Azərbaycan Prezidentinin çıxışı beynəlxalq aləmə çox mətləbləri anlatdı

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı siyasi ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Politoloq, Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov həmin çıxışı şərh edib:

–Son illər Azərbaycanın Ermənistan tərəfdən işğal edilmiş əraziləri barədə dünya ictimaiyyətini yüksək tribunalardan məlumatlandırmaq imkanları olduqca çoxalıb. Müxtəlif səviyyəli görüşlərdə və Azərbaycanda keçirilən tədbirlərdə işğal məsələsi prioritet məsələ kimi gündəlikdən düşmür. Belə düşünmək olardı ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Ermənistanın dünyaya işğalçı kimi tanıdılmasına yönəlmiş adi bir çıxış idi. Əslində bu, heç də belə deyil. Məzmunca əvvəlki tezislərin üzərində qurulmuş olsa da (başqa cür ola da bilməzdi, çünki, bu tezislər, Azərbaycanın işğalının nəticələrinin aradan qaldırılmasına yönələn xarici siyasət strategiyasının ana xəttini təşkil edir) dünya arenasında yeni və fərqli iqtisadi-siyasi vəziyyətin yaranması ərəfəsində səsləndirildi. Yeni və fərqli vəziyyət dedikdə, beynəlxalq aləmdə separatçılıq, dünya nizamı, beynəlxalq hüquq və bu kimi başqa təməl anlayışlara münasibətin dəyişməsi nəzərdə tutulur.

Əgər 5-10 il bundan əvvəl dünya nəhəngləri üçün bu anlayışlar aktual deyildisə, hazırda separatçılıq, dövlətlərin ərazi bütövlüyü prinsipi, beynəlxalq hüquq normalarına hörmət supergüclərin belə təhlükəsizliyini şübhə altına qoyur. Avropanın şərqindəki Ukraynanın separatçılıq və açıq- aydın işğalla üz-üzə qalması, Avropanın özündə Kataloniyanın referendum keçirərək İspaniyadan ayrı yaşamaq istəyi, Suriya, İraq və Şimali Koreyada baş verənlər və s. bu kimi hallar dünya nizamını birbaşa təhlükə altına qoymaqdadır. Belə bir məqamda İlham Əliyevin çıxışı əvvəlki tezislər üzərində qurulsa belə, artıq bu tezislərə münasibət dinləyicilər üçün daha yaxın və anlaşılan oldu. Hamı anladı ki, məhz vaxtilə Ermənistanın işğala görə cəzalandırılmaması, BMT kimi nüfuzlu qurumun Təhlükəsizlik Şurasının qərarlarının icra edilməməsi bugünkü xaosun əsaslarını qoyub. Əbəs yerə deyil ki, ABŞ Prezidenti BMT-nin fəaliyyətini kəskin tənqid edərək bu qurumda ciddi islahatlara ehtiyac olduğunu qeyd etdi. Demək lazımdır ki, Azərbaycanın bu dəfə BMT Baş Assambleyasının tribunasından Ermənistana “vurduğu zərbə” əvvəlkilərdən daha güclü və sarsıdıcı oldu.

Bu, bizə nə verə bilər? Çox yaxın perspektivdə hansısa dividend gözləmək düzgün olmaz. Belə ki, dünya güclərini bu gün düşündürən və həllivacib başqa məsələlər var. Lakin, işğal faktlarına son qoymaq, “işğal” terminini belə müasir beynəlxalq münasibətlər müstəvisindən çıxarmaq həll ediləsi məsələlər sırasında heç də sonuncu yerdə deyil. Ola bilsin ki, yaxın zamanlarda okeanın o tayından bu istiqamətdə müəyyən təşəbbüslər barədə məlumat alaq.

Hazırladı: Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında