Hasilatın pay bölgüsü sazişi Azərbaycanın qlobal enerji təchizatçısı kimi fəaliyyətini daha da gücləndirəcək

Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının (AÇG) dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mühüm tarixi hadisədir. İqtisadçı alim Vüqar Bayramov bununla bağlı dedi:

– Ölkəmizin bugünü və gələcəyi üçün böyük önəm daşıyan bu hadisə haqqında danışmazdan əvvəl onu qeyd edim ki, 23 il öncə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalandı və o, sonralar “Əsrin müqaviləsi” adını aldı. Lakin bu uğurun əldə edilməsi o qədər də asan olmamışdı. Belə ki, xalqımızın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Müstəqilliyimizi itirmək təhlükəsindən xilas edən ümummilli liderimiz ölkənin iqtisadi yüksəlişi üçün ciddi tədbirlər həyata keçirməyə başladı.

Yeri gəlmişkən, burada bir tarixi məqamı xatırlatmaq istərdim. Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ ötən əsrin 80-ci illərinin axırlarından aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafelərini nəzərə alır, hətta ölkənin qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu. Yalnız dahi rəhbərin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Neft müqaviləsi üzrə müzakirələrə faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

Onu da deyim ki, neft müqaviləsi üzrə müzakirələrin elə ilk günlərindən ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev prosesə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla reallaşdırılmasının ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”. Cənab İlham Əliyevin  iştirakçısı olduğu bütün görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinlik və maneələr də olurdu. Xatırladım ki, “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olurdu, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”.

Beləliklə, qarşıya çıxan siyasi və iqtisadi çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində AÇG üzrə ilk müqavilə imzalandı. Bununla da Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Həmin vaxtdan, başqa sözlə, 1994-cü ildən indiyədək  AÇG-yə 33 milyard sərmayə yatırılıb və 440 milyon ton neft hasil olunub. Ölkəmiz isə bundan 125 milyarddan çox birbaşa mənfəət əldə edib.

Ötən müddətdə AÇG-dən, həmçinin ümumilikdə 30 milyard kubmetrdən artıq səmt qazı Azərbaycan hökumətinə təhvil verilib. Bu ilin birinci yarısında AÇG-dən gündəlik orta hesabla 585 min barel hasilat əldə edilib. Hazırda AÇG-də 8 platforma – 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.

“Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji bazarlarında rolunu möhkəmləndirdi, ölkəmizin enerji dəhlizi kimi tanınmasına güclü təkan verdi, dövlətimizə böyük nüfuz qazandırdı. Bu müqavilə Azərbaycanın kommersiya maraqlarını təmin etməklə bərabər, eyni zamanda, respublikamızda dayanıqlı iqtisadi inkişafın əsasını qoydu, neft gəlirləri hesabına əhalinin sosial şəraiti yaxşılaşdı, yeni iş yerləri açıldı, yoxsulluq probleminin həlli istiqamətində müsbət dəyişikliklər baş verdi.

Yenidən işlənmiş sazişin şərtləri isə deməyə əsas verir ki, növbəti 32 il ərzində AÇG-nin ölkəmizə verəcəyi iqtisadi mənfəət maksimum həddə olacaq. Bununla bərabər, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamı daha da güclənəcək. 

Yeni sazişdən sonra “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” (AÇG) layihəsində iştirak payları barədə isə onu deyə bilərəm ki, adları çəkilən yataqlar üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP - 30,37 faiz, “AzACG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Statoil” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TP” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz. Bu isə o deməkdir ki SOCAR-ın AÇG-dəki payi iki dəfədən çox artacaq.

Yeni sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar bonus ödəyəcəklər. Mütəxəssislər növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialının mövcudluğunu da bildirirlər.  

Burada belə bir sual da verilə bilər: bəs indiki sazişdən əvvəl AÇG-də iştirak payları necə olub? Xatırladım ki, əvvəl, yəni 23 il öncə imzalanan neft müqaviləsində BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TP” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz) təşkil edib.

Yeri gəlmişkən, hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq. Sözügedən sazişin ardınca, SOCAR  və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma da əldə olunub.

Burada onu da vurğulayım ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək AÇG layihəsinin reallaşdırılması çərçivəsində 125 milyard 718 milyon ABŞ dolları gəlir əldə edib.

Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının (AÇG) dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması, deyərdim ki, təkcə Azərbaycan üçün yox, bölgə və dünya enerji bazarı baxımından çox tarixi bir hadisədir. Eyni zamanda,  “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilata başlanan bu proses həm də Azərbaycanın zəngin təbii sərvətlərinin rəmzinə çevrilməklə yanaşı, 2006-cı ildən etibarən buradan hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünyanın enerji bazarlarına çıxarılması enerji təhlükəsizliyinə töhfə verən bir layihədir. Hazırda bu sahədəki işlərin davam etdirilməsi üçün sözügedən müqavilənin 2050-ci ilə qədər uzadılması Azərbaycanın neftlə bərabər, təbii qaynaqlarının işlənilməsinin reallaşdırılması üçün çox mühüm önəm daşıyır. 

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılmasında diqqətçəkən bir məqam da odur ki, qlobal investorlar artıq tam əmindirlər ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur.

Nəhayət, onu da qeyd edim ki, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin müddətinin uzadılması beynəlxalq şirkət-tərəfdaşlar tərəfindən Azərbaycan Dövlət Neft Fonduna bonusların ödənilməsi və SOCAR-ın layihədə iştirak payının artması balanslaşdırılmış nəticənin əldə olunmasını göstərir.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında