Rusiya ermənilərinin tanınmış rus tarixçisi Oleq Kuznetsova qarşı başlatdqları növbəti bədnam məhkəmə kampaniyası bu ölkədə yaşayan soydaşlarımızı da həqiqət carçısı olan tədqiqatçının müdafiəsinə qaldırıb. Xəbər verdiyimiz kimi, O. Kuznetsovun erməni terrorizmi barədə yazdığı “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabı ona qarşı məhkəmə iddiasının qaldırılmasına səbəb olub. Rusiyada fəaliyyət göstərən erməni lobbisinin qabağa verdiyi vəkil Ruben Kirakosyan “məzmununda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulan etnik nifrət hissini alovlandıran əlamətlərin olduğunu” iddia edərək, həmin monoqrafiyanı yoxlamaq üçün cinayət işinin açılması barədə Moskva hüquq mühafizə orqanlarına müraciət edib.
Xatırladaq ki, 2015-ci ildə kitabın araşdırılmasına dair dörd ay çəkən analoji prosedur nəticəsində heç bir qanun pozuntusu aşkarlanmamışdı. İndiki məhkəmə baxışında Oleq Kuznetsovu soydaşımız olan tanınmış moskvalı vəkil Elman Paşayev müdafiə edəcək.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun müxtəlif dillərdə yayımlanan “Eurasia Diary” informasiya analitik portalının müxbiri Natalya Quliyeva bugünlərdə Bakıda olan Elman Paşayevlə görüşüb Rusiya paytaxtında erməni lobbisinin qəsdən siyasiləşdirdiyi məhkəmə qalmaqalının hüquqi aspekti ilə bağlı soydaşımızdan müsahibə alıb. “Eurasia Diary”nin redaksiyamıza ünvanladığı həmin söhbəti “Xalq qəzeti”nin oxucularına təqdim edirik.
Moskvalı vəkil Elman Paşayev: Oleq Kuznetsova cinayət işi açılmayacaq
– Cənab vəkil, siz Oleq Kuznetsovla necə tanış olmusunuz?
– Özbək tarixçisi, publisist Şöhrət Barlası ermənilərin hücumlarından müdafiə etmiş beynəlxalq dərəcəli vəkil, yaxın dostum Muxtar Mustafayev Oleq Kuznetsovu müdafiə etməyi məndən xahiş etdi. Şübhəsiz, mən Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bir insanı müdafiə etməkdən imtina edə bilməzdim, bu mənim üçün şərəfdir. Düşünürəm ki, azərbaycanlı olan hər kəs mənim yerimdə olsaydı, belə edərdi.
Oleq Kuznetsovla görüşənə kimi çoxları mənə onun erməni xalqının əleyhinə yazılar yazdığını demişdi. Lakin o, kifayət qədər elmi əsaslarla danışan savadlı insan təəssüratı yaratdı. O, özündən nəsə yazmır, yalnız çoxsaylı mənbələrin təsdiqlədiyi tarixi faktlarla danışır.
Oleq Kuznetsovu sosial şəbəkədə həmişə oxumuşam. Əslində, onun problemini başa düşürdüm. Hamı erməni lobbisinin dünyadakı fəaliyyyətindən xəbərdardır. Məsələn, Rusiyada bütün dövlət strukturlarında, hətta ən yüksək vəzifələrdə ermənilər çalışır. Bu ölkə KİV-nin də, faktiki olaraq, onlar tərəfindən idarə edildiyini demək olar.
Rus alim millətin deyil, terrorizmin əleyhinə yazır. Tariximiz bizim sərvətimizdir. Biz ondan qopa bilmərik. Kuznetsovla uzun söhbətimiz oldu, ona hüquqi məsləhət verdim. Elə hesab edirəm ki, yalnız borcumu yerinə yetirmişəm.
Oleq Kuznetsovun əsaslandırılmış cavablarından sonra məhkəmə iddiasından imtina edilmişdi. Lakin müstəntiqlə görüşdən iki saat sonra “yalançı rus siyasətçisi”ni “yalançı azərbaycanlı vəkil”in müdafiə etməsi ilə bağlı sifarişli məqalə dərc olundu. Belə ki, erməni lobbisinin dəstəklədiyi ağır proses başlamış oldu. Beləcə şəxsiyyətin ləkələnməsinə yönələn təxribatçı mexanizm işə düşdü.
Vəkil kimi bəyan edirəm ki, Oleq Kuznetsovu təmənnasız müdafiə edirəm. Bundan əlavə, onun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabı ilə tanış olduqdan sonra Kuznetsova monoqrafiyasının ABŞ-da, xüsusilə də etnik ermənilərin sıxlıq təşkil etdiyi Kaliforniyada nəşr olunması xərclərinin ödənilməsi təklifini verdim.
– Kuznetsov məsələsi öz həllini tapıbmı?
– Yaxın zamanda Moskvanın Qərb dairəsi üzrə istintaq komitəsinin cinayət işini qaldırımasından rəsmi şəkildə imtina etməsi barədə bəyanatını gözləyirik.
– Kuznetsov erməni təqibindən əziyyət çəkən yeganə adam deyil. Yəqin ki, sizə buna bənzər hallar tanışdır...
– Moldovanın eks-ombudsmanı və hüquq müdafiəçisi Aureliu Qriqoriuya qarşı da ölkənin erməni əhalisi arasında ayrı-seçkilik salması ittihamı irəli sürülmüşdü. Özbəkistanın tanınmış tarixçisi Şöhrət Barlas da 10 maddə üzrə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Yüksək ixtisaslı vəkillər Fatimə Piriyeva və Muxtar Mustafayev onun hüquqlarını müdafiə edirdilər. Özbəkistan Prokurorluğu cinayət işinin açılmasından imtina etdi. Bu yaxınlarda sumqayıtlı Rusiya vətəndaşı, politoloq Denis Korkodinova Dağlıq Qarabağ konfliktini işıqlandırdığı üçün təhdid dolu zənglər edilib.
– Bu erməni təqib və qarayaxmalarını nə birləşdirir və siz nə məsləhət görərdiniz?
– Erməni lobbisinin hücumlarına məruz qalan istənilən şəxsə öz hüquqlarını müdafiə etmək və qanunsuzluğun qarşısını almaq üçün peşəkar vəkilə müraciət etməyi məsləhət görərdim. Çünki onların fəaliyyəti rəsmi xarakter daşımır və insan amilinə söykənir.
Vəkilin vəzifəsi odur ki, müdafiə edilən şəxs üçün maksimum rahat şərait yaratsın. Vəkil çalışmalıdır ki, müstəntiq bir sualı iki dəfə və hətta bir az da olsa yüksək tonda verməsin. Müstəntiqlə olan söhbət mütləq sənədləşdirilməlidir.
Məhkəmə müdafiəsi incə bir prosesdir! Dünyada və eləcə də, Rusiyada qüvvədə olan qanun normalarını tətbiq etmək lazımdır.
Oleq Kuznetsov: Ruben Kirakosyan erməni terrorizminin vəkilidir
Oleq Kuznetsovun məhkəmə işinin hüquqi tərəfləri barədə vəkil Elman Paşayevlə söhbətdən sonra “Eurasia Diary”nin müxbiri qalmaqalın siyasi aspektləri barədə monoqrafiyanın müəllifinin özü ilə-– Oleq Kuznetcovla söhbət edib.
– Bu günlərdə rus istintaq orqanları ilə əlaqədar sizə hüquqi yardım göstərən vəkil Elman Paşayev redaksiyamızda olub. Bu görüşdə məsələnin hüquqi tərəfi az-çox bizə məlum oldu. İndi biz sizin məsələyə münasibətinizi öyrənmək istəyirik.
– İlk növbədə, bütün işlərimdə məni dəstəkləyən portalınıza təşəkkür edirəm. Hazırda ermənilər tərəfindən növbəti dəfə təqib obyekti olduğum zaman siz susmadınız və bundan yan keçmədiniz. Bütün bunlar mənim üçün çox xoşdur.
Bildiyiniz kimi, bu, Rusiya ermənilərinin məni siyasi mövqeyimə görə cinayət məsuliyyətinə cəlb etməklə bağlı ilk cəhdi deyil. Buna görə də bu məsələlərdə müəyyən həyati və praktik təcrübə qazandıqdan sonra artıq onların hər hücumuna emosiyasız yanaşmağa öyrəşmişəm. Hamı bilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının maraq obyektinə çevriləndə, situasiya heç kim üçün xoşagələn olmur. Lakin bu o demək deyil ki, mən mübarizə aparmayacağam. Ağlıma Redyard Kiplinqin “Cəngəlliklər kitabı”ndan bir sitat gəldi. Ayı Balu itlərlə döyüşən Mauqliyə deyir: “Bu yadda qalan ov olacaq!” Bu gün məhz bu hissləri keçirirəm.
Amma hələ ki, mən və təkcə mən deyil, Elman Paşayevin və rus, azərbaycanlı, yəhudi familyalı bir neçə moskvalı vəkilin də daxil olduğu komandam da qazın ovçuya dönə biləcəyi anı gözləyirik. Bütün məsuliyyətimlə bəyan edirəm ki, bu işi başlayan erməni vəkil Ruben Kirakosyan bir müddət sonra öz xidmətlərinə görə Rusiya qanunvericiliyinə uyğun olaraq layiqli cavabını alacaq və Rusiyadakı heç bir erməni lobbisi, erməni mafiyasının pulu onun məsuliyyətdən qaçmasına kömək edə bilməyəcək.
– Fikrinizcə, sizi təqib etməkdə onların məqsədi nədir?
– Mən telepat deyiləm, buna görə də iyulun 10-da Rusiya İstintaq Komitəsinin vətəndaş qəbuluna gələrək məndən şifahi şəkildə şikayət edən Ruben Kirakosyan və onun tayfasını nəyin idarə etdiyini öyrənmək üçün onun beyninə girə bilmərəm. Bu görüşün bütün detalları mənə məlumdur. Kim nə danışıb, kim nə təklif edib, kim hansı cavabı alıb. Sentyabrın 10-da prosessual müddət başa çatır. Moskvanın Qərb dairəsi üzrə istintaq komitəsinin xüsusi əhəmiyyətli işlər üzrə müstəntiqi A.Berlev bu şifahi müraciətin araşdırılmasının nəticələrilə bağlı öz mövqeyini ortaya qoyacaq. Bundan sonra həm hüquqi, həm də siyasi meydanda görəcəyimiz işlər bizim üçün aydın olacaq. Situasiyanın inkişafından asılı olaraq, bizim müdafiə və hücuma dair bir neçə planımız var və onlardan birini mütləq həyata keçirəcəyik.
Biz Ruben Kirakosyanın bəyanatına Rusiya Prezidenti Vladimir Putinin də tez-tez işlətdiyi yalnız bir “assimetrik cavab” verməklə kifayətlənməyəcəyik. Vəkil Elman Paşayevin də sizin portala bildirdiyi kimi, o, mənim monoqrafiyamı ABŞ-da maliyyələşdirəcək. İngilis dilində tərcüməsi artıq var və bu dildə ilk nəşri Berlində oldu. Lakin növbədə ABŞ-dır. Rusiya hüquq-mühafizə orqanlarının tədqiqat predmeti olması bu ölkədə monoqrafiyamın ən yaxşı reklamına çevriləcək. ABŞ-da antirusiya təşviqatı aparan qüvvələr az deyil. Ruben Kirakosyan isə onlara Kremlin üzərinə kölgə salmaq üçün növbəti əsas verib.
ABŞ-da az adam monoqrafiyamın həsr olunduğu erməni terrorizmi barədə düşünür. Bundan sonra isə bu ölkədə hamı car çəkəcək ki, Rusiya hökuməti ermənilərin cinayətləri barədə həqiqəti yazan alimi təqib edir. Bu mütləq baş verəcək və sonra baxacağıq Kirakosyanın Moskvada başına nə gəlir. Görək, o daha çox itirəcək, yoxsa mən. Belə bir deyim var: “Külək əsdirən fırtına biçər”. Amma mən əminəm ki, nə Kirakosyan, nə də onu idarə edən erməni oliqarxlar düşünməyiblər ki, situasiya bu ssenari üzrə inkişaf edər. Ssenari isə inkişaf edəcək, əsas məsələ ondadır ki, müstəntiqin qərarı necə olacaq və Rusiyaya ermənilər bu mənada hansı siyasi zərəri vermiş olacaq.
