Vergi ödəyicilərinə yanaşma dəyişir

Son illər digər sahələrdə olduğu kimi, vergi sistemində də ciddi dəyişikliklər baş verib. Vergilər nazirinin müavini İlkin Vəliyev söhbətimizin əvvəlində bununla bağlı dedi:

– Vergi sahəsində aparılan islahatlar ölkədə həyata keçirilən çoxşaxəli iqtisadi islahatların tərkib hissəsidir. Vergi iqtisadiyyatın tənzimlənməsinə və inkişafına təsir edən mexanizmlərdən biridir. Buna görə də bu sahədəki islahatlar iqtisadi inkişafın sürətləndirilməsi üçün mühüm şərtdir.  

Sahibkarlığın inkişafı və ölkənin yeni iqtisadi inkişaf fazasına keçməsi isə vergi sahəsində islahatların aparılmasına zərurət yaradıb.  Prezident İlham Əliyevin 4 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilib  və Vergilər Nazirliyinə vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı bir sıra tapşırıqlar verilib.

Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergitutmanın optimallaşdırılması, vergi yükünün azaldılması, vergi güzəştlərinin səmərəsinin artırılması, çevik vergi inzibatçılığının qurulması, vergi nəzarətinin risk meyarları əsasında həyata keçirilməsi və elektron auditin genişləndirilməsindən ibarətdir. Əsas məqsəd vergi orqanlarının xidmətlərinin səviyyəsinin artırılması, vergidən yayınma hallarının azaldılması və könüllü vergi ödəmələrinin artırılmasıdır.

– Vergi Məcəlləsində ilin əvvəlində edilən əlavə və dəyişikliklər barədə nə deyə bilərsiniz?

– Vergi Məcəlləsində  dəyişikliklər, əsasən, vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot sisteminin şəffaflaşdırılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və vergi yükünün azaldılması ilə bağlıdır. 

Bunlardan  vergi yükünün azaldılması, o cümlədən vergi güzəşt və azadolmaları ilə bağlı  dəyişikliklər xüsusi əhəmiyyətə malikdir. Məsələn, buğda unu və çörək istehsalı və satışı, eləcə də quş ətinin satışı 3 il müddətində ƏDV-dən azad edilib. Bu dəyişikliklər rəqabət mühiti yaratmaqla kənd təsərrüfatı məhsullarının idxalının azaldılmasına və ölkədə  həmin  məhsullarının istehsalının artımına yönəlib.

Bundan əlavə, indiyədək kənd təsərrüfatı məhsulları istehsalçılarının əlavə dəyər vergisindən azad edilməsinə baxmayaraq, pərakəndə qaydada satılarkən həmin məhsulların tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilirdi və bu da müəyyən qiymət artımına səbəb olurdu.

Dəyişikliklərə əsasən, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq üçün ölkədə  istehsal edilmiş kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti ilə məşğul olan sahibkarlar tərəfindən satışı zamanı ƏDV-yə yalnız həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərq, yəni ticarət əlavəsi cəlb olunur.

Digər dəyişikliklərə görə, ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi ƏDV-dən 3 il müddətinə, icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirləri mənfəət vergisindən müddətsiz azad edilmiş, banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 5 ilə qədər artırılıb. Bu dəyişikliklər sahibkarlıq və investisiya mühitinə müsbət təsir göstərəcəkdir.

Məcəllədə əsas dəyişikliklərdən biri də topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi, elektron qaimə-fakturanın və digər uçot sənədlərinin tətbiqidir. Bu, nəticə etibarilə mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsinə, vergidən yayınma hallarının aradan qaldırılmasına və uçot sistemində şəffaflığın  artmasına şərait yaradır.

– Vergi Məcəlləsinə edilmiş dəyişikliklər arasında iş adamları üçün xüsusi maraqlı olanı gəlirlərin könüllü bəyan edilməsi idi. Bu mexanizm özünü doğruldurmu? İndiyədək gəlirlərini könüllü bəyan edənlər olubmu və onların sayı nə qədərdir?

– Vergi Məcəlləsinə könüllü vergi açıqlaması sisteminin tətbiqi ilə bağlı müddəalar beynəlxalq təcrübə nəzərə alınmaqla əlavə edilib.

Könüllü vergi açıqlaması dedikdə səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməmiş və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi nəzərdə tutulur.

Dəyişikliyə qədər qüvvədə olan qanunvericilikdə vergi ödəyicisinin dəqiqləşdirilmiş vergi bəyannaməsini səyyar vergi yoxlaması başladığı günədək vergi orqanına təqdim edə bilməsi nəzərdə tutulurdu. Lakin dəyişiklik vergi ödəyicilərinə imkan verir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən aşkar edilməmiş və əlavə vergi hesablanmasına səbəb olacaq halları könüllü şəkildə bəyan etsin və səyyar vergi yoxlamasının aparıldığı dövrə görə dəqiqləşdirilmiş bəyannamə təqdim etsin. Təqdim edilmiş həmin bəyannamə üzrə yalnız könüllü açıqlanmış vergi məbləği büdcəyə ödənilir, həmin məbləğə faiz hesablanmır və maliyyə sanksiyası tətbiq edilmir.

Ötən dövr ərzində bir vergi ödəyicisi tərəfindən könüllü bəyannamə təqdim edilərək dövlət büdcəsinə 15.816 manat vəsait hesablanıb.

– Maraqlı yeniliklərdən biri də əvvəlcədən razılaşma mexanizmi idi...

– Elədir. Məlumdur ki, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməməsi nəticəsində maliyyə sanksiyalarının ödənilməsi onların  əlavə maliyyə itkilərinə səbəb olur. Vergi Məcəlləsinə edilmiş dəyişiklərdə belə halların qarşısının alınması və vergilərin güzgün hesablanaraq ödənilməsini təşviq etmək məqsədilə, vergi ödəyiciləri tərəfindən aparılması nəzərdə tutulan əməliyyatlar üzrə yaranacaq vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi ilə bağlı mexanizmi nəzərdə tutulub.

Bu mexanizmə əsasən, vergi orqanı tərəfindən vergi ödəyicisinin müraciəti əsasında  iri məbləğli müqavilələr üzrə yaranacaq vergi öhdəlikləri həmin müqavilədə nəzərdə tutulmuş əməliyyatlar aparılanadək müəyyən edilir. Həmin müqavilə üzrə sonradan müəyyən edilmiş vergi öhdəliklərindən əlavə vergilər hesablanmır və maliyyə sanksiyaları tətbiq edilmir.

Bu mexanizm bir çox  dövlətlərin, o cümlədən Almaniya, Fransa, Avstriya, Belçika, Kanada, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Macarıstan, İsrail, İtaliya, Yaponiya, Niderland, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ və s. ölkələrin vergi qanunvericiliyinə daxil edilmişdir.

– Bu ilin əvvəlində “Nağdsız hesablaşmalar haqqında” Qanun qüvvəyə minib. Bu qanunun qəbulundan sonrakı dövrdə nağdsız ödənişlərin dövriyyəsi artıbmı?

– Bu gün “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi öz müsbət nəticəsini verir. Belə ki, qanunun tətbiqi  nəticəsində  iqtisadiyyatın bütün sahələrində nağdsız ödənişlərin dövriyyəsinin artmasına, xərclərin şəffaflığının təmin edilməsinə, gəlirlərin, əmək haqqlarının və digər ödənişlərin leqallaşmasına və digər iqtisadi göstəricilərinin yüksəlməsinə şərait yaranıb. Bu isə vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanıb ödənilməsi, vergidən yayınma hallarının azalması və vergi sahəsində şəffaflığın artmasına səbəb olub. Konkret rəqəmlərə müraciət edək. Məsələn, cari ilin ötən aylarında mal, iş və xidmətlərin alınmasına görə nağd pul məxarici 62,6 faiz, ticarət müəssisələri üzrə 67,5 faiz, əmək haqqı və digər ödənişlər üzrə 75,3 faiz azalıb.

Qanunun gələcək tətbiqi qeyd edilən sahələrdə səmərəliliyin daha da artmasına imkan yaradacaqdır.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında