Qulamrza Səbri Təbrizi: Prezident İlham Əliyevin BMT tribunasından parlaq nitqi cinayətkar Ermənistana qarşı kəskin ittihamdır

Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında dərin məzmunlu, parlaq nitqi ölkə ictimaiyyəti arasında böyük razılıq hissi ilə qarşılanıb. Sadə vətəndaşlar, ziyalılar, xarici ölkələrdə yaşayan soydaşlarımız möhtərəm Prezidentin dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının yüksək tribunasından Qarabağla bağlı qətiyyətli mövqe ortaya qoymasından çox məmnun qalıblar.

Azərbaycanın xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasında danılmaz xidmətləri olan, Böyük Britaniyanın Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi ilə əlaqə saxladıq. Ondan bu məsələ ilə bağlı rəyini bildirməsini xahiş edəndə, həmsöhbətim böyük həvəslə bunları dedi:

– Azərbaycan Prezidentinin nitqini dərin maraqla dinlədim. Bir azərbaycanlı olaraq, böyük qürur və fəxarət hissi keçirdim. Necə deyərlər, elə bil ki, dünyanı mənə verdilər. Hələ də bu parlaq nitqin güclü təsiri altındayam. Sizə çox minnətdaram ki, bu məsələ ilə bağlı mənim fikir və düşüncələrimi dərc edəcəksiniz.

İlk növbədə, ondan başlamaq istəyirəm ki, Azərbaycan liderinin cəsarətli nitqi mənə ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikrini xatırlatdı. Hesab edirəm ki, cənab İlham Əliyevin nitqi məhz ümummilli liderin Azərbaycanla bağlı arzularının parlaq təcəssümüdür.

Azərbaycan Prezidenti İlham Əliyev BMT tribunasından işğalçı Ermənistanı tam haqlı olaraq kəskin şəkildə ifşa etmişdir. Ermənistan işğalçı dövlətdir. Bu həqiqətin real faktlara və dərin məntiqə əsaslanaraq, dünya liderlərinin diqqətinə qətiyyətlə çatdırılması böyük diplomatik uğur sayılmalıdır.

Fikir verin, Prezident İlham Əliyev BMT tribunasında nitqinə işğal altında olan Dağlıq Qarabağla bağlı həqiqətləri çatdırmaqla başladı. Cənab Prezident dedi:

“25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”.

Azərbaycan Prezidentinin bu sözləri cinayətkar Ermənistana qarşı kəskin ittihamdır. Dövlətimizin başçısı bundan sonra salonda toplaşan dünya liderlərinə ermənilərin Xocalıda törətdikləri soyqırımı barədə məlumat verdi. Bildirdi ki, 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, ağır hərbi cinayət törədib. İlham Əliyev yüksək tribunadan cinayətkarın adını da açıq-aşkar çəkərək dedi: “Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir”.

Dövlət başçımız haqlı olaraq vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olunmalıdır. Bu sahədə ikili standartlara yol vermək olmaz. Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qətnamələri mütləq yerinə yetirilməlidir. Düşünürəm ki, Prezident
İlham Əliyevin BMT-nin Baş Assambleyasındakı nitqinin Qarabağ probleminin ədalətli yolla həlli üçün böyük təsiri olacaq.

Bu yerdə bir məqamı da vurğulamaq istəyirəm. Bu gün dünyanın çox yerində dini, etnik zəmində kəskin münaqişələr baş verir, ağır zorakılıqlara yol verilir. Lakin Azərbaycan hazırda dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Təsadüfi deyil ki, Azərbaycanda 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan olunub.

İşğalçı Ermənistanda vəziyyət tam əksinədir. Ermənistan bu gün monoetnik ölkə kimi tanınır, burada ksenofobiya dövlət siyasətinə çevrilib. Azərbaycan isə çoxmillətli ölkədir, cəmiyyətdə mədəni, etnik və dini müxtəliflik bərqərar olub.

Bəli, bu gün sivil, demokratik Azərbaycanla işğalçı Ermənistan arasında yerlə-göy qədər fərq var. Bu aşkar həqiqəti dünya liderlərinin diqqətinə çatdırmaqla, Prezident İlham Əliyev təcavüzkar Ermənistan dövlətinin əsl xislətinin mahiyyətini göstərərək məharətlə ifşa etmişdir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı parlaq nitqi diaspor təşkilatlarımızın Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində fəaliyyətinə yeni təkan, stimul verəcək. Sonda vurğulamaq istərdim ki, Azərbaycan dövlətinin Qarabağla bağlı ədalətli mövqeyinin bütün dünyada geniş izah və şərh edilməsi üçün hər birimiz əlimizdən gələni etməliyik.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında