Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra hökumətin həllinə başladığı strateji əhəmiyyətli məsələlərdən biri də ölkənin sərhədləri ilə bağlı olmuşdur. Yəni bugünkü sərhəd və onun mühafizəsinin təşkili, sərhəd qüvvələrinin yaradılmasının əsası cumhuriyyət dövründə qoyulmuşdur. Sərhədlərin mühafizəsini dövlətin yaşaması üçün mühüm amil hesab edən milli hökumət bu vəzifəni ön plana çəkmiş və bir sıra qərarlar vermişdir.
İlk dəfə 1918-ci il iyun ayının 22-də görkəmli dövlət xadimimiz, Azərbaycanın ilk Baş naziri Fətəli Xan Xoyskinin imzaladığı qərarla Poylu stansiyasında sərhəd postunun yaradılması barədə tapşırıq verilmiş və sərhəd mühafizəsinin təşkili sahəsində vəzifələrin yerinə yetirilməsinə başlanılmışdır. Bundan sonra iyulun 12-də Qazax qəzasında Salahlı və Şıxlı sərhəd postları təşkil edilmiş, 1919-cu ilin avqust ayının 18-də parlament "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" Qanun qəbul etmişdir. Həmin qanunun 1-ci maddəsində göstərilirdi ki, ölkənin sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu ümumi sayı 992 mühafizəçidən ibarət 99 post yaradılsın. Təbii ki, bütün bunlar sərhədlərimizin yaradılması və mühafizəsinin təşkili üzrə normativ-hüquqi aktların ilkin olaraq formalaşdırılması, qüvvələrin və maliyyənin ayrılması ilə nəticələnsə də, bolşevik işğalı işləri yarımçıq qoydu.
Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra sərhədlərimizin bərpası və qorunmasının təşkil edilməsi barədə addımlar atılmağa başlandı. Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2005-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq olunan “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Bu proqramın nəticəsində ötən illər ərzində sərhəd qoşunları Azərbaycan Respublikasının ən güclü strukturlarından birinə çevrildi.
Bu gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xarici ölkələrin sərhəd xidmətləri, eləcə də müxtəlif beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələri mövcuddur. Xarici ölkələrin müvafiq qurumları ilə inteqrasiya edilmiş sərhəd idarəçiliyi, sərhəd nəzarəti, qeyri-leqal miqrasiya ilə mübarizə, dəniz sərhədlərinin mühafizəsi, pilotların və mobil qrupların əməkdaşlarının hazırlığının təkmilləşdirilməsi, təlim-tədris sisteminin təşkili və digər sahələr üzrə əməkdaşlıq edilir. Eyni zamanda, DSX Yaxın Şərq və Asiya ölkələrinin (BƏƏ, Çin, Qətər, İordaniya, Pakistan və s.) sərhəd mühafizə qurumları ilə təcrübə mübadiləsi və əməkdaşlıq aparır.
Azərbaycan dövləti sərhəd üzrə regional əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. Dövlət sərhədinin mühafizəsinin effektivliyinin artırılması məqsədilə Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran, eləcə də GUAM üzvü olan dövlətlərin sərhəd xidmətləri ilə məsləhətləşmələr aparılır, məlumat mübadiləsi həyata keçirilir.
Bununla yanaşı, Azərbaycan dövləti BMT, BMT-nin İnkişaf Proqramı, BMT Qaçqınlar üzrə Ali Kommisarlığı, NATO, Avropa İttifaqı, Frontex, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans, GUAM, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.
Bu gün Aİ-nin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində edilmiş Sərhəd İdarəçiliyinin yaradılması sahəsində geniş əməkdaşlıq aparılır. Beynəlxalq əməkdaşlıq sahəsində atılmış uğurlu addımlardan biri də 2014-cü il noyabrın 28-də Bakıda rəsmi elan olunan "Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi (GAİBM)" layihəsi BMT İnkişaf Proqramı ilə Aİ-nin birgə maliyyələşdirdiyi Azərbaycan Dövlət Sərhəd Xidməti ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirildi. Bu layihə BMT İP tərəfindən həyata keçirilən və xüsusilə də Azərbaycanda və onun regionlarında geniş şəkildə ümumi sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş əvvəlki layihələrin məntiqi davamıdır. Layihə, həmçinin hər iki qonşu ölkənin əhalisi tərəfindən qorunub saxlanan ümumi tərəfdaşlıq və dostluq əlaqələrinə əhəmiyyətli təsir göstərmişdir.
Layihənin ümumi məqsədi isə regionda və Avropanın bütün qonşu ölkələrində ümumi təhlükəsizliyə müsbət təsir göstərməklə, yaşıl sərhəddə koordinasiyalı əməliyyatları təşkil etmək və həyata keçirməklə Azərbaycan və Gürcüstan hökumətlərinin sərhəd qurumlarının əməliyyat potensialını təkmilləşdirməkdir.
Proqramın digər əhəmiyyətli nailiyyətlərindən biri də bu ilin sonuna qədər rəsmən imzalanması gözlənilən sərhəd nümayəndə heyətlərinin fəaliyyəti üzrə Azərbaycanla Gürcüstan arasında ikitərəfli sazişin yekunlaşdırılmasına göstərilən dəstəkdir.
Bu layihənin davamı olaraq hər iki ölkə tərəfdaşları BMT İP ofisinə yeni və daha müfəssəl layihənin işlənib hazırlanması təşəbbüsü ilə müraciət ediblər. Həmin sorğuya, eləcə də davam edən və əvvəlki ikitərəfli layihələrin icrasından qazanılan təcrübəyə əsaslanaraq, BMT İP hər iki dövlətin müvafiq qurumlarının ekspertləri ilə birgə ilkin olaraq “Azərbaycan və Gürcüstan hökumətlərinin dövlət sərhədlərində IBM standartlarının yüksəldilməsi” adlandırılan yeni təklif layihəsini işləyib hazırlayıb.
Strateji və hüquqi perspektivlərdən baxdıqda sərhəd idarəçiliyinin və bu sahədə həyata keçirilən layihələrin ölkəmizin milli təhlükəsizliyi baxımından böyük əhəmiyyəti var. Burada isə Azərbaycan dövlətinin bu işi diqqətdə saxlaması vacib rol oynayır. Çünki bu gün erməni qəsbkarlarının, separatçılarının dünyaya ixrac etdiyi acınacaqlı və mürtəce fikirlərlə mübarizədə məhz Azərbaycanın suveren dövlət kimi öz pozulmuş sərhədlərinin bərpası əsas rol oynayacaqdır. Azərbaycan torpaqları azad edildikdən sonra meydana çıxan əsas məsələlərdən biri də hazırda erməni işğalı altında olan, qeyri-leqal transsərhəd fəaliyyəti məqsədilə istifadə edilən, Azərbaycan ilə İran arasında yerləşən 132 kilometrlik ərazidə sərhəd idarəetmə infrastrukturu yenidən bərpa olacaqdır. Eyni fəaliyyətin həyata keçirilməsi Azərbaycanla İran arasında 700 kilometrdən çox olan sərhəddə və Naxçıvanla Ermənistan arasındakı sərhəd kəsişməsində də tələb olunacaqdır.
Buna görə də, bu cür layihələr Azərbaycanın beynəlxalq sərhədlərində daha yaxşı və daha davamlı sərhəd təhlükəsizliyini təmin etmək üçün gələcəkdə dəstəklənməli və artırılmalıdır.
Məzahir ƏFƏNDİYEV,
BMT İnkişaf Proqramı “Sərhəd idarəçiliyi” layihəsinin ölkə üzrə rəhbəri,
Beynəlxalq Təşkilatlarda işləyən Azərbaycanlılar Assosiasiyasının sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.