Azərbaycan Prezidenti əsas diqqəti bəşəri problemlərin həllinə yönəltdi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında səsləndirdiyi fikirlərin aktuallığı və məzmunu baxımından həm Azərbaycan, həm də BMT üçün maraqlı məqamları ilə seçilmişdir. Dövlət başçımız Azərbaycanın 2004-cü ildən başlayaraq əldə etdiyi sosial-iqtisadi uğurlardan söz açaraq ölkənin regionda iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrildiyini qeyd etmişdir.

Daxili inkişafa, əhalinin həyat tərzini xeyli yaxşılaşdırmağa nail olan Azərbaycan həm karbohidrogen ehtiyatlarının ixracı, həm də Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşdırılması ilə dünyada mühüm iqtisadi katalizator rolunu oynamağa başlamışdır. Azərbaycanın mədəni, dini müxtəlifliyi dəstəklədiyini sessiya iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev ölkədə olan multikultural ab-havadan və bunu insanlar arasında əmin-amanlıq və sosial inkişafda oynadığı roldan danışmışdır. Azərbaycan Prezidenti BMT-nin yüksək tribunasından əsas diqqəti bəşəri problemlərin həllinə yönəltmişdir.

Yüksək kürsüdən Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi bir daha sessiya iştirakçılarının diqqətinə çatdırılmışdır. Təcavüzkarın cəzalandırılmaması, ona qarşı sanksiyaların tətbiq olunmaması dünyada hüquqi və mənəvi ədalətin pozulması ilə yanaşı cəzasızlıq şəraitinin hökm sürməsinə və belə cinayətlərin yenidən təkrar olunmasına gətirib çıxardığını qeyd edən Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmasının həm Azərbaycan, həm də BMT üçün həyati əhəmiyyət kəsb etdiyini bildirmişdir. BMT-də islahatların aparılmasının vacibliyini qeyd edən ölkə Prezidenti islahatların məhz elə Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizmlərində aparılmasının vacibliyinin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır.

Hüquqi mexanizmlərlə yanaşı, Ermənistanın öz işğalçı siyasətinə son qoyması üçün Azərbaycanın BMT-nin tanıdığı hüquq normaları çərçivəsində Ermənistanı cəzalandırmaq üçün bütün imkanlara sahib olduğu da vurğulanmışdır. Keçən ilin aprel ayında Azərbaycanın bu vasitədən istifadə edərək mülki əhalini atəşə tutan Ermənistan işğalçı qüvvələrini cəzalandırmış və düşmənə bu dərsi unutmamaq tövsiyə edilmişdir. Dinc əhalini, uşaq və qadınları qətlə yetirən Ermənistan prezidenti əsl layiq olduğu adla – hərbi cinayətkar adlandırılmışdır. Azərbaycanın daim sülh və mehriban qonşuluq siyasətinə sadiq qaldığını qeyd edən ölkə başçısı Ermənistanın təxribatlarının qarşısının qətiyyətlə alınacağını da xüsusi vurğulamışdır.

Azərbaycanın BMT-yə verdiyi dəyərdən bəhs edən ölkə başçısı ölkəmizin BMT-nin ən fəal üzvlərindən biri olduğu, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmasından, ölkədə keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumundan, Dünya Dini Liderlər Forumundan, 4 dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq, 5 dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumundan söz açaraq, bütün bu fəaliyyətin dünyada qarşılıqlı etimadın və dialoqun yaranmasına xüsusi xidmət etdiyini sessiya iştirakçılarının diqqətinə çatdırmışdır.

Azərbaycanda dövlət – vətəndaş münasibətlərinin “ASAN Xidmət” modelinin BMT tərəfindən yüksək mükafatla təltif edilməsini vuğulayan dövlət başçısı bu modelin digər ölkələr üçün də cəlbedici olmasını və respublikamızın bu innovativ xidmət məhsulunu digər ölkələrə ixrac etməyə başlamaq əzmində olmasını da qeyd etmişdir.

Azərbaycanda dövlət siyasətinin əsas məqsədinin ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması, demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi, bütün fundamental azadlıqların müdafiəsi olduğunu qeyd edən Azərbaycan Prezidenti bütün bunlara nail olmağın tək yolunun azad və müstəqil olmaqdan, ölkənin taleyinin xalqın əlində olmasından keçdiyini BMT kürsüsündən bildirmişdir.

 Tahir MİRKİŞİLİ,
 Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında