Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri 2017-ci il avqustun 7-də Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törətdikləri növbəti təxribat nəticəsində Qaralar kənd sakini 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlu qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.
Bu hadisə işğalçı Ermənistanın mülki əhalinin, xüsusən də qadınların və uşaqların qətlə yetirilməsi ilə nəticələnən növbəti hərbi cinayətidir. Belə ki, 2017-ci ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi qəsdən ağır silahlardan atəşə tutulmuş, nəticədə 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdı.
2016-cı ilin 2-5 aprel tarixlərində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələrinin, məktəb və digər sosial obyektlərin ağır artilleriyadan, iriçaplı silahlardan intensiv atəşə tutulması nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralanmış, arasında uşaq olmaqla 6 nəfər həlak olmuşdur.
Göründüyü kimi, bugünədək törətdiyi cinayətlərə görə cəzasız qalan, heç bir sanksiya ilə üzləşməyən Ermənistan bundan ruhlanaraq, yeni-yeni cinayətlər törətməkdədir.
Ermənistanın törətdiyi bu hərbi cinayətlər nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, Cenevrə konvensiyalarının, o cümlədən müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasının, BMT-nin uşaq hüquqları haqqında konvensiyasının və digər sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.
Bu hadisələr bir daha Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini təsdiqləyərək, beynəlxalq hüquq normalarına, o cümlədən bilavasitə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması ilə bağlı BMT-nin məlum 4 qətnaməsinə, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli qətnaməsinə, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsinə və 1690 saylı tövsiyəsinə saymazyana münasibət göstərdiyini sübut edir.
Qeyd etmək istərdim ki, Azərbaycan tərəfi dəfələrlə təcavüzkar Ermənistanın törətdiyi hərbi cinayətləri təsdiqləyən sübut və dəlilləri beynəlxalq təşkilatların diqqətinə çatdırmışdır. Eyni zamanda, Ombudsman Elmira Süleymanova bu hadisələrlə bağlı bəyanatlar qəbul edərək, müvafiq beynəlxalq təşkilatlara müraciətlər etmişdir.
Lakin təəssüflə qeyd olunmalıdır ki, beynəlxalq təşkilatların susqunluq nümayiş etdirməsi, cinayətkarın cəzalandırılması istiqamətində hər hansı bir fəaliyyət göstərməməsi günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən yeni cinayətlərin törədilməsinə səbəb olmaqdadır.
BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, BMT üzvünə qarşı edilən təcavüzün qarşısı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən dərhal və qətiyyətlə alınmalıdır.
Eyni zamanda, BMT Nizamnaməsinə görə, hər bir ölkənin təcavüzə qarşı müdafiə hüququ vardır.
Aprel hadisələri zamanı Azərbaycana qarşı edilən təcavüzün qarşısının alınmasında beynəlxalq birlik gözləmə mövqeyi tutduğundan BMT Nizamnaməsinə uyğun olaraq təcavüzə qarşı müdafiə hüququndan istifadə edən Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımı addımlar atmışdır.
Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq cinayətləri törətmiş işğalçı Ermənistanın BMT Nizamnaməsinə müvafiq surətdə cəzalandırılmasına nail olmalıdırlar. Əks– halda, Azərbaycan bir daha BMT Nizamnaməsinə uyğun olaraq təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək cinayətkarı özü cəzalandıracaqdır.
Aydın SƏFİXANLI,
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.