Bu il sentyabrın 14-də Bakıdakı Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması ölkə ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılandı. Diqqəti çəkən əsas məqam, zənnimcə, odur ki, sazişin yeni şərtləri Azərbaycanın maraqlarına daha artıq dərəcədə uyğun gəlir. Bunu Prezident İlham Əliyev də öz çıxışında qeyd etdi.
Dövlət başçısı bildirdi ki, belə bir sazişin imzalanması ölkəmizin həyatında çox əlamətdar və tarixi bir hadisədir və bununla “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. “Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var”.
Məlumdur ki, “Azəri-Çıraq-Günəşli” neft yatağında işlər artıq 23 il ərzində uğurla icra edilir. Bu illər ərzində layihə çərçivəsində Azərbaycana 33 milyard dollar həcmində sərmayə qoyulub, 436 milyon ton neft hasil edilib. 1994-cü ildən bəri Azərbaycanın birbaşa mənfəəti isə 125 milyard dollar olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ilin 20 sentyabrında kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdusa, bu gün məlumdur ki, “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş neft ehtiyatları təxminən 500 milyon tondur və işlərin icrası müddətində bu rəqəmin daha da artacağı gözlənilir. Dövlət başçısının özü də imzalanma mərasimindəki çıxışında buna əmin olduğunu bildirdi.
Şübhəsizdir ki, bu cür sazişlər Azərbaycanın artmaqda olan iqtisadi qüdrətini, onunla birlikdə dünyadakı siyasi çəkisini daha da artırır. Bunu Azərbaycan Prezidenti də qeyd edərək söylədi ki, əgər 1994-cü ildə ulu öndər Heydər Əliyevin gərgin zəhməti nəticəsində “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanın bugünkü durumunu təsəvvür etmək çətin olardı. 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə “Əsrin kontraktı”nın imzalanması, ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi tarixi nailiyyətdir. “O gündən 23 il keçir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf etmişdir. Bu gün ölkəmiz dünyada ayaqda möhkəm dayanan ölkə kimi tanınır. Bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycan beynəlxalq aləmdə çox yüksək və müsbət reputasiyaya layiq olan ölkədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir və bu da beynəlxalq aləmin bizə olan rəğbətinin, hörmətinin, dəstəyinin əlaməti idi”. Bu sözləri Prezident İlham Əliyev yeni sazişin imzalanması mərasimdə söylədi və əlavə etdi ki, bu gün Azərbaycan öz hesabına yaşayan, heç kəsdən asılılığı olmayan ölkələrdəndir. “Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır”.
İnanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin neftçiləri beynəlxalq şirkətlərdən olan tərəfdaşları ilə birgə yeni sazişin uğurla yerinə yetirilməsini təmin edəcəklər və xalqımız bundan böyük fayda götürəcək.
Azər VERDİYEV,
Azərbaycan Slavyan Gənclər Assosiasiyası
Analitik Təhlil Mərkəzinin rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.