Sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması ölkəmizin bugünü və gələcəyi üçün mühüm önəm daşıyan tarixi hadisədir. Bu sazişin imzalanması Heydər Əliyev neft strategiyasının təntənəsidir.
Bəs 23 il əvvəl – 1994-cü il sentyabr ayının 20-də Bakının Gülüstan sarayında imzalanan “Əsrin müqaviləsi” Azərbaycana nələr bəxş etdi? Həmin müqavilənin imzalanması, sözün əsil mənasında, Heydər Əliyev qətiyyətinin təntənəsi idi. İctimai-siyasi sabitliyin kifayət qədər kövrək olduğu, dövlət çevrilişi cəhdlərinin və terror hadisələrinin səngimədiyi, Dağlıq Qarabağla bağlı Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin cəmisi bir neçə ay öncə dondurulduğu, lakin bunun kifayət qədər dayanıqlı olmayacağının hər kəsə aydın olduğu bir dönəmdə Azərbaycana milyardlarla dollar xarici investisiyaların yatırılması çoxlarına şirin xəyal kimi görünürdü. Bu şirin xəyalı ulu öndərin poladdan möhkəm iradəsi və qətiyyəti gerçəkliyə çevirdi.
O çətin dövrdə Heydər Əliyev tək “Əsrin müqaviləsi”nin iştirakçıları olan xarici kompaniyaları deyil, bütün dünyanı Azərbaycanın parlaq gələcəyinə inandıra bildi. Həmin günləri ölkə Prezidenti cənab İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik".
Bəlkə də dünya tarixində heç bir xarici investor ictimai-siyasi sabitliyin çox zəif, iqtisadiyyatın dağınıq bir durumda olduğu və müharibə vəziyyətində olan bir ölkəyə bu qədər böyük yatırımlar etməyə cürət etməzdi. Ancaq BP başda olmaqla bütün digər investorlar, Qərbin siyasi dairələri Heydər Əliyev kimi bir siyasət nəhənginin bu çətinlikləri qısa müddət ərzində məharətlə çözəcəyinə inandılar və yanılmadılar. Bu müqavilənin bağlanması ilə Azərbaycan iqtisadiyyatında, onun maliyyə sistemində sabitliyin bünövrəsi qoyuldu. Bu gün ötən 23 ilə nəzər salmaqla yenicə müstəqillik əldə etmiş Azərbaycanın bir dövlət olaraq haradan haraya gəlib çıxdığını görəndə hər bir azərbaycanlı qürur hissi keçirir.
“Əsrin müqaviləsi”nin verdiyi dividentlər nəticəsində Azərbaycanın əldə etdiyi uğurları cənab Prezident İlham Əliyevin çox gözəl xarakterizə etdi: “Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.”
Bəli, məhz Azərbaycanın bugünkü iqtisadi qüdrətinin bünövrəsi o zaman qoyuldu. İqtisadi gücün olduğu yerdə bütün sahələrdə uğurların əldə olunması mümkün idi və bu da baş verdi. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın iqtisadi cəhətdən ən qüdrətli dövləti deyil. O, həm də böyük bir regionun iqtisadi və siyasi cəhətdən ən nüfuzlu dövlətlərindəndir. Bu gün regionda heç bir qlobal iqtisadi və siyasi məsələ Azərbaycanın iştirakı olmadan həll edilmir. Bütün bunları 23 il öncə görən ulu öndər deyirdi: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. İndi dahi siyasətçinin bu uzaqgörənliyinin şahidi təkcə bir biz deyilik – bütün dünyadır.
Müqavilə imzalanandan 5 il sonra - 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına göndərildi və ölkəyə valyuta axını başladı. Azərbaycana daxil olacaq milyardlarla dollar vəsaiti sistemli şəkildə iqtisadiyyatın inkişafına yönəltmək və ölkənin iqtisadi qüdrətini yüksəltmək üçün ondan səmərəli idarə edilməsi tələb olunurdu. Bunu çox yaxşı bilən ulu öndər həmin dövrdə Dövlət Neft Fondunun yaradılması haqqında sərəncam imzaladı. Neftin satışından əldə edilən valyuta gəlirləri Dövlət Neft Fonduna daxil olmağa başladı.
“Əsrin müqaviləsi”nin imzalandığı ərəfədə və ondan sonrakı dövrlərdə Azərbaycana təzyiqlər kifayət qədər böyük idi. Ölkəmizlə münasibətləri arzuladıqları kimi görmək istəyənlər, ona böyük qardaşlıq etmək iddiasından əl çəkməyənlər Azərbaycanı işıqlı gələcəyə aparan bu müqavilənin bağlanmasını və onun sonradan normal işlənməsini hər vəchlə əngəlləməyə çalışırdılar. Bu da təbii idi. Lakin əsas olan o idi ki, dahi siyasətçi Heydər Əliyev bunların hamısını nəzərə almışdı. O, kontraktın uğurla imzalanmasına nail olduqdan sonra hasil olunacaq neftin dünya bazarlarına ən səmərəli marşurutlarla çıxarılması yollarını da böyük məharətlə çözə bildi.
Həqiqətən də müqavilə imzalanandan sonra ən mühüm məsələlərdən biri hasil olunacaq neftin dünya bazarlarına çıxarılmasının optimal yollarının tapılmasından ibarət idi. Bu məqsədlə ilk olaraq Şimal istiqamətindəki Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edildi və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Rusiya Federasiyasının Novorossiysk limanına nəql olundu. Lakin bu kifayət deyildi. Yeni boru kəməri xəttinin çəkilişinə böyük ehtiyac duyulurdu. Bakı-Novorossiysk boru kəməri istifadəyə verildikdən sonrakı addım Bakı-Supsa boru kəmərinin inşa edilməsi oldu və artıq 17 aprel 1999-cu ildə bu kəmər də işə salındı. Bu istiqamətdə aparılan gərgin işlərin son və ən uğurlu layihəsinə 1999-cu ilin noyabr ayında imza atıldı. Həmin vaxt Türkiyənin İstanbul şəhərində keçirilən ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Azərbaycan Prezidenti Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməli qoyuldu. Bakı– Tibilisi– Ceyhanın Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu və 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bununla da “Əsrin müqaviləsi” üzrə hasil olunan neftin dünya bazarlarına çıxarılması sahəsindəki bütün suallara son qoyuldu. Əsas ixrac neft kəmərinin siyasi əhmiyyəti isə kifayət qədər böyük idi.
“Əsrin müqaviləsi”nin ötən dövrdə Azərbaycana verdiyi dividentlər kifayət qədər böyükdür. Azərbaycan bu dönəmdə dəyəri milyardlarla manat olan iri infrastruktur layihələrinə imza atmaqla, ölkənin ən vacib problemlərinin yüksək səviyyədə həllinə nail ola bildi. Bu gün Azərbaycanın bütün bölgələrində işıq, qaz, su problemi demək olar ki, yox dərəcəsindədir. Minlərlə kilometr yeni, müasir yolların salınması, Bakı şəhərində yol infrastrukturunun yenidən qurulması, ölkənin bölgələrində və paytaxtda nəqliyyatın hərəkəti sahəsindəki çətinliklərin tamamilə aradan qaldırılması mühüm hadisə idi.
Aqrar sektorun su təchizatının təmin edilməsi məqsədilə tikilən yeni su anbarları on min hektarlarla torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə şərait yaratdı. Bu müddət ərzində Azərbaycan həm də bölgənin ən böyük tranzit yükdaşımalar ölkəsinə çevrildi. Qərblə şərqi, şimalla cənubu birləşdirən nəhəng layihələr reallaşdırıldı. Ölkədə turizmin inkişafına göstərilən dövlət dəstəyi onu bütün dünyada ən cəlbedici turizm zonalarından birinə çevirməkdədir. Bu gün Azərbaycan qeyri-neft sənayesinin inkişafında əsaslı dönüşün ərəfəsindədir. Artıq biz tək xam neft və xam qaz ixcatçısı deyil, bu xammallardan son məhsullar hazırlayırıq. Aqrar sektorumuz isə uğurlu islahatlar yolu keçərək bu gün ölkəyə xarici valyuta axınını təmin edə biləcək ənənəvi strateji məhsulların istehsalını on dəfələrlə artıra bilib.
Ötən dövr ərzində Azərbaycan sosial sferada da inqilabi dəyişikliklər edə bildi. Bu gün bütün bölgələrimizdə ən müasir tələblərə cavab verən minlərlə orta məktəb, tibb ocaqları, mədəniyyət evləri, idman obyektləri insanların xidmətinə verilib. Hazırda Azərbaycan ordusu dünyanın ən güclü on ordusundan biridir.
Bütün bunlar “Əsrin müqaviləsi”nin bizə bəxş etdiyi dividentlərin bir nəfəsə sadalaya bildiyimiz cüzi bir hissəsidir. Bütövlükdə isə bu illər ərzində “Əsrin müqaviləsi”ndən qaynaqlanan Azərbaycan yeni dünyəvi ölkəyə çevrilə bildi. Bu müqavilənin müddətinin daha 30 il uzadılması isə bizə yeni dividentlər gətirəcək. Heç şübhə yoxdur ki, biz tezliklə bütün göstəricilər üzrə dünyanın ən aparıcı dövlətləri ilə rəqabət apara biləcək bir səviyyəyə yüksələcəyik.
"Əsrin müqaviləsi"nin müddətinin uzadılması üçün ilk növbədə xarici tərəfdaşlar Azərbaycan tərəfinin tələblərini qəbul etməli idilər. Çünki Azərbaycanla əməkdaşlıqda onların marağı kifayət qədər böyükdür. “Əsrin müqaviləsi”nin icra müddəti 2024-cü ildə başa çatırdı. Mütəxəssislərin apardıqları araşdırmalar göstərir ki, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının potensial imkanları müqavilənin vaxtı başa çatdıqdan sonra da kifayət qədər böyük olaraq qalacaq. Məhz bu reallıq imkan verdi ki, onların birgə istismar müddəti yenidən uzadılsın. Tərəflər arasında belə bir razılıq o halda əldə oluna bilərdi ki, müqavilənin yeni şərtləri hər bir tərəfi qane etsin. Müqavilənin imzalandığı 23 il ərzində dünyanın siyasi və iqtisadi müstəvisində Azərbaycanın rolu və çəkisi müqayisəedilməyəcək bir səviyyədə artıb və bu da ona kontraktın yeni layihəsində öz şərtlərini diqtə etməyə əsas verdi.
Təbii ki, bu şərtlər indi əvvəlkindən daha sərfəlidir. “Əsrin müqaviləsi” imzalanan dönəmdə ölkə iqtisadiyyatı dağınıq halda, ictimai-siyasi durum qeyri-sabit bir vəziyyətdə idi. Belə bir şəraitdə biz bu nəhəng kontraktın imzalanmasına nail olmalı idik və ulu öndərin uzaqgörən siyasəti sayəsində buna müvəffəq olduq. Bütün investisiyaların xarici şirkətlər tərəfindən qoyulması, mənfəət neftinin 75 faizinin Azərbaycana çatması şərtinin tərəfmüqabillərə qəbul etdirilməsi o dövr üçün çox böyük uğur idi. Bu gün imzalanmış kontraktla “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi müddəti 2050-ci ilə qədər uzadılır.
Yeni kontraktın şərtləri Azərbaycan üçün daha əlverişlidir. Belə ki, kontraktın imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, bu da xarici kompaniyaların 2004-cü ildə imzalanmış “Əsrin müqaviləsi” layihəsi üzrə o zaman ödədikləri bonusdan müqayisə edilməyəcək dərəcədə çoxdur. Digər tərəfdən, yeni imzalanmış kontraktda SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın gələcək inkişafında kontraktın çox böyük əhəmiyyəti olacaqdır. 23 il ərzində kontraktın icrası “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilməsinə imkan verdi. Bu, proqnozlaşdırılan rəqəmə yaxın bir göstəricidir. Aparılan araşdırmalar onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır və ehtimal olunur ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq.
Sonda onu da qeyd etmək istəyirəm ki, iki əsri əhatə edən bu tarixi kontrakt Azərbaycanı bütün dünyaya yeni bir formatda – iqtisadi cəhətdən qüdrətli, siyasi cəhətdən isə böyük nüfuz sahibi kimi təqdim etdi və bu təqdimat yaxın onilliklər boyu öz işini uğurla görəcəkdir. Bizə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana qarşı hərbi əməliyyatlar keçirməyə belə ehtiyac qalmayacaqdır. Çünki bu qədər böyük iqtisadi qüdrət və siyasi güc qarşısında ermənilərin Azərbaycan dövlətinin haqlı tələblərini yerinə yetirməkdən başqa ayrı seçimi qalmayacaqdır!
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.