Serj Sarkisyan BMT kimi nüfuzlu bir qurumda da işğalçı oduğunu gizlədə bilmədi

Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyası Azərbaycan dövlətinin xarici siyasətinin, xüsusilə də Prezident İlham Əliyevin uğurlu diplomatiyasının növbəti parlaq səhifəsi kimi tarixə yazıldı. Sessiyada dövlətimizin başçısı çıxışında  BMT kimi nüfuzlu qurumun ali kürsüsündən Azərbaycanın müstəqil dövlət kimi inkişaf etdiyini, sosial-iqtisadi islahatları uğurla reallaşdırdığını, bütün bunların fonunda isə Ermənistanın işğalçılıq siyasətinin tərəqqiyə əngəl olduğunu vurğuladı.  Fikirlərini fakt və dəlillər əsasında diqqətə çatdıran cənab İlham Əliyev dərin məzmunlu nitqi ilə indiki qlobal və regional reallıqlar şəraitində ölkəmizin milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə seçilən əsl siyasi lider olduğunu da bir daha sübuta yetirdi.

Azərbaycan Prezidenti çıxışında beynəlxalq ictimaiyyəti erməni faşizminə və terroruna son qoymağa çağırmaqla yanaşı, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin bugünə kimi icra olunmamasına təəssüfləndiyini xatırlatdı. 

Yeri gəlmişkən,  BMT-nin Nizamnaməsində aydın və konkret yazılıb ki, təşkilata üzv olan dövlətlərdən hansı birininsə ərazisi təcavüzə məruz qalarsa, təbii ki, həmin dövlətin özünü müdafiə barədə qərar vermək haqqı var. Eyni zamanda, bu zaman BMT-nin digər üzvləri də təcavüzlə üzləşən ölkəyə yardım edə bilər və etməlidirlər. Amma heç kəsə sirr deyil ki, indiyədək  bir sıra böyük dövlətlər tərəfindən BMT Nizamnaməsi və ədalət prinsipi “unudularaq”, Ermənistana qarşı “biganəlik” göstərilir. Bəli, təəssüf doğuran haldır ki, həmin dövlətlər Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı heç bir narahatlıq hissi keçirmir, hətta bəzi hallarda işğalçı Ermənistanı müdafiə etməkdən belə çəkinmirlər. Möhtərəm dövlət başçımız İlham Əliyev yuxarıda sözügedən çıxışında bu məsələyə münasibət bildirərək dedi: “Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir.

İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir.

Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.

Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər”.

Cənab İlham Əliyev qətiyyətli, praqmatik və milli meyarlara əsaslanan çıxışında, həmçinin döyüş meydanında məğlub olan Ermənistanın  şəhər və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə etdiyini də diqqətə çatdırdı. Bildirdi  ki, bu il iyulun 4-də erməni işğalçıları Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum edərək, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetiriblər. Avqustun 7-də isə Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanıb.

Dövlətimizin başçısı çıxışında beynəlxalq ictimaiyyəti erməni faşizminə və terroruna son qoymağa çağırdı. Eyni zamanda, vurğuladı ki,  Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin əgər Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.

Yuxarıda qeyd edilənlərlə yanaşı, sessiyada Azərbaycanın müasir, sabit və demokratik dövlət olduğunu, həmçinin ölkəmizdəki multikultural dəyərlər, dini ekstremizmin qarşısının alınmasında atılan addımlar barədə geniş məlumat verən cənab  İlham Əliyev bəyan etdi ki, demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətin əsas prioritetlərindəndir və Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir.

Dövlət başçısı ölkəmizin son 14 ildəki sosial-iqtisadi inkişafını da dəyərləndirərək regionun qüdrətli dövləti kimi həyata keçirdiyi layihələr barədə də məlumat verdi. Xatırlatdı ki,   2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq olan Azərbaycanda indi bu rəqəm cəmi 5-6 faizdir.

Prezident İlham Əliyev çıxışında  beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycanın dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini reallaşdırdığını, ölkəmizin   beynəlxalq tərəfdaşları ilə birlikdə “Cənub” qaz dəhlizi layihəsi üzrə uğurlu fəaliyyətini, respublikamızın  Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırdığını və digər regional layihələri yüksək səviyyədə gerçəkləşdirdiyini diqqətə çatdırdı. 

Dünyamalı VƏLİYEV,
AMEA-nın akademik
Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında