Fəxriyyə Xələfova: Mən bu gözəlliyi dünya ilə paylaşmaq istəyirəm

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) yeni layihəyə start verir. “Mərkəzi Asiya” adlanan bu layihədə müvafiq regionun coğrafiyası, bu bölgə ilə bağlı maraqlı təşəbbüslər, tanınmış şəxslərlə tanışlıq, Azərbaycanın bu regionun ölkələri ilə birgə layihələri barədə yaddaqalan videomüsahibələr, sənədli filmlərin təqdim olunması nəzərdə tutulur. Bu layihənin ilk qonağı isə tanınmış azərbaycanlı modelyer-dizayner, ətriyyatçı, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova olub. O, BAMF-ın təsis etdiyi “Eurasia Diary” analitik informasiya portalına müsahibəsində Mərkəzi Asiya ölkəsi Özbəkistanın milli parçalarından hazırlanan kolleksiyası və bu kolleksiyanın yaxın vaxtlarda Özbəkistanda təqdim olunacağı barədə məlumat verib. Tanınmış özbək jurnalist Şöhrət Salamov “Eurasia Diary” analitik informasiya portalı adından Fəxriyyə Xələfovadan müsahibə alıb. AZƏRTAC həmin müsahibənin yazılı və video versiyasını təqdim edir.

 – Fəxriyyə xanım, görürəm ki, özbək kolleksiyasının yaradılması üzərində böyük səylə çalışırsınız. Bu barədə öz təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? Sizin haqqınızda çox oxumuşam, bütün dünya Sizi tanıyır. Bilmək istərdim ki, azərbaycanlı Fəxriyyə Xələfova özbək mədəniyyətini, özbək ipəyini, özbək parçalarını, özbək rənglərini və özbək ruhu dünyasını necə qəbul edir?

– Bu cür xoş sözlərə görə təşəkkür edirəm. Mən özbək parçaları, özbək naxışları ilə həmişə maraqlanmışam. Özbək ipəyi məni hər zaman maraqlandırıb. Evimdə və ofisdə bir neçə nümunə var. Özbəkistandan kim gəlirdisə, deyirdim, özü ilə parça gətirsin. Buna görə də bir az parça toplaya bilmişəm. Amma artıq bu yay qarşıma məqsəd qoymuşam ki, özbək ipəklərindən ibarət kolleksiya toplayım. Bu ideyanı həyata keçirmək üçün mənə parça lazım idi. Şadam ki, dostlarım istəyimi yerinə yetirib, mənim zövqümə uyğun parçalar gətiriblər və mən bu kolleksiya üzərində işləməyə başlamışam. Deyə bilərəm ki, bu iş məni başqa bir dünyaya aparıb. Mən özüm üçün tamamilə yeni bir aləm, yeni rəng, yeni çalarlar kəşf etmişəm. Hər zaman özbək parçalarına baxanda təəccüblənirdim ki, bu rəngləri necə sintez etmək olar? Bunun üçün, əlbəttə ki, böyük ustalıq, istedad və şübhəsiz, əsrlərboyu formalaşmış millilik tələb olunur. Onun Özbəkistanda ilkin formasında qorunub saxlanılması çox yaxşı haldır. Bu, əslində çox böyük ilham mənbəyi və iş üçün çox yaxşı materialdır.

– Özbəkistan barədə təəssüratlarınız necədir? Özbək xalqı haqqında danışılanda, yazılanda və ya televiziyada göstəriləndə bu ölkə haqqında hansı təəssüratlarınız yaranır?

 – Mən böyük məmnuniyyətlə bu gözəl ölkə barədə təəssüratlarım, onların necə formalaşdığı barədə danışacağam. Əlbəttə ki, ən parlaq təəssüratlar uşaqlıq dövrü və gənclik illəri ilə bağlıdır. Təəssüf ki, özüm hələ ki Özbəkistanda olmamışam. Lakin evimizdə çoxlu şəkillər var və mən sizə bu şəkillərin tarixçəsini danışacağam. Uzun illər əvvəl anam və bacım tətili Özbəkistanda keçiriblər. Bu, onların böyük arzusu idi. Mən orta məktəbdə oxuyurdum, bacım isə ali məktəbdə təhsil alırdı. Anam ali məktəbdə dərs dediyi üçün məktəb və universitet tətilləri üst-üstə düşmürdü. Ona görə də anam tətildə Özbəkistana bacımla getdi. Onların səfərə necə hazırlaşdıqlarını, həmin vaxt yaşanan emosiyaları və gedə bilmədiyim üçün necə pis olduğumu xatırlayıram. Bir daha demək istəyirəm ki, Özbəkistana getmək anamın böyük arzusu idi. Onlar gəzməli-görməli yerlərdə olmuş və fotolar çəkdirmişdilər. Anam foto sənətinin böyük həvəskarı idi. O, özü şəkil çəkirdi, fotoaparat həmişə yanında olurdu. Bütün o gözəlliklərin fonunda öz şəkillərini çəkdirmiş, təbii ki, bədii şəkillər də çəkmişdi. Onlar Səmərqənddə olmuşdular. Həmin şəkillərə mən uzun müddət tamaşa edirdim, yəqin onlar mənim emosiyalarıma təsir edirdi. Buna görə də mən həmişə Özbəkistana getmək istəmişəm. Belə alındı ki, anam bacımla orada oldu, mən isə yox. Hələ ki, arzum həyata keçməyib. Lakin artıq anlayıram, hiss edirəm ki, tezliklə Özbəkistana gedəcəyəm. Özbəkistana təkcə turist kimi deyil, yaradıcı insan kimi getmək və öz sənətimlə bölüşməyə şad olaram. Əlbəttə ki, moda sənəti ilə. O dünyəvidir və dili yoxdur. Podiumda biz sənətimizi sözsüz nümayiş etdiririk, modellər gözəl musiqi sədaları altında sakit gəzirlər, lakin 15-20-30 dəqiqəlik qısa zaman kəsiyində biz teatr rejissorları kimi susmaqla çox şey deyə bilirik. Modelyerlər məhz belə işləyir. Bu səbəbdən də düşünürəm ki, tezliklə öz dilsiz sənətimi modanın dili ilə Özbəkistanda göstərəcəyəm. Mənim üçün ən vacibi Özbəkistanda öz sənətimin dili ilə uşaqlıq illərimdən qalan ən gözəl xatirələri əks etdirməkdir.

– Bildiyimiz kimi, Azərbaycan və Özbəkistan qardaş və dost ölkələrdir. Lakin modelyer kimi özbək ipəyini bütün dünyaya təqdim etmək hər kəsə nəsib olmur. Xahiş edirik, bu barədə də danışasınız.

 – Karyeramın başlanğıcında sənətimi Azərbaycanda, xüsusilə Bakıda nümayiş etdirməyə çalışırdım. Bütün təqdimatlarım Bakıda keçib. Ancaq mən həmişə qarşıma böyük məqsəd və hədəflər qoymuşam. İstəmişəm elə bir səviyyəyə çatam ki, öz kolleksiyamı Parisdə nümayiş etdirə bilim. Əlbəttə ki, Paris modanın mərkəzidir və bu, hamıya bəllidir. Parisdə ilk nümayişim 1997-ci ildə “Ethnical Fashion” festivalı, yəni etnik tendensiyaların nümayişi çərçivəsində baş tutub.

 Əlbəttə ki, bütün etnik tendensiyalar müasir moda ilə sintez olunmalıdır. Parisdə moda nümayiş etdirmək lazımdır və bu, aksiomdur. Mən özbək parçaları və ipəkləri üzərində işləməyə başlamışam. Hesab edirəm ki, bu kolleksiyanı mütləq beynəlxalq podiumlarda göstərəcəyəm. İstəyirəm, bu gözəlliyi dünya ilə bölüşəm. Bunu mütləq edəcəyəm, bu, mənim hədəflərimdən biridir. Lakin bundan əvvəl Bakıda və Özbəkistanda mütləq təqdimat edəcəyəm. Düşünürəm ki, hər bir orijinal, milli sənətdən istifadə olunmalıdır. Onu dünya ictimaiyyətinə göstərmək lazımdır.

– Dizayner Fəxriyyə Xələfovadan savayı, ətriyyatçı Fəxriyyə Xələfova da var. Siz bir çox qadın və kişi ətirlərinin yaradıcısısınız. Xahiş edirəm deyəsiniz, bu, necə baş verir?

  • 2010-cu ildə mən “FX Beauty company” ətriyyat şirkətinin əsasını qoymuşam. Şirkəti yaratdıqdan sonra qadın və kişi ətirlərini istehsal etməyə başladım. Hazırda 5 qadın və bir kişi ətrini təqdim etmişəm. Şübhəsiz, beşillik təcrübə və ətriyyatçı, eləcə də bu sahədə biznes-ledi kimi mən öz ətirlərim və prinsipcə ətriyyat biznesi barədə təsəvvürə malikəm. Buna görə də bu istiqaməti inkişaf etdirməyə, yeni ətirlər yaratmağa və öz biznesimi formalaşdırmağa çalışıram. Həmçinin öz ətirlərimi digər ölkələrdə nümayiş etdirmək üçün səy göstərirəm. Hər şeydən əvvəl, mən dost və doğma, özümüzə yaxın bildiyimiz ölkələrə güvənirəm. Buna görə də Özbəkistan, ətirlərimi orada necə təqdim edəcəyim barədə ciddi düşünürəm. Mən özümü həm dizayner, həm də ətriyyatçı kimi təqdim etmək istəyirəm. Onun üçün də bu haqda çox ciddi düşünmüşəm. Mənə elə gəlir ki, ətriyyat sahəsində Özbəkistanda növbəti addımım mənə maddi və mənəvi məmnunluq bəxş edəcək. Çünki mən öz sənətimi gözəl özbək rəfiqələrimlə və özbək qadınlarla bölüşəcəyəm. Ümid edirəm ki, onlar mənim ətirlərimi bəyənəcəklər. Ən böyük arzum budur ki, bütün xalqlar sülh içində yaşasın, həmişə sülh və əmin-amanlıq olsun. Bu, çox önəmlidir. Dövlət inkişaf edəndə orada mədəniyyət və incəsənət də inkişaf edir. İrəliləyiş müşahidə edilir. İstedadlı və ağıllı insanlar öz imkanlarını göstərə bilirlər. Ona görə də bütün dünyaya xoşbəxtlik, əmin-amanlıq və tərəqqi arzulayıram. Müstəqillik əldə edən bütün dövlətlər müəyyən tarixi mərhələ keçiblər, böyük uğurlar əldə ediblər. Bu, mübahisə olunmaz və mühüm faktdır. Belə bir müasir müstəqil inkişaf mərhələsini keçmək və müəyyən nailiyyətlər əldə etmək xoş bir haldır. Mən Özbəkistan vətəndaşlarına böyük uğurlar, inkişaf və xoşbəxtlik arzulayıram. Xanımlara isə qadın xoşbəxtliyi diləyirəm, çünki bu, çox vacibdir. Qadınlar bəşəriyyətin gözəllik yaradan, həyat bəxş edən gözəl yarısıdır. Buna görə də özbəkistanlı rəfiqələrimə xoşbəxtlik, sağlamlıq, gözəllik arzulayıram. Əminəm ki, Özbəkistanda kifayət qədər gözəllik var. İstəyirəm ki, o gözəllik daha da parlasın. Yekunda hamıya belə bir gözəllik arzulayardım.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında