Bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında dünya liderləri qarşısında dərin məzmunlu, parlaq nitq söyləyib. Burada səslənən çox dəyərli fikir və mülahizələr ölkə ictimaiyyəti, ziyalılar arasında dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə söz düşəndə hüquq elmləri doktoru, professor İsaxan Vəliyev bunları dedi:
– Hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT-nin yüksək tribunasından dərin təhlilə, təkzibedilməz məntiqə əsaslanan, qeyri-adi dərəcədə heyrətamiz nitqi təkcə Azərbaycan diplomatiyası deyil, bütün dünya siyasəti tarixində parlaq bir səhifə kimi qalacaq.
Bu fikri səsləndirməzdən qabaq mən Azərbaycan liderinin nitqini dəfələrlə oxumuşam, özüm üçün qeydlər götürmüşəm və müqayisələr aparmışam. Görünən budur ki, Azərbaycan Prezidenti xalqının arzu və istəklərini, başçılıq etdiyi gənc, müstəqil dövlətin maraqlarını son dərəcə aydın, dəqiq ifadə edərək, dünyanı Qarabağ məsələsinin həllində ədalətli olmağa çağırıb.
Dövlətimizin başçısının Qarabağın taleyi ilə bağlı xalqının adından bütün dünyaya mesaj göndərməyə tam mənəvi və hüquqi haqqı var. Bu mesaj ondan ibarətdir ki, dünyanın ən mədəni, sülhsevər, tolerant xalqlarından biri olan Azərbaycan xalqı, sivil, demokratik dövlət quruculuğu yolunda aşkar, heyrətamiz uğurlar əldə edən müstəqil Azərbaycan dövləti Ermənistanın xalqımıza qarşı törətdiyi aşkar haqsızlığın cəzasız qalması ilə bundan sonra heç cür barışmaq istəmir.
Bəli, artıq 25 ildir ki, təcavüzkar Ermənistan öz himayədarlarının güclü hərbi dəstəyi ilə BMT-nin üzvü olan müstəqil Azərbaycanın ərazisinin 20 faizini işğal edib. Bir milyondan çox vətəndaşımız doğma torpağında qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan silahlı birləşmələri işğal etdikləri ərazilərdə etnik təmizləmə siyasəti aparıblar. Mənfur düşmən Xocalıda XX əsrin ən böyük qətliamlarından birini həyata keçirib. Bütün bunlar sivil, demokratik dünyanın gözü qarşısında baş verib.
BMT-nin yüksək səlahiyyətli orqanı –Təhlükəsizlik Şurası (TŞ) hələ 1993-cü ildə Ermənistanı təcavüzkar bir dövlət olaraq tanıyıb və işğalçının zorla zəbt etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin işğalçı dövlət beynəlxalq hüquqa aşkar surətdə saymazlıq nümayiş etdirərək, həmin qətnamələri yerinə yetirməkdən, nəticə etibarilə işğal etdiyi əraziləri geri qaytarmaqdan boyun qaçırır.
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin yüksək tribunasından Qarabağ münaqişəsinin yaratdığı ağrı-acıları, haqsızlıqları açıq şəkildə göstərməklə, təkcə təcavüzkar Ermənistanı deyil, dünya birliyini də fakt qarşısında qoyur. Bəli, beynəlxalq qanunlar işləməzsə, hüququ pozulan Azərbaycanın öz torpaqlarını geri qaytarmaq, tarixi ədaləti bərpa etməkdən ötrü hərbdən başqa yolu qalmır. Reallıq budur ki, dünya Qarabağda haqqın nahaqqa verilməsini, yeni müharibənin alovlanmasını istəmirsə, nəhayət, təcavüzkarı layiqincə cəzalandırmağa borcludur.
Azərbaycan Prezidenti haqlı olaraq, Təhlükəsizlik Şurasında islahatların keçirilməsinə kəskin ehtiyac yarandığını da vurğulayıb. Necə olur ki, TŞ-nin qərarları bir sıra hallarda çox sürətlə, operativ şəkildə icra olunur, digər hallarda isə illərlə, on illərlə yubadılır. Elə bir mexanizm yaradılmalıdır ki, TŞ-nin bütün qərar və qətnamələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində olduğu kimi, kağız üzərində qalmasın. Bu gün dünyada ikili standartlardan əziyyət çəkən dövlətlərdən biri də məhz müstəqil Azərbaycandır.
Azərbaycan Prezidentinin səsləndirdiyi danılmaz, necə deyərlər, “daşdan keçən” fakt və dəlillər çox ciddi ittihamdır. Bu ittihamlar qarşısında Ermənistan prezidenti Serj Sarkisyanın “arqumentləri” çox cılız və mənasız görünür. İşğalı gizlətmək, buna hüquqi don geyindirmək qeyri-mümkündür. Zaman, tarix özü Azərbaycanın xeyrinə işləyir. Ermənilər bunu hiss edir və çox narahatdırlar.
Cinayətkar Ermənistan iqtidarı, onun əlaltıları artıq başa düşürlər ki, onlar Xocalıda, Qarabağda törətdikləri bütün qeyri-unsani zorakılıqlara, vəhşiliklərə görə mütləq cavab verməli olacaqlar. Faşistlər Nürenberq Məhkəməsində olduğu kimi, erməni qaniçənləri də tarixin ədalətli hökmündən heç bir vəchlə qurtula bilməyəcəklər.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.