Milli maraqlarımız qətiyyətlə qorunur

Nyu-Yorkda, BMT Baş Assambleyasının 72-ci sessiyasının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin dünya ictimaiyyətinə təqdim etdiyi fikirləri şərti olaraq iki  istiqamətə bölmək olar. Birinci istiqamət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasının və indiyədək həll olunmamış qalmasının yeganə səbəbkarı olan Ermənistanın və  oyuncaq rejimin rəhbəri Serj Sarkisyanın dünya miqyasında ifşa edilməsindən ibarət idi. Dövlət başçımız bu işin öhdəsindən elə məharətlə gəldi ki, Ermənistan rəhbərliyi həmin iclasdan sonra  hələ də sarsıntı və çaşqınlıq içərisindədir. Ölkəmizin, regionun və dünyanın kütləvi informasiya vasitələri bu barədə kifayət qədər yazıblar.

Prezidentin çıxışındakı ikinci istiqamət isə dövlətimizin son illərdə nail olduğu sosial-iqtisadi nailiyyətlərin dünya miqyasında tanıdılmasına xidmət edirdi. Cənab İlham Əliyev konkret faktlar, rəqəmlər və arqumentlərə əsaslanan çıxışında həmin məqsədinə də ən yüksək səviyyədə çatdı. Bu sətirləri qələmə almaqda da məqsədimiz məhz həmin çıxışdakı ikinci istiqamət barədə söz açmaqdır.

Dövlət başçımız çıxışının ikinci hissəsinə “Azərbaycan sosial və iqtisadi sahələrdə böyük inkişafa nail olub” anonsu ilə başladı və orada elə faktlar səsləndirdi ki, nəinki Baş Assambleyanın iştirakçıları, hətta biz – Azərbaycan vətəndaşları da o faktları böyük maraq və heyranlıqla qarşıladıq.   Təbii ki,  ali məktəb müəllimi kimi məni ən çox maraqlandıran ölkə gəncliyinin sağlamlıq və savadlılıq səviyyəsinin artması məsələsidir. Cənab Prezidentin çıxışında həmin məsələyə  ayrıca yer verilmişdi:  “ 2004-cü ildən başlayaraq 3000-dən artıq məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilmiş, yaxud təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Hər il 5 milyondan artıq insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan keçir”.

Dövlət başçımız dostlarımızla yanaşı,  bədxahlarımızın da əyləşdiyi auditoriyanın tribunasından bəyan etdi ki, 2004-cü ildən başlayaraq. Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artmış, ölkəmizdə 1 milyon 600 mindən artıq iş yeri açılmışdır. Azərbaycandakı işsizlik səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir – 5 faiz. Prioritetlərimizdən biri yoxsulluğun azaldılması idi. 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idi. İndi bu, cəmi 5-6 faizdir. Nağd valyuta ehtiyatlarımız ölkənin ÜDM-nə bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır və sairə.

Prezident fəxrlə söylədi ki, bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” ictimai münasibətlərin və xidmətlərin müasir modelidir. Eyni yerdə 251 xidmətin göstərilməsi, tam şəffaflıq, korrupsiya və rüşvətxorluğun sıfıra endirilməsi “ASAN xidmət”i bir çox ölkələr üçün cəlbedici edib. Sırf Azərbaycan brendi olan “ASAN xidmət” yaradıldığı gündən ötən 5 il ərzində 5 milyon insana 1 milyon 600 min xidmət göstərib. Müraciətlərin ümumi sayı 17 milyona çatıb. “ASAN xidmət”in ictimaiyyət tərəfindən bəyənilməsi 98 faiz təşkil edir.

Əldə etdiyimiz uğur və nailiyyətlərin təməlində ulu öndər Heydər Əliyevin əbədilk qazandırdığı dövlət müstəqilliyimizin dayandığını deyən Prezident çıxışını bu cümlələrlə yekunlaşdırdı: “Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq”.

Asəf İSGƏNDƏROV,
fizika-riyaziyyat elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında