Beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert Piter Teyz AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
– ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu “2016-cı ildə dünya ölkələrində dini etiqad azadlığı haqqında məruzə” dərc edib. Hər il dərc edilən və Birləşmiş Ştatların Konqresinə təqdim olunan bu sənəd dünyanın müxtəlif regionlarında ABŞ-ın xarici siyasəti baxımından nə dərəcədə əhəmiyyətlidir?
– Budəfəki illik məruzədə 195-dən çox müstəqil ölkədə və ərazilərdə dini etiqad azadlığının vəziyyətinə dair ətraflı icmal verilib. ABŞ Konstitusiyasına və bu ölkənin xarici siyasət konsepsiyasına görə, dini etiqad azadlığı insanın universal hüququ hesab edilir, Vaşinqton da dini etiqad azadlığının müdafiə olunmasına və qorunub saxlanmasına dəstək verdiyini nümayiş etdirir, çünki bu azadlıq iqtisadi sabitliyi, sosial ədaləti və ölkələrin dinc yanaşı yaşamasını təmin edir, bütün dünyada sülhü qoruyub saxlamağa kömək edir. ABŞ dövlət katibi Reks Tillersonun qeyd etdiyi kimi, indiki ABŞ hökuməti insan haqlarının və əsas azadlıqların müdafiəsi məsələlərinə sadiqdir. Bu məruzənin dərc edilməsi bütün dünyada sülh şəraitində, mənəvi dəyərlərə müvafiq şəkildə yaşamağa çalışan bütün insanlara səs hüququ verir.
– Məruzənin Azərbaycana həsr edilmiş bölməsi barədə nə fikirdəsiniz?
– Mənim fikrimcə, indiki şəkildə məruzə Azərbaycanda dini etiqad azadlıqlarının təsviri baxımından yarımçıqdır. Görünür, Dövlət Departamenti Azərbaycan Respublikası barədə aşağıdakı mühüm faktları qeyd etməyi unudub:
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çoxmədəniyyətli ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə xüsusi sərəncam imzalayaraq 2016-cı ili bu ölkədə “Multikulturalizm ili” elan edib;
– 2016-cı il sentyabrın 29-30-da Azərbaycan paytaxtında Bakı Beynəlxalq Humanitar Forumu təşkil edilib. Qlobal miqyaslı bu tədbirdə Nobel mükafatı laureatları, alimlər, çoxsaylı sabiq və indiki dövlət və hökumət başçıları iştirak edib. Belə adlandırılan “Bakı prosesi”nin inkişafı Azərbaycanda dini etiqad azadlığının möhkəmlənməsində daha bir mühüm mərhələdir;
– Azərbaycan Prezidentinin himayəsi və akademik Kamal Abdullayevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması mühüm təşəbbüsdür, bu təşəbbüs konfessiyalararası dialoqu daha da möhkəmlədib və Azərbaycanda dini etiqad azadlığının inkişafına töhfə verib;
– Azərbaycan Respublikasının əraziləri iyirmi ildən çoxdur ki, işğal altındadır. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu işğal altında saxlamaqda davam edir, nəticədə Azərbaycanın mindən çox dini abidəsi, kitabxanası, arxeologiya və mədəniyyət obyektləri ermənilərin davam etməkdə olan işğalı nəticəsində tamamilə məhv edilib;
– Məruzənin “Xarici qüvvələr və dövlətə aid olmayan şəxslər tərəfindən pozuntular” bölməsində yazılıb: “Hökumət Dağlıq Qarabağ üzərində nəzarəti saxlamır. Dini qruplar, o cümlədən “İyeqova şahidləri”, qeyri-hökumət təşkilatları, məsələn “Forum 18” belə xəbərlər yaymaqda davam ediblər ki, Dağlıq Qarabağdakı de-fakto hakimiyyət orqanları bütövlükdə dini fəaliyyəti məhdudlaşdırıb, lakin konkret azadlıqların pozulmaları barədə informasiya əlyetərli olmayıb”. Yaxşı olardı ki, məruzənin bu bölməsində Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun suveren Azərbaycan ərazisi olması vurğulansın və həmin ərazilərin hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olması beynəlxalq birliyə izah edilsin. Ermənistan hökuməti suveren Azərbaycan dövlətinin işğal edilmiş ərazilərində Azərbaycanın dini infrastrukturunun, mədəni, arxeoloji və tarixi abidələrinin məhv edilməsi kampaniyasını onilliklər boyunca davam etdirir.
– Yeri gəlmişkən, Azərbaycanın mədəni və dini abidələrinin Ermənistan tərəfindən məhv edilməsi, Azərbaycanda ermənilərin dini abidələrinin vəziyyəti barədə nə deyə bilərsiniz?
– Dünya birliyi bilməlidir ki, Bakının mərkəzində bərpa olunmuş erməni kilsəsi var, Azərbaycan hökuməti burada erməni dilində beş mindən çox kitabı qoruyub saxlayır. Digər tərəfdən, Ermənistan silahlı qüvvələri suveren Azərbaycanın ərazisində etnik təmizləmələr, kütləvi qətllər törədib, mədəni, dini və arxeoloji irs obyektlərini dağıdıblar.
Yeri gəlmişkən, Azərbaycanın suverenliyinə təhdidlər barədə... Həmin məruzədə adları çəkilən “siyasi məhbusların” uzun siyahısı barədə onu deyə bilərəm ki, görünür, bu adamlar geostrateji aktorlar tərəfindən qızışdırılan, hərc-mərcliyə, təhlükəsizliyin pozulmasına, etnik münaqişələrə gətirib çıxara və Azərbaycan Respublikasının ərazi bütövlüyünü, habelə bütün Qafqaz regionunda sülhü daha böyük təhlükə altına ala biləcək iğtişaşlar üçün provokasiyaya şərait yaradan amildir. Din təbliğçiləri “libası” geyinmiş belə insanlar sabitliyi pozmağa və Azərbaycan dövlətçiliyini tamamilə dağıtmağa çalışırlar.
– Siz necə düşünürsünüz, Azərbaycanı multikulturalizm və dini dözümlülük üçün unikal məkana çevirən nədir?
– Azərbaycan Prezidenti İlham Əliyevin haqlı olaraq bəyan etdiyi kimi, multikulturalizm əsrlər boyu həmişə xalqımız üçün səciyyəvi olub. Azərbaycanda müxtəlif dinlərə və etnik qruplara mənsub insanlar əsrlər boyu bir ailə kimi yaşayıblar. Azərbaycanın strateji coğrafi mövqeyi, onun xalqının mədəni xüsusiyyətləri və etnik tərkibi, buradakı tarixi proseslər müxtəlif dinləri, mədəniyyətləri, etnik qrupları və sosial dəyərləri ehtiva edən əlverişli sosial struktur yaradıblar. Azərbaycanda iuadizm, İslam, xristianlıq, habelə digər dini qruplar dinc yanaşı mövcud olub, bir-birinə qarşılıqlı təsir göstərib, ölkədə müəyyən dini və mədəni həyat tərzini bərqərar ediblər. Odlar Yurdu adlanan, Nuh peyğəmbərin doğulduğu yer olan Azərbaycan dünyada yeganə ölkədir ki, orada sünnilərlə şiələr eyni bir məsciddə ibadət edir və dini mərasimləri icra edirlər. Eyni zamanda, Azərbaycan dünyanın qədim xristian icmalarından biri üçün doğma evdir, bu icma əsrlər boyu Azərbaycanın sosial-mədəni irsinin formalaşmasına şərait yaradıb.
Bu çoxəsrlik təcrübə Azərbaycanda harmoniya, dinc yanaşı yaşama, dini dözümlülük mədəniyyəti, qarşılıqlı etimad və inam ab-havası yaradıb, bunun sayəsində müxtəlif konfessiyalara mənsub olan insanlar – xristianlar, müsəlmanlar və yəhudilər sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu birlik Azərbaycan mədəniyyətinin və Azərbaycan cəmiyyətinin mühüm və parlaq tərkib hissəsi olaraq qalır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.