Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı respublika ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Həmin çıxışında Azərbaycan lideri Ermənistanın terrorçu rəhbərliyinin işğalçı əməllərini, Azərbaycan xalqına qarşı soyqırımı, etnik təmizləmə siyasətini davam etdirdiyi barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırdı.
Eyni zamanda, bəyan etdi ki, Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edən, dinc, silahsız sakinlərə qarşı soyqırımı törədən Ermənistanın hazırkı rejimi bu gün də dinc azərbaycanlıları, hətta günahsız qadın və uşaqları belə qətlə yetirməkdən çəkinmir. Amma Ermənistan sülhə gəlmək istəməsə, 2016-cı ilin Aprel döyüşlərindən daha ağır bir vəziyyətlə üzləşməli olacaq.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevin BMT-dəki çıxışını çox diqqətlə izlədiyini bildirdi:
– BMT Baş Assambleyasının 72-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın terrorçu rəhbəri Serj Sarkisyanın çıxışları ilə çox diqqətlə tanış oldum. Deməliyəm ki, Sarkisyan BMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri qarşısında həyasızlığını, abırsızlığını nümayiş etdirdi. Həyasızlığın dərəcəsinə baxın. Qonşu ölkənin torpağının 20 faizini 25 il işğal altında saxlayasan, bu ölkənin 1 milyon insanını qaçqın-köçkünə çevirəsən və dünyanın ən ali təşkilatının tribunasından bu cür yalan və böhtan danışasan.
Azərbaycan Prezidenti isə sessiyada çox səlis, dəqiq, sərbəst, sakit, bütün etik normalara, öz mədəniyyəti və dünyagörüşünə uyğun şəkildə ermənilərin azərbaycanlılara qarşı etdikləri bütün cinayətkar hərəkətləri, eyni zamanda, ulu öndər Heydər Əliyevin və cənab Prezidentin öz xalqı üçün gördüyü bütün işləri bir-bir sadaladı. Azərbaycan Prezidentinin çıxışı Ermənistanın nümayəndələrinə də bərk təsir etmişdi. Hətta ekrandan müşahidə etdim ki, onlardan biri Azərbaycan Prezidentinin çıxışından sonra turşumuş sifətinə taxdığı eynəyi qəzəblə çıxararaq masanın üstünə atdı və Sarkisyana baxaraq sanki demək istəyirdi ki, bax, çıxış belə olar, sən isə Ermənistanı bütün dünyada biabır etdin. Çünki onun prezidenti yalan-böhtan danışdı, öz ölkəsində gördüyü bir işi vurğulaya bilmədi.
Amma Azərbaycan Prezidenti ona ayrılmış vaxtın yarısını Ermənistanın cinayətkar rejiminin törətdiklərinə, yarısını ölkədə görülən böyük işlərə həsr etdi. Cənab Prezident BMT-nin tribunasından ölkədə görülən bütün işlər haqqında danışdı. Prezident İlham Əliyev öz çıxışı ilə son 200 ildə bütün dünya ermənilərinin azərbaycanlılara, türklərə qarşı törətdikləri cinayətkar hərəkətləri, yalan və böhtanları ifşa etdi və növbəti diplomatik qələbəsini qazandı. Eyni zamanda, bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan sülhsevər ölkədir, Azərbaycanın Prezidenti və xalqı sülh istəyir, Qarabağ probleminin tezliklə həllini istəyir. Lakin cinayətkar Ermənistan rejimi sülh istəyindən uzaqdır. Çünki azərbaycanlıların qanı üzərində hakimiyyətə gəliblər, ona görə problemin həllini istəmirlər.
Azərbaycan Prezidenti çıxışında çox ciddi bir mesaj verdi: əgər Ermənistanın cinayətkar, faşist rejimi bir daha təxribatlara əl atsa, Azərbaycan Prezidentinin əmri ilə Milli Ordumuz onlara Aprel döyüşlərindən daha ağır dərs verəcək. İndi erməni xalqı düşünsün, bir qərara gəlsin: bu rejimin arxasınca getməsin. Bu rejim problemlərin həllinə getməyəcək. Ona görə də özlərinə normal bir lider tapsınlar ki, heç olmasa öz xalqına hörmət eləsin. Erməni xalqını aclıqdan çıxarsın, insanların xarici ölkələrə köçünü dayandırsın. Eyni zamanda, Azərbaycan xalqı ilə mehriban qonşuluq şəraitində yaşamaq istəsin. Bu halda problemin həlli mümkün olacaq. Əks halda, Azərbaycan Prezidentinin dediyi kimi, cəza çox ağır olacaq.
Söhbəti qələmə aldı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.