Azad Rəhimov: Azərbaycan idmançılarının Rio Olimpiadasında 18 medal qazanmasında Avropa Oyunlarının böyük rolu olub

“Minsk-2019” II Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etmək və Oyunlara hazırlıq prosesi ilə tanışlıq üçün Belarusda səfərdə olan Azərbaycanın gənclər və idman naziri, Komissiyanın üzvü Azad Rəhimov bu ölkənin “TVR.BY” və “CTV.BY” kanallarına müsahibə verib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, A.Rəhimov müsahibəsində belə mötəbər çoxnövlü idman yarışlarına hazırlıq prosesi çərçivəsində Koordinasiya Komissiyasının iclasının böyük əhəmiyyət daşıdığını vurğulayıb. İclasda dünyanın müxtəlif ölkələrindən Olimpiya və Avropa oyunlarının, dünya çempionatlarının təşkili sahəsində böyük təcrübəsi olan mütəxəssislərin iştirak etdiklərini bildirən A.Rəhimov deyib: “Təbii ki, Koordinasiya Komissiyasının əsas məqsədi “Minsk-2019” II Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində Belarusa yardım göstərməkdir. Digər məqsəd isə Minskə gələcək turistlərin sayının artırılmasıdır. Yarışlar haqqında məlumatlarla yanaşı, ölkənin mədəniyyəti, adət-ənənələri, musiqisi və tarixi haqqında xəbərlər media vasitəsilə ictimaiyyətə dolğun və operativ şəkildə ötürülərsə bu məqsədə nail olmaq olar. Siz bunu mütləq etməlisiniz. Çünki Belarus gözəl ölkədir və biz bu ölkəni sevən çoxsaylı turistlərin burada olmasını çox arzu edirik”.

Nazir xüsusi vurğulayıb ki, I Avropa Oyunları zamanı Azərbaycan idmançılarının Atletlər Kəndində məskunlaşmaları, onların bu mühitlə yaxından tanış olmaları, eyni zamanda, idman yarışlarında çox güclü rəqiblərlə mübarizə aparmaları onların “Rio-2016” Yay Olimpiya Oyunlarına fiziki və psixoloji cəhətdən tam hazır olmaları üçün mühüm zəmin yaratdı: “Mən Azərbaycan idmançılarının “Rio-2016” Olimpiya Oyunlarından vətənə 18 medalla qayıtmasını birbaşa onların bir çoxunun Atletlər Kəndində yaşamaları, bu mühitlə yaxından tanış olmaları, I Avropa Oyunlarında gərgin keçən mübarizə şəraitində qüvvələrini sınamaları ilə bağlayıram”.

A.Rəhimov II Avropa Oyunlarına hazırlıq məqsədilə müxtəlif mövzuların müzakirəsinin aparıldığı Koordinasiya Komissiyasının iclasında ölkəmizin mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən və bu sahədə kifayət qədər bilik və təcrübəyə malik peşəkar gənc nəslin yetişməsindən danışaraq, “Minsk-2019”un təşkilində Azərbaycanın kadr potensialından da yararlanmağın mümkünlüyü təklifini irəli sürüb. 

Qeyd edək ki, 2019-cu ildə Minskdə baş tutacaq II Avropa Oyunlarında 50 ölkədən dörd min atlet idmanın 15 növü üzrə 12 arenada mübarizə aparacaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında