yaradılmasında əsas məqsəd bir çox ölkələrin iqtisadiyyatını inkişaf etdirmək, yoxsulluğun səviyyəsini azaltmaq, dövlətlərarası əməkdaşlığı bərpa etmək idi. Azərbaycan da dünyanın 154 ölkəsindən biri kimi bu qurumun üzvüdür.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli AZƏRTAC-a müsahibəsində ölkəmizin turizm potensialı və bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb.

– Turizm həm gəlirli biznes sahəsidir, həm də ölkəni dünyada daha geniş tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan dövləti turizmin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib, bununla bağlı müvafiq dövlət proqramları qəbul olunub. Son vaxtlar bu sahədə görülən işlərin real nəticələri barədə nə deyə bilərsiniz?

– Son iki ildə Azərbaycanda turizm sahəsində hiss olunacaq dəyişikliklər baş verib, mühüm irəliləyişlər əldə edilib. İki rəqəmə nəzər salaq: ölkəmizə gələn turistlərin sayı 2015-ci ilə nisbətən 30 faiz, 2016-cı ilin birinci yarısına nisbətən 25 faiz artıb. Bu artım artıq davamlı xarakter alıb.

Turizm sahəsinin inkişafını şərtləndirən əsas amillərə gəlincə isə, bunlar son illər ölkəmizdə həyata keçirilən iri, müasir infrastruktur layihələridir: fəaliyyətdə olan 6 hava limanı, dünya standartlarına cavab verən yolların çəkilməsi, 500-dən çox otel şəbəkəsinin istifadəyə verilməsi. Eyni zamanda, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, “ASAN viza” sisteminin reallaşdırılması, tarixi abidələrin zənginliyi, Azərbaycan qonaqpərvərliyi, milli mətbəximiz və gündən-günə gözəlləşən, müasirləşən paytaxtımız da turistləri cəlb edir. On il bundan əvvəlki Bakı ilə indiki Bakı arasında fərqi hər birimiz görürük. Paytaxtımız dünyəvi turizm şəhərlərindən birinə çevrilib. Zənnimcə, biz ölkəmizin turizm potensialının yalnız 20 faizindən istifadə edə bilmişik, bu potensialın 80 faizi hələ reallaşmayıb.

– Bu ilin mayında parlamentdə “Turizm haqqında” qanun layihəsi birinci oxunuşdan keçib. İstərdik ki, bu barədə də məlumat verəsiniz.

-Prezident İlham Əliyev hər zaman turizm sahəsini diqqətdə saxlayır. Bu sektorun inkişafı zamanın çağırışıdır, vacib məsələlərdən biridir. Son iki ildə 27 sərəncam və bir sıra digər sənədlər qəbul edilib. Bunların hər biri turizmin inkişafına hesablanıb. Azərbaycanda Turizm Şurası yaradılıb və bu qurum turizm sahəsində lazımi qərarlar qəbul edir. Parlamentdə birinci oxunuşdan keçən “Turizm haqqında” qanun layihəsi üzərində iş gedir. Prezident İlham Əliyev parlamentə bu qanunun qəbulunu sürətləndirməyi tövsiyə edib. Biz artıq dünyanın 12 ölkəsinin turizm haqqında qanunları ilə tanış olmuşuq. Hazırda Türkiyə və Rusiyanın müvafiq qanunları nəzərdən keçirilir. Qanunlar çoxmaddəli olduğundan bu iş çox vaxt aparır.

– Turizmin inkişafına bilavasitə təsir edən amillərdən danışaq. Xüsusən, kadr hazırlığını nəzərdə tuturuq.

– Bələdçi institutu və Turizm institutlarının hazırladığı ixtisaslı kadrların turist qəbuletmə səriştəsində də müsbətə doğru dəyişikliklər müşahidə olunur, peşəkarlıq səviyyəsi yüksəlir. Turistlərin sayı artdıqca, kadrlara ehtiyac da artır, çünki bu vaxtadək turizm obyektlərində əsasən xaricdən gələn mütəxəssislər işləyirdi. Turizm sahəsində uğur qazanmaq üçün xidmət mədəniyyəti, nəqliyyat, turizm şirkətləri ilə iş düzgün qurulmalı və ən əsası turist cəlbetmə texnologiyası işlənib hazırlanmalıdır.

– Ümumiyyətlə, turizmin paytaxtla yanaşı, regionlarda da geniş vüsət alması günümüzün reallığıdır. Sizcə, region turizminin inkişafı üçün daha çox nəyə diqqət yetirilməlidir?

– Doğrudan da, turizmin geniş vüsət aldığı regionlarımız çoxdur. Şəki, Qəbələ, Gəncə, Qusar artıq turizm bölgələri kimi tanınır. Amma elə regionlar var ki, turist qəbul etmək imkanı çox olsa da, infrastruktur müasir tələblərə tam cavab vermir. Buna görə də hələlik həmin bölgələr turistlərə xidmət edə bilmir. Bunun üçün hərtərəfli şərait yaradılmalıdır və hazırda həmin istiqamətdə iş gedir.

– Söhbətimizin əvvəlində qeyd etdiniz ki, Azərbaycana gələn turistlərin sayı ötən illərlə müqayisədə xeyli artıb. Bunu yetərli hesab etmək olarmı?

– Turistlərin tərkibinə nəzər yetirsək görərik ki, onların əksəriyyəti ərəb ölkələrindən, İrandan gələnlərdir. Təbii ki, bununla kifayətlənmək olmaz, Çin və Avropa ölkələrindən də turistlər cəlb etməliyik. Turist axını artdıqca, bu sahədə imkanlar da genişlənir. Hər turist nə qədər az xərcləsə, 1000 ABŞ dolları xərcləməli olur. Bu da dövlət büdcəsi üçün əlavə vəsait deməkdir.

Turizmin inkişafına Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, idman yarışları da öz töhfəsini verir. Bu tədbirlərin təşkili həm də Azərbaycanın təbliğinə xidmət edir. Azərbaycan ÜTT-nin 154 üzvü arasında ən çox turizm potensialına malik ölkələrdən biridir. İndi qarşımızda duran əsas vəzifə bu potensialın reallaşdırılmasına nail olmaqdır. Prezident İlham Əliyevin diqqəti sayəsində turizm yüksələn xətlə inkişaf edir. Qeyd etdiyim kimi, ildə 25-30 faiz artım müşahidə olunur. Bu, böyük nəticədir və Azərbaycan turizminin gələcəyinə nikbin baxmağa əsas verir.

– Hadi müəllim, yəqin razılaşarsınız ki, turizmin inkişafında reklam da az rol oynamır. Son vaxtlar Avropanın nüfuzlu telekanallarında Azərbaycan barədə reklam çarxlarına daha tez-tez rast gəlirik. Bu fikrə nə kimi əlavəniz var? Biz ölkəmizi turizm məkanı olaraq yetərincə tanıda bilirikmi?

– Hesab edirəm ki, ən böyük reklam hər bir turistin ölkəmizdən öz vətəninə xoş təəssüratla qayıtmasıdır. Bir daha vurğulamaq istərdim ki, mötəbər tədbirlərə, beynəlxalq yarışlara ev sahibliyi etməyimiz ölkəmizin xaricdə tanıdılması baxımından ən güclü vasitədir, istənilən reklamdan daha təsirlidir. İnsanlar gəlir və hər şeyi öz gözləri ilə görürlər.

Eyni zamanda, düşünürəm ki, elektron təbliğata da diqqəti artırmalı, sosial şəbəkələrin və elektron KİV-lərin bu sahədəki imkanlarından yetərincə bəhrələnməyə çalışmalıyıq. Yaxud turizm yarmarkaları keçirilməli, bukletlər hazırlanmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında