Cəmiyyət həyatının bütün sahələrində belədir. Dövlətimiz qüdrətləndikcə, maddi və texniki imkanlarımız artdıqca həyata keçirdiyimiz layihə, plan və proqramların miqyası da qat-qat geniş miqyası əhatə edir. İndi Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəinki 1994-95-ci illərdəki, hətta dörd-beş il əvvəlki layihələrimizlə müqayisəolunmaz dərəcədə əhəmiyyətli və əhatəlidir.
İki gün əvvəl Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimində çıxış edən Prezident İlham Əliyev həmin məqamı daha dəqiq ifadə etdi: “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var. Bir daha qeyd etmək istəyirəm, bugünkü hesablamalara görə 1 milyard ton neft ehtiyatı var. Bu gün imzalanan saziş 1994-cü ildə imzalanan sazişdən daha da böyük miqyaslıdır”.
Bəli, ölkəmizin həyatında çox əlamətdar və tarixi bir dövr yaşanır. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni mərhələ başlayır. Bu, Heydər Əliyev neft strategiyasının təntənəsi kimi qəbul edilməlidir. Çünki imzalanmış yeni saziş ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Sənədin imzalanması mərasimində çıxış edən Prezident qeyd etdi ki, bu saziş çərçivəsində ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar çox mühüm şərtlərdir: “Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var”.
Dövlət başçımız dostlarımızın və tərəfdaşlarımızın iştirakı ilə keçirilən tədbirdə bir növ bədxahlarımıza mesaj göndərirmiş kimi müasir Azərbaycan həqiqətlərini dilə gətirdi: “Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı”.
Yeri gəlmişkən, mən adıçəkilən tədbirdə şahidi olduğum başqa bir məqamı da qeyd etmək istəyirəm. Belə ki, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra daim yanımızda olan Türkiyə Cümhuriyyəti ilə hərtərəfli dostluq və tərəfdaşlıq münasibətlərimiz həm ölkəmizdə, həm də beynəlxalq aləmdə diqqətlə izlənilir. Bunun daha bir nümunəsinə haqqında danışdığımız sazişin imzalanması mərasimində şahidlik etdik. Qardaş ölkənin enerji və təbii sərvətlər naziri Berat Albayrak öz çıxışında dedi ki, mənbələrin şaxələndirilməsi baxımından Avropa İttifaqı tərəfindən irəli sürülən “Cənub” qaz dəhlizi layihəsinin ən önəmli mənbə ölkələrindən biri Azərbaycandır. Ancaq “Cənub” qaz dəhlizi layihəsini, sözün əsl mənasında , həyata keçirən Türkiyə-Azərbaycan əməkdaşlığı və iradəsi olub: “Bu layihənin irəli sürülməsindən xeyli əvvəl “Şahdəniz-1” yatağından çıxarılan qaz artıq Bakı-Tbilisi–Ərzurum boru kəməri ilə nəql olunurdu. “Şahdəniz-2” yatağı üzrə Türkiyə və Azərbaycan bir tərəfdən Azərbaycanın qaz ticarətinə töhfə verir, digər tərəfdən də həm Türkiyə, həm də Avropa təbii qaz bazarları üçün önəmli bir mənbə şaxələndirməsini təmin edəcək TANAP layihəsini həyata keçirir. Hamımıza məlumdur ki, uzun illər Avropa İttifaqının alternativ enerji mənbələri ilə bağlı həyata keçirdiyi layihələrdən fərqli olaraq, TANAP layihəsi iki ölkənin güclü əməkdaşlığının bir rəmzi olaraq, gələn ilin ikinci yarısında, inşallah, açılışının da həyata keçirilməsi ilə xüsusilə Avropanın enerji təhlükəsizliyi baxımından tarixi imkan olacaq”.
Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.