– Siz demək istəyirsiniz ki, hüquqi yox, siyasi təqibin qurbanısınız?
– Gəlin, böyük sözlərsiz və pafossuz ötüşək. Son illər erməni lobbisi həmişə məni siyasi təqibə məruz qoyub, hüquqi təqibdən isə hələ ki, söhbət getmir. Müstəntiq, mənim fikrimcə, hələ ki öz işini düzgün və peşəkarcasına görür. Nəticələri bir aydan sonra biləcəyik. O vaxta kimi isə hər hansı qiymət vermək düzgün olmaz. Bu, istintaq prosesinə təzyiq kimi görünə bilər. Buna görə də bu barədə bir söz deməyəcəm, lakin onu deyim ki, söhbətimiz zamanı Aleksandr Berlev məndə güclü təəssürat yaratdı. Müstəqil və peşəkar müstəntiqdir. Lakin, bir ay sonra hər şey dəyişə bilər.
Məsələnin siyasi tərəfinə gəldikdə isə ermənilərin mənə qarşı olan iddiaları, ilk baxışdan göründüyü kimi, aydın deyil. Səbəbi daha dərində, onların ədalət anlayışının yanlış qavramasındadır. Heç kim üçün sirr deyil ki, bütün ermənilər özlərini “ən qədim xalq” hesab edir və “sivilizasiyanın ali təbəqəsinə məxsus olduqlarını” düşünürlər. Buna görə də onlara ünvanlanmış istənilən tənqidi prinsip etibarilə qəbul etmir və əgər milli maraqlarına uyğun saydıqları istənilən cinayəti isə “haqq işi” sayırlar.
Məhz buna görə törətdikləri terrorizmi “qəhrəmanlıq”, terroristləri “qəhrəman”, məni isə “düşmən” hesab edirlər. Ona görə də mənim simamda düşmən görməklə yalnız erməni terrorizmini müdafiə etmir, eləcə də siyasi məqsədlərini və ya milli maraqlarını terrorizmlə həyata keçirərkən şüuraltılarında haqlı olduqlarını düşünürlər. Odur ki, məsələ məndə deyil, Ruben Kirakosyan əsas etibarilə ermənilərin düşündükləri “cəzasız terrorist” olma hüququnu müdafiə edir. Bütün dünyanın bu hüququ qəbul etməməsi və etməyəcəyi onlara maraqlı deyil.
Müsahibə Oleq Kuznetsovun bu sözləri ilə bitir:
– Bu mövzuda hətta mənim əleyhimə istintaqa qədərki yoxlamanı aparan Ruben Kirakosyanın da bilmədiyi daha bir vacib məqam var: o məni erməni terrorizmi barədə həqiqəti dediyim üçün cəzalandırmağa çağırıb. Rusiyanın “Ekstremist fəaliyyətə qarşı mübarizəyə dair” federal qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə, bu ekstremist fəaliyyətin əlamətlərindən biri sayılır və yoxlama başa çatan kimi mən Kirakosyanı ekstremist fəaliyyətdə günahlandıracağam. O zaman onun dediyi hər şeydən və sənədləşdirdiyi bütün sözlərdən, fikrimcə, artıq onun ittiham olunması üçün sübut kimi istifadə olunacaq.
O dava istəyirdi, onu görəcək, bizim heç birimiz bu situasiyada uduza bilmərik. Bütün maskalar çıxarılanda “həqiqət anı” gəlir. Mən məhkəmədə Ruben Kirakosyanı ictimai şəkildə “erməni terrorizminin vəkili” adlandıracağım günü gözləyirəm.
Çapa hazırladı:
T. AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